Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:30

Bulvarın təmirinə haradan başlamaq lazım idi?


Sahil zolağının genişləndirilməsi üçün çay daşları Lənkəran-Astara zonasından, torpaq isə Qaradağdan gətirilir
Sahil zolağının genişləndirilməsi üçün çay daşları Lənkəran-Astara zonasından, torpaq isə Qaradağdan gətirilir
Bakı bulvarı sahil boyu dənizin içərisinə doğru 10 metr genişləndirilir. Milli Parkın bir neçə ay öncə başlayan əsaslı təmiri isə bütün yay boyu davam edəcək. Bu sözləri bizə Milli Park İdarəsindən bildirirlər.

Sahil zolağının genişləndirilməsi üçün çay daşları Lənkəran-Astara zonasından, torpaq isə Qaradağ ərazisindən gətirilir. Milli Parkın yaşıl örtüyünün təzələnməsi və zənginləşdirilməsi işinə də xeyli vəsait xərclənib. Parkdakı yeni bitkilərin torpaqda oturuşması üçün buraya Azərbaycanın münbit ərazilərindən torpaq daşınır.

Bakı sakinləri ilə söhbətimizdə onlar Milli Parkın genişləndirilməsindən, yenidən qurulmasından məmnunluqlarını bildirdilər. Sakinlər deyir ki, burada gözlə görünən nə varsa, gözəldir, nəfəs alanda isə bu gözəllik ovqatı bütünlüklə dağılır. Çünki Bakı buxtasına illərlə axıdılan kanalizasiya sularından əmələ gələn çirkab təmizlənməyib.

Milli Park İdarəsindən bildirirlər ki, çirkab sularının dənizə axıdılması davam eləsə də, ərazidə yeni təmizləyici qurğular quraşdırılıb.

Parkda dincələnlər isə durumun dəyişmədiyini deyir:

«- Kanalizasiyanın bu əraziyə axıdılması ətraf mühitə olduqca pis təsir göstərir. Bura gəzməyə gələnlərin xoş əhval-ruhiyyəsini korlayır.
- Sizcə, bulvarın təmirinə haradan başlamaq gərək idi?
- Birincisi buxtaya çirkab sularının axıdılması dayandırılmalıdır. Sonra su təmizlənməlidir. Ondan sonra başqa təmir işləri aparmaq lazım idi.
- Siz çirkab sularının başqa ərazilərə axıdılmasını təklif edirsiniz?
- Əlbəttə.
- Kanalizasiya qoxusu aləmi başına götürüb. Dənizə yaxınlaşmaq olmur.
- Kanalizasiya sularının bura axıdılması mənim istirahətimə mane olur. Hava küləkli oldu-olmadı bulvardan kanalizasiya qoxusu gəlir».

Bakı bulvarının daimi sakinləri olan balıqçılar da deyir ki, dəniz suyunun çirkabdan və neft tullantılarından təmizlənməməsi yenidənqurma işləri zamanı sahilə döşənən üzlük daşları, bəzi hissələrdə isə mərmər örtüyü bütünlüklə çirkləndirib. Su çirkli olduğuna görə, balıqların sayı azalır, ölçüləri isə kiçilir:

«- Axır zamanlar Bakı buxtasının ekoloji durumu düzəlib?
- Gördüyünüz kimi yox. İndi şimal küləyi əsir çirkabı aparıb o biri tərəfə, gilavar olan kimi sahilə yaxın durmaq olmur.
- Balıqçılıq həm də istirahət növüdür. Ekoloji problemlər sizin istirahətinizə mane olur?
- Təbii. Söhbət yalnız məndən getmir. Belə gözəl şəhərə yaraşmır bu durum. Əcnəbi qonaqlar gəlib baxırlar, çox narahat oluram o zaman. Hamı istəyər ki, dənizin suyu xaricdəki kimi tərtəmiz olsun. Baxanda suyun dibi görünsün».

Ekoloq Telman Zeynalova görə, indiki durumda sahil zolağının dənizin içərilərinə doğru öturülməsi Bakı buxtasında ekoloji durumun yaxşılaşdırılması üçün ən optimal yoldur:

«20 metr dərinliyinə qədər çirkab yığılıb ora. Dənizin dibini təmizləməyə başlasaq, ətraf mühit çirklənəcək. Xəzər dənizini çirkləndirən indi sahil boyu tikilən bağ massivləridir. Bu ərazilərin çoxundan məişət suları heç bir təmizləmə aparılmadan birbaşa dənizə axıdılır. Bunların qarşısı mütləq alınmalıdır».

Ekspertin sözlərinə görə, bütün hallarda yaxın illərdə Bakı buxtasında ekoloji problemləri birdəfəlik çözmək mümkün olmayacaq. Ancaq kollektorların sayı artırılsa, yalnız buxta ərazisində deyil, bütün sahil zolağında çirkab sular dənizə təmizlənərək axıdılsa, ekoloji durumu xeyli yaxşılaşdırmaq mümkün olar.
XS
SM
MD
LG