Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:01

Zibilliyə atılan fəhlə xəstəxanada vəfat etdi


«Bakıda tikintidə təhlükəsizlik qaydalarının pozulması faktları tez-tez baş verir»

«Bakıda tikintidə təhlükəsizlik qaydalarının pozulması faktları tez-tez baş verir»

Bakıda fəhləlik edən Şəkinin Kiş kəndinin sakini Xanlar Mustafayev aprelin 13-də Kliniki Tibbi Mərkəzdə vəfat edib. Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, X.Mustafayev aprelin 9-da Moskva prospektində tikilən binalardan birinin yaxnlığındakı zibillikdən tapılıb. Nazirliyin məlumatına görə, «ilkin istintaq zamanı bəlli olub ki, «Tac-Mahal» tikinti şirkətinin tikdiyi binalardan birində fəhlə işləyən X.Mustafayev binanın liftinin şaxtasına yıxılıb, sonra şirkətin sədri Ruslan Əkbərov başqa şəxslərlə əlbir olaraq yaralı fəhləni tikintinin yaxınlığındakı zibilliyə atıb. İstintaqın ilkin qənaətinə görə, kooperativ sədri bunu izi itirmək məqsədilə edib».

Kliniki Tibbi Mərkəzin neyrocərrahı Almazxan Zeynalov «Azadlıq» radiosuna deyib ki, ölümün səbəbi xəstənin beyninin həddən artıq zədələnməsidir. Ancaq həkim xəstənin bu travmanı hansı şəraitdə almasını dəqiqləşdirməyin mümkün olmadığını bildirib:

«Xəstədə ağır açıq kəllə-beyin travması, gicgah-təpə sümüklərinin çoxsaylı qəlpəli və kəllə əsasına keçən sınığı, beyin yarımkürələrinin ağır dərəcəli əzilməsi aşkar edilmişdi. Problem odur ki, xəstənin beynində ağır dərəcəli əzilmə olub».

Xanların qardaşı Mehman Mustafayev isə qardaşının döyülərək öldürüldüyünə əmindir. Onun sözlərinə görə, qardaşı buna qədər Balakəndə fəhləlik edibmiş. Üç aya yaxındır ki, o, çörəkpulu ardınca Bakıya gəlib. M.Mustafayev deyir ki, qardaşının mobil telefonu olmadığından onunla yalnız Vəzir adlı iş yoldaşı vasitəsilə əlaqə saxlayırlarmış. İndi Vəzir həm Mehmanın ailəsindən, həm də istintaqdan yayınır:

- Dəfələrlə soruşmuşam, öyrənmək istəmişəm ki, hardadı iş yeriniz, həmin Vəzir deyilən şəxs bizə heç bir informasiya verməyib. Neçə aydır işləyib, pul ala bilməyib. Bəlkə də əməkhaqqı ilə bağlı hansısa mübahisə olub və qardaşım bu səbəbdən döyülüb.

Qardaşının sözlərinə görə, faktla bağlı Nəsimi rayon Polis İdarəsində istintaq aparılır. Mehman Mustafayev faktla bağlı qaldırılmış cinayət işi üzrə müstəntiq Azər İmanova ifadə verdiyini bildirsə də, Nəsimi rayon Polis İdarəsində belə bir müstəntiqin olmadığını bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirir ki, faktla bağlı qaldırılan cinayət işində hər hansı yenilik yoxdur, istintaq davam edir.

Nə qədər soraqladıqsa Bakıda «Tac-Mahal» adlı tikinti şirkətinin koordinatlarını tapa bilmədik. Nə internet resurslarında, nə də şəhərin ümumi məlumat bazasında şirkətlə bağlı heç bir bilgi yoxdur.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə bildirir ki, Bakıda tikintidə təhlükəsizlik qaydalarının pozulması faktları tez-tez baş verir. Ancaq bu faktlar ya ictimaiyyətdən gizlədilir, ya da bu məsələlərə görə heç kim məsuliyyətə cəlb edilmir.

S.Məmmədovun sözlərinə görə, ötən il 54 ölüm hadisəsi ilə bağlı cəmi 5 cinayət işi açılıb. Onlardan 4-nə məhkəmədə xitam verilib. Biri isə cərimə ilə cəzalandırılıb:

- Şirkətlərin xərci çoxdur, məcburdurlar ki, bu xərcləri hardansa kəssinlər. Ən yaxşı kəsmək yeri də əməyin mühafizəsi məsələləridir. İşəgötürən onu da bilir ki, bu məsələnin altından çıxa biləcək. İşəgötürənlər və onların arxasında duran tikintilərin sahibləri bu sahəyə xərc ayırmaq istəmirlər. Ona görə də bu sahə bərbad gündədir.

Xanlar Mustafayev aprelin 14-də Şəkinin Kiş kəndində dəfn olunacaq.

Şərhləri göstər

XS
SM
MD
LG