Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:21

Həbsdə olan jurnalistlərlə bağlı hökumətə müraciət edilib


CPJ Azərbaycan hökumətini hazırda həbsdə olan 5 jurnalisti də azadlığa buraxmağa çağırıb
Beynəlxalq Jurnalistləri Müdafiə Mərkəzi (CPJ) Azərbaycan hökumətini «Təzadlar» qəzetinin baş redaktoru və müxbirini azadlığa buraxmağa çağırıb. Qurumun Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Nina Oqnianova deyib ki, «Biz prezident İlham Əliyevin Asif Mərzilinin məsələsi ilə bağlı bəyanatını alqışlayırıq və Azərbaycan hökumətini jurnalistlərə qarşı cinayət ittihamı təcrübəsini və həbsini dayandırmağa çağırırıq».

İki gün öncə Yasamal rayon məhkəməsi Beynəlxalq universitetin rektoru Elşad Abdullayevin iddiası ilə «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilini bir il azadlıqdan məhrum edib. Baş redaktor məhkəmə zalında həbs olunub.

Qəzetlə əməkdaşlıq edən müstəqil jurnalist Zümrüd Məmmədliyə isə 6 aylıq icbari iş kəsilib.

Məhkəmə Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin baş redaktorun ona böhtan atmaqda, şərəf və ləyaqətini təhqir etməsi haqda iddiasını əsaslı sayıb.

Aprelin 8-də prezident İlham Əliyev Mətbuat Şurasının sədri Əflatun Amaşovun həbs olunmuş baş redaktorla bağlı müraciətinə reaksiya verib.

Bu barədə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, prezident jurnalistin həbsi ilə bağlı xəbərdən təəssüfləndiyini bildirib. Dövlət başçısı bu kimi hallarda azadlıqdan məhrumetmə barədə qərar çıxarılmasındansa, tərəflər arasındakı problemlərin hüquqi yolla həllinə nail olmağın daha effektli ola biləcəyini söyləyib.

Bu açıqlamadan sonra bir sıra yerli qəzetlər Asif Mərzilinin azadlığa çıxa biləcəyini yazırlar.

Aprelin 9-da baş redaktorun apellyasiya şikayətinə baxılır.

Jurnalistin vəkili Elçin Sadıqov «Azadlıq» radiosuna açıqlamasında bildirib ki, Yasamal rayon məhkəmənin hökmünü qanunsuz sayır. O müdafiə etdiyi şəxsin bu gün buraxılacağına inandığını deyir.

CPJ isə Azərbaycan hökumətini hazırda həbsdə olan 5 jurnalisti də azadlığa buraxmağa çağırıb.

Mərkəzin yaydığı bəyanatda deyilir ki, Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə, dünyada 6-cı yerdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG