Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:39

«Mən bu hakimiyyətə təşəkkür edə bilmərəm»


«Ən böyük dəyişiklik odur ki, uşaqlar sevinirlər»
«Ən böyük dəyişiklik odur ki, uşaqlar sevinirlər»
«Azadlıq» qəzetinin əməkdaşı, satirik-şair Mirzə Sakit həbsdən çıxdıqdan sonra «Azadlıq» radiosuna müsahibə verib.

-Həbsdə olduğunuz 3 il müddətində nəyi dəyişmiş gördünüz?

-Həbsxana evimizə yaxın olduğundan, elə bir dəyişiklik görməmişəm. Elə həmin şəhərdir. Evdə dəyişiklik ediblər, yəqin gəlişimə görədir. Ən böyük dəyişiklik odur ki, uşaqlar sevinirlər. Qızımın ad günüdür, deyəsən onunçün elə ən böyük hədiyyə buraxılmağım oldu.

-Bu müddət Mirzə Sakitin özündə nə dəyişdi?

-Bu müddət ərzində hakimiyyətin iç üzünü yaxşı tanıdım. Bildim ki, nəyə qadirdirlər. Öz dostlarımı tanıdım - üzvü olduğum AXCP sədrindən üzvlərinəcən. Başa düşdüm ki, vuruşmağa dəyər, özümə, ailəmə qarşı çox diqqətli oldular.

Azərbaycan mətbuatı ən mübariz mətbuatlardan biridir, baxmayaraq ki, kimlərsə deyir mətbuat püxtələşməlidir.

-Kimlərinsə diqqətsizliyindən incidiyiniz oldumu?

-Belə şeylər olur. Bir dəfə öz qəzetimizdə yazmışdım. Başa saldılar ki, yazılarımı ona görə vermirlər ki, məni həbsxanada incidə bilərlər.

-Necə oldular ki, sizi buraxdılar?

-Həbsxana rəisinin yanına gedib dedim ki, rəis mənə söz vermişdi ki, 3 günə buraxacaq, mən buraxılmağa görə yox, yalan danışmağı sevmədiyimə görə xatırladıram. Dedi səni səhər çağıracaq. Başa düşdüm ki, buraxacaqlar. Həbsxanada hamı mənim buraxılmağıma sevinirdi.

-Niyə belə tezdən-səhər 8-də buraxdılar?

-Ona görə ki, jurnalistlər görüb çəkməsin. Mən elə düşünürdüm ki, gecə buraxacaqlar. Yaxşı ki, səhər tezdən buraxdılar.

-Həbsxana həyatının ən böyük dərsi nə oldu sizə?

-Ədliyyə sisteminin bərbad vəziyyətdə olduğunu gördüm. Silsilə yazılarım olacaq, bu sistemdəki korrupsiya barədə. Cəzaçəkmə müəssisələri Ədliyyə Nazirliyinin tam nəzarətindədir. Cəzaların İcrası Məcəlləsinin qaydalarına əməl etmirlər. Bu mənə böyük məktəb oldu.

-Atanızın dəfnindən sonra özünüzü necə hiss edirdiniz, azadlığı dadızdırıb buraxdılar...

-Qayıdandan 10 gün sonra özümü çox pis hiss edirdim. Dostlarımı görmüşdüm, sevinc kədərə qarışmışdı. Zəng etdim ki, yanıma gəlin. Birinci dəfəydi ki, həbsxanada darıxırdım.

Əslində çox istəyirdim azadlığa çıxmaq. Həbsxanada hamı bilir ki, günahsız yerə tutulanda adam özünü çox pis hiss edir.

Bundan sonra daha sərt yazacağam. Mən faktlara əsaslanıb, gördüyümü yazmışam. Heç kimə böhtan atmaq fikrində olmamışam.

Həbsdə hamı mənə hörmətlə yanaşıb, yanımda nalayiq söz danışmayıb.
Həbsxanaya ikinci dəfə qayıtmaq çox kədərli idi. Atamın dəfninə gələnləri çox döyüşkən görmək mənə təsəlli verirdi.

-Bu üç il ərzində demokratiya uğrunda mübarizəni necə gördünüz? Adamlar geri çəkilirmi?

-Qətiyyən. Mətbuatda bəzi adamların yazılarında geri çəkilmə, cəmiyyətdə bəzilərinin mövqeyində geriləmə hiss olunur. Amma ümumilikdə bu mübarizə daha da güclənəcək.

-Siz olmayan müddətdə partiyadaşlarınızın ailənizə münasibəti necə idi?

-Həmişə diqqət mərkəzində saxlayıblar. Bir-iki dəfə gileyləndiyim olub, zəng edib demişəm ki, niyə belə etmisiniz. Mən açıq adamam.

-Bir müddət əvvəl prezidenti məhkəməyə vermişdiniz...

-Əslində bu şikayətin hüquqi çəkisi yox idi, hansısa hakimin bunu araşdırmağa cəsarəti də çatmazdı. Bu bir etiraz forması idi. Müəssisə rəhbərinin iştirakıyla yeddi vərəq yazı yazmışdım. Səbail rayon məhkəməsindən mənə bir cavab gəldi ki, prezident İlham Əliyevin ünvanını dəqiq göstərməmisiniz. Orda seçkilərin saxtakarlıqla keçməsi, qanunsuz həbsim barədə yazmışdım. Prezidenti yalnız Milli Məclis impiçment edə bilər. Bu, bir yazarın dövlət başçısına etirazı idi.

-Buraxılmağınıza görə prezidentə təşəkkür edirsinizmi?

-Mən bu hakimiyyətə təşəkkür edə bilmərəm. Məni qanunsuz tutdular, indi də buraxıblar. Onsuz da buraxılmağıma iki ay qalmışdı. Bu amnistiyanın heç bir əhəmiyyəti yoxdur.

Mirzə Sakit azadlığa çıxdı
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00
Direct-ə keçid

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG