Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:40

AKP-li deputatlar Bakıya gəlməyəcəklər


«AKP-nin mövqeyini artıq baş nazir Rəcəb Tayyib Ərdoğan ifadə edib»
«AKP-nin mövqeyini artıq baş nazir Rəcəb Tayyib Ərdoğan ifadə edib»
AKP-dən olan millət vəkilləri aprelin 15-də «Türkiyə və Azərbaycan, ortaq maraqlar və problemlər» mövzusunda Bakıda keçiriləcək forumda iştirak etməyəcəklər.

Böyük Millət Məclisində Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, hakim AKP-nin Konyadan olan təmsilçisi Mustafa Kabakçı «Azadlıq» radiosunun İstanbuldakı müxbiri Mais Əlizadə ilə söhbətində belə deyib.

AKP və Türkiyə parlamentində təmsil olunmuş iki digər partiyanın nümayəndələrini Bakıya Milli Məclisin azlıqda olan partiyaları dəvət edib. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Türkiyənin hakim partiyasının da dəvətlilər arasında olduğunu deyib.

Lakin Kabakçı deyir ki, sözügedən forumda iştirak üçün Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri onlara rəsmi dəvət göndərməlidir. Ən əsası isə belə bir səfər üçün AKP-nin səlahiyyətli orqanları qərar verməlidir.

Mustafa Kabakçının sözlərinə görə, əslində Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı müzakirə etməli bir şey də yoxdur. Çünki bu barədə AKP-nin mövqeyini baş nazir Rəcəb Tayyib Ərdoğan ifadə edib. Və məsələnin nə yerdə olduğunu Azərbaycanda da hamı bilir.

AVP sədri, deputat Fəzail Ağamalı isə deyir ki, Türkiyədə olarkən Mustafa Kabakçı onun dəvətini qəbul etmişdi. Və bir qrup AKP-dən olan millət vəkili ilə bu toplantıda iştirak edəcəyini bildirmişdi. Ancaq indi fikrini dəyişibsə, bu qərara da hörmətlə yanaşır.

Aprelin 15-də Bakıda keçiriləcək forumda Türkiyə parlamentində təmsil olunan üç partiya – AKP, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının nümayəndələri iştirak etməli idi.

Əsas məqsəd Türkiyə-Ermənistan sərhədlərinin Dağlıq Qarabağ münaqişəsi çözülmədən açılmasının ehtimal olunan fəsadlarını müzakirə etməkdir. Fəzail Ağamalının sözlərinə görə, artıq Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarından Bakıya gələcək 7 nəfərin adı məlumdur. Türkiyəli deputatların Azərbaycana səfəri aprelin 17-də başa çatacaq.
XS
SM
MD
LG