Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:18

Ürəklə dondurma yemək üçün qanunların «buzunun» əriməsini gözləməliyik…


Dondurmaları satış şəbəkələrində 48 saatdan artıq saxlamaq olmaz
Dondurmaları satış şəbəkələrində 48 saatdan artıq saxlamaq olmaz

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: «Bazarlarda bir aydan artıq saxlanılan dondurmalara rast gəlmək mümkündür»


«Mən bilirəm ki, hansı yeməyi yemək olar, hansını olmaz. Ona görə də dost-tanışlarım da həmişə baxırlar ki, mən nəyi yeyirəm, onlar da onu yeyirlər...» Bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov ötən həftənin sonunda keçirdiyi mətbuat konfransında dedi. Ondan soruşmuşdular ki, Agentliyin rəhbəri kimi bazardan ürəyi istədiyi malı ala bilirmi, aldığı malın keyfiyyətinə özü inanırmı? Cənab Həsənov da dedi ki, inanır, sonra da əlavə etdi ki, yay girəndən bazara çıxarılan dondurmaların da, suların da keyfiyyətinə xüsusi nəzarət edirlər. «İndi camaat özü də ayıq olsun, üzərində ancaq Agentliyin «AZS» nişanı vurulmuş məhsulları alsınlar».


«AZS», yəni «Azərbaycan standartı» işarəsi o deməkdir ki, bu mal Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yoxlamasından keçib.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, indi «AZS» nişanlarına inanmaq olmur, çünki Standartlaşdırma Agentliyi bunu bir illiyinə verir, əslində isə bu, malın hər partiyası üçün ayrı-ayrılıqda verilməlidir. Çünki ola bilsin ki, bir partiya yaxşı olsun, o biri olmasın. Yeri gəlmişkən, mütəxəssislər hesab edir ki, yaxşı dondurma təzə qaymaq dadı verməli və ancaq kərə yağından hazırlanmalıdır.


Eyyub Hüseynov: «Dondurmaları satış şəbəkələrində 48 saatdan artıq saxlamaq olmaz. Anbarlarda isə onları cəmi 5 gün, özü də 12 dərəcə soyuqda saxlamaq lahzımdır. Bu gün isə bazarlarda bir aydan artıq saxlanılan dondurmalara rast gəlmək mümkündür. Əhaliyə məsləhət görərdim ki, dondurma alanda yararlılıq müddətinə baxsınlar, əgər dondurma uzun müddət saxlamaq üçün nəzərdə tutulubsa, onları almağa dəyməz. Üzərində hansı firmaya məxsus olması göstərilməyən məhsulları da almayın».


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov isə iradları qanundakı boşluqlarla əlaqələndirir. Onun sözlərinə görə, qanunla Agentlik hansısa müəssisəyə məxsus olan yeyinti məhsulunu yoxlayır, məlum olur ki, bu mal keyfiyyətsizdir. Tələbnamə yazır ki, istehsalı dayandırın. Amma Agentliyin hüququ yoxdur ki, bir ay keçməmiş həmin tələbnamənin yerinə yetirilmədiyini yoxlasın. Yəni, həmin məhsul barədə bir də bir aydan sonra danışmaq olar. Bu isə o deməkdir ki, qanun da yol verir ki, standartlara uyğun olmayan məhsul bir ay vitrində qalsın.


İl başlayandan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi qida məhsulları istehsal edən 189 müəssisədə araşdırma aparıb, məlum olub ki, onların təqribən yarısı (89-u) tələblərə uyğun deyil. Həmin müəssisələrə istehsalı dayandırmaq barədə tələbnamə göndərilib. Ramiz Həsənov deyir ki, bu tələbnamələrin hamısı yerinə yetirilib.


Beləliklə, bizə yay boyu dondurmaları ürəklə yeyib, sərinləşdirici içkiləri ürəklə içə bilmək üçün qanunların «buzunun» əriməsini gözləmək qalır.
XS
SM
MD
LG