Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:59
Azərbaycanın futbol klublarında maaş problemi yaranıb. Hətta bəzi klublarda oyunçular ötən ilin dekabrından əməkhaqlarını ala bilmirlər. Ən pis vəziyyət Yevlaxın «Karvan» klubundadır. Maaş probleminə görə ötən bir neçə aydan bəri klubu 6 futbolçunun tərk etdiyi bildirilir. Ötən gün daha 2 futbolçunun - İlham Yadullayevlə Aqil Məmmədovun klubu tərk etdiyi barədə məlumat yayılıb.

İlham Yadullayev «Azadlıq» radiosuna maaş probleminin olduğunu desə də, klubu tərk etməsi barədə xəbəri təsdiqləmədi. O deyir ki, hər şey rəhbərliklə danışıqlardan sonra aydınlaşacaq:

«Mənim müqaviləm var, ordayam hələ. Hələlik sizə bir şey deyə bilmərəm. Rəhbərliklə söhbətimiz olub, bu gün və ya sabah görüşəcəyik. Hər şey bundan sonra aydın olacaq».

Futbolçu klub rəhbərliyinin vəziyyəti yoluna qoymaq üçün iş apardığını deyir. O əmindir ki, vəziyyət yaxın vaxtlarda düzələcək.

Yevlaxın «Karvan» klubu 2004-cü ildə yaradılıb. Prezidenti Cavanşir Şirəliyevdir. Yerli mətbuatın yazdığına görə, klubda əsas söz sahibi komandanın İdarə Heyətinin sədri Şahmar Vəliyevdir.

Şahmar Vəliyev Yevlax rayon İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyevin və Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

«Karvan»ın baş məşqçisi Yunis Hüseynov yerli agentliklərə verdiyi müsahibəsində hazırda 13 futbolçu ilə məşq etdiyini deyib. Hazırkı vəziyyətdə komandadan gedən oyunçuları saxlamaqda gücsüz olduğunu bildirən baş məşqçiyə görə, ola bilsin yenə gedənlər olsun. Yerli mətbuatın yazdığına görə, bir müddət əvvəl istefa vermək istəyən Y.Hüseynov mövsümün sonuna qədər klubda qalacağını deyib.

«Karvan»ı bir həftə əvvəl tərk edən Alim Qurbanov isə maaş verilmədiyinə görə belə bir addım atdığını deyir. Onun sözlərinə görə, fevral ayından, əksər oyunçular isə ötən ilin dekabr ayından maaş üzünə həsrətdirlər. Alim Qurbanov deyir ki, hər dəfə onlara maaşların yaxın günlərdə veriləcəyi deyilirmiş:

«Deyirdilər «olacaq-olacaq», bir-iki gün gördük ki, xəbər yoxdur, getdik. İndiyə qədər klubdan ayrılan futbolçular da maaşa görə gediblər».

Alim Qurbanov deyir ki, əslində hər ay futbolçulara 200-300 manat pul verilir, tam maaşı heç kim ala bilmir.

Klubun İdarə Heyətinin sədri Şahmar Vəliyevsə deyir ki, futbolçuların aylıq gəliri 8-9 min dollara çatırmış.

«Futbol+» qəzetinə verdiyi müsahibəsində Şahmar Vəliyev deyib ki, məsələ maliyyə problemlərində deyil. Futbolçular aldıqları yüksək əməkhaqqını yaxşı oyunla doğrultmayıblar:

«Gedib oyunçusu ayda 300-500 manat alan komandaya uduzurlarsa, onların da qiyməti bu səviyyəyə düşməli idi».

Ş.Vəliyev bildirib ki, ola bilər ki, maaş 5-10 gün gecikdirilsin, amma oyunçular həmişə pullarını alıb.

Maliyyə problemi barədə məlumatlar təkcə «Karvan» haqqında deyilmir.

«Azadlıq» qəzetinin yazdığına görə, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin sponsorluq etdiyi «İnter», «Azərbaycan Hava Yolları» Dövlət Konserninin rəsmi sponsorluq etdiyi «Olimpik»də də bir-neçə aydır ki, oyunçular maaş ala bilmirlər.

«Futbol+» qəzetinin əməkdaşı Şamo Quliyev deyir ki, «Olimpik» maaş problemini gizlətsə də, klubun ayrı-ayrı futbolçuları bir neçə ay əməkhaqqı ala bilmədiklərini etiraf edirlər.

Ş.Quliyev deyir ki, aparıcı ölkə klublarından «İnter»də də maliyyə problemi mövcuddur. Onun sözlərinə görə, klubun prezidenti Georgi Nikolov müsahibəsində etiraf edib ki, iqtisadi böhranla bağlı aylarla olmasa da, maaşların verilməsində gecikmələr olub.

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov hesab edir ki, əgər əmək müqaviləsində oyunçuya verilən real maaş göstərilibsə, onda pulunu ala bilməyən futbolçu məhkəmə yolu ilə bunu tələb edə bilər. Amma bəzi futbolçular məhkəməyə ona görə müraciət edə bilmirlər ki, bunu problemdən çıxış yolu saymırlar. Çünki bəzi futbolçuların iddiasına görə, klublarda ikili mühasibatlıq olur.

Rəsmi sənədləşmədə vergidən yayınmaq üçün onların alacaqları pulun yalnız kiçik bir hissəsi öz əksini tapır. Belə ki, futbolçular məhkəməyə müraciət edib rəsmi müqaviləyə uyğun əməkhaqqı ala bilsələr də, bu, onların klubda almalı olduqları məbləğin yalnız kiçik bir hissəsi olacaq.

Şərhləri göstər

XS
SM
MD
LG