Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:07

Mirzə Sakit deyir ki, hələ mübarizə yolunun başındadır


Üç ildən sonra ev yeməyi....

Üç ildən sonra ev yeməyi....

«Azadlıq» qəzetinin satirik yazarı, narkotik saxlamaq ittihamıyla həbs olunmuş Mirzə Sakitin azadlığa çıxması onun evində ikiqat bayram ovqatı yaratmışdı. Çünki bu gün həm də Mirzə Sakitin qızı Ülviyyənin doğum günü idi:

- Yadınızdaydı ki, qızınızın ad günüdü?

- Düzü, yadımda deyildi. Sadəcə dünən yadıma salmışdılar ki, Ülviyyənin ad günüdür. Mən də demişdim ki, zəng vurub təbrik edərəm. Elə alındı ki, gəlib evdə təbrik etdim.

- İçəridə kim dedi ki, azadlığa buraxılırsınız?

- Nəzarətçi səhər saat 7-də dedi ki, rəis səni çağırır. Onda anladım ki, bu gün məni buraxacaqlar. Rəis mənə dedi ki, səni təbrik edirəm azadlıqdasan. Mən də ona dedim ki, rəis, çox sağ ol, ancaq bilin ki, mən həmişə azad insan olmuşam. Sadəcə deyin ki, türmədən çıxırsan.

Qohum-əqrəba Mirzə Sakitin evinə axışırdı. Gözaydınlıqlarını qəbul edən jurnalistin həyat yoldaşı Rəna xanım deyir ki, baş verənlər onun üçün çox gözlənilməz olub. Amnistiyaya düşməsinə baxmayaraq, Sakitin 20 gündən artıq azadlığa buraxılmaması ailə üzvlərinin bütün ümidlərini qarıbmış. Hamı onun iyunun 23-də - cəza müddəti bitən gün azadlığa çıxacağını düşünürmüş:

- İnanmırdım. Səhər özü zəng elədi ki, artıq azadlıqdayam. Saat 9-a işləmiş olardı. Daha mənim imkanım olmadı ora getməyə. Sevincimizdən hamımız bir-birimizə qarışmışdıq.

Oğlunun amnistiyaya düşdüyünü eşidəndən sonra Mirzə Sakitin anası da Şamaxıdan Bakıya gəlibmiş. Ancaq bir neçə gün gözləyəndən sonra oğlunun azad olunmadığını görüb geri qayıdıb. Sakitin gözlənilməz zəngi isə anasını deyəsən, əməlli-başlı çaşdırmışdı:

- Alo, salam ay ana. Mənəm Sakit. Evdəyəm.

- Ay bala. Pərt qayıtdım o gün Bakıdan. Dedilər səni buraxacaqlar, buraxmadılar. Çox əsəbiləşmişdim.

- Darıxma, ay ana, hər şey yaxşıdır. Bu yaxında Qəniməti də buraxacaqlar.

- Allah eləsin, ay bala. Bircə sevinə-sevinə gələydim balalarımın yanına.

- Gələcəm kəndə. Özündən muğayat ol.

- Sağ ol.

Bir az keçmiş Mirzə Sakitin əqidə dostları, müxalif siyasi partiyaların nümayəndələri də gəldilər. Onların arasında AXCP sədri Əli Kərimli də var idi. Əli bəy Sakitə üzləşdiyi repressiya maşınının özəlliklərindən danışırdı:

- Daş qayaya rast gəldi və bu repressiya maşını artıq işləyə bilmədi.

Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva isə düşünür ki, Mirzə Sakit öz həbsi ilə həm hakimiyyətin imtiyazlarına boyun əyən şairlərə, həm də hakimiyyətin özünə dərs verdi:

- Şeirlə şairin şəxsiyyətinin uyğunluğu vacibdir. Əgər şairin şəxsiyyəti onun şeiri kimi böyükdürsə, onda bu şeir tarixdə qalır. Bu gün siz Azərbaycanda şair kimi böyüdünüz. Bu, bir imtahan idi. Siz Azərbaycanda sınmazlıq simvolu, obrazı yaratdınız.

Biz Sakitin evindən qayıdanda şair küçənin o başına - müxalifətçi millət vəkillərini qarşılamağa çıxırdı. Mirzə Sakiti yolun başında qoyub ofisə qayıdırıq. Elə Sakit özü də deyir ki, hələ mübarizə yolunun başındadır.

Şərhləri göstər

XS
SM
MD
LG