Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:11

Asif Mərzilinin işi presedent yarada bilərmi?


Asif Mərzili azadlıqda, 9 aprel 2009
Asif Mərzili azadlıqda, 9 aprel 2009
Apellyasiya Məhkəməsinin Asif Mərzilinin azadlığa buraxılması barədə tələsik qərarı bəzi hüquq müdafiəçilərində təəssüf hissləri oyadıb. Amma onların kefinə soğan doğrayan jurnalistin azadlığa çıxması deyil, bu qərara hakimlərin ədalət hissinin deyil, prezidentin bir iradının səbəb olmasıdır.

Aprelin 9-da Bakı Apellyasiya Məhkəməsi «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin həbsi barədə Yasamal rayon Məhkəməsinin hökmünü ləğv etdi. Baş redaktor 15 dəqiqəlik iclasdan sonra məhkəmə zalından azadlığa buraxıldı. A.Mərzilinin bir il azadlıqdan məhrum edilməsi barədə qərar bundan cəmi iki gün əvvəl Yasamal rayon Məhkəməsində çıxarılmışdı. Həmin gün Asif Mərzili elə məhkəmə zalında həbs edilmişdi.

A.Mərzili barəsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə iddia qaldırmışdı. Mətbuat Şurası Azərbaycan prezidentinə jurnalistin həbsdən azad edilməsi ilə bağlı müraciət edəndən və prezident də belə mübahisələrə görə jurnalistlərin həbsinin əleyhinə olduğunu bildirəndən sonra məhkəmə cəld qərar çıxardı.

Ekspertlər deyir ki, jurnalistin belə tez azad olunmasına səbəb İlham Əliyevin bu həbsə reaksiya verməsi olub. Buna görə də məhkəmə sürətli işləyib. «Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov bildirir ki, hələ Azərbaycanın məhkəmə təcrübəsində bir günə məhkəmənin işi qəbul edib hazırlıq iclası keçirmədən qərar çıxarması təcrübəsi olmayıb:

«Mən Asif Mərzilinin azad edilməsinə görə sevinirəm. Ancaq Azərbaycan məhkəməsinə vurulan zərbəyə görə təəssüflənirəm. Bu, bir daha göstərir ki, məhkəmələr icra hakimiyyətinin sifarişi əsasında işləyir. Məhkəmə göstərişi yerinə yetirdiyinə görə ifşa olundu».

Bəs Asif Mərzilinin həbsdən azad olunması üçün məhkəmə qərarının ləğvi diffamasiya işlərinin bundan sonra həbslə nəticələnməməsi üçün presedent yaradacaqmı?

Məhkəmə-Hüquq Şurasının üzvü Akif Əhmədov deyir ki, o, buna inanmır:

«Məncə yox, yaratmamalıdır. Ola bilər ki, onun əməli əhəmiyyətsiz olub. Birbaşa cavab vermək çətindir».

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli də deyir ki, belə bir presedentin yaranacağına inanmır. Çünki qanunun belə bir tələbi yoxdur:

«Mən arzu edərdim ki, belə olsun. Ancaq bu qanunun tələbi olmadığı üçün demək olmaz ki, bundan sonra bu tip hadisələrin hamısında eyni qərar veriləcək. Azərbaycanda həmişə mümkündür ki, hansısa siyasi sifariş də, başqa məsələlər də olsun. Bu çərçivədə yenə jurnalist həbs oluna bilər».

Beynəlxalq təşkilatlar Azərbaycan hökumətinə diffamasiya haqqında qanunun qəbul olunmasını tövsiyə etsələr də, sənəd hələ də qəbul olunmayıb. İndiyə qədər onlarla qəzet diffamasiya işlərinə görə cəzalandırılıb.
XS
SM
MD
LG