Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:09

“Azadlıq”: “Paytaxt”ı kim alıb?”


“Yeni Azərbaycan” qəzetində bildirilir ki, Amerikanın kimya sənayesində çalışan məşhur şirkətləri Azərbaycan hökuməti ilə neft-kimya müəssisələrinin yenidən qurulmasında yaxından iştirak etmək barədə danışıqlara başlayıb. Hazırda hökumət nümayəndələri ilə müəssisələrin idarəetməyə verilməsinin detalları üzərində danışıqlar getdiyindən hansı obyektlərin amerkanlılara veriləcəyi barədə məlumat verilmir. İqtisadi İnkişaf naziri Heydər Babayev bildirib ki, Amerikanın bir çox şirkətinin kimya sənayesinə marağı həddindən artıq böyükdür.


“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı bu günlərdə Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə müzakirə olunan “Tirol modeli”nin mahiyyətini açıqlayıb. Politoloq Rasim Musabəyov hesab edir ki, bu model Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğaldan azad olunaraq Azərbaycana qaytarılmasını, Dağlıq Qarabağın isə hansısa bir müddətə özünüidaretmə orqanlarıyla birgə beynəlxalq təşkilatların himayəsi altına verilməsini nəzərdə tutur. Bu, ATƏT və digər təşkilatlar da ola bilər. Onun sözlərinə görə, konkret müddət keçdikdən sonra danışıqlar yenidən davam etdirilir. Həmin vaxt tərəflər ya razılığa gəlir, ya da məsələ beynəlxalq məhkəməyə çıxarılır. Arbitraj da Dağlıq Qarabağın Azərbaycan və ya Ermənistan tərəfinə verilməsi, yaxud hər iki ölkə arasında bölünməsinə dair qərar çıxara bilər.


“Azadlıq” qəzetindəki “Paytaxt”ı kim alıb?” başlıqlı məqalə ətrafda yaşayan sakinlərin evlərinin uçma təhlükəsini yaradan “Paytaxt” adlı Mənzil Tikinti Kooperativinin Nizami küçəsi-3 ünvanında inşa etdirdiyi 14 mərtəbəli bina barədədir. Müəllif yazır ki, binanı inşa edən kooperativin sahibkarı Aqil Əliyev vəfat edəndən sonra, tikintiyə nisbətən ara verilsə də, bu günlərdə iş yenidən sürətlənib. Axşam saat 20 radələrindən səhər saat 6-ya qədər beton daşıyan maşınlar ərazidə hərəkət edərək sakinlərin istirahətinə mane olur. Tikintinin əvvəlki qaydada aparılması isə yeni inşa edilən binaya bitişik 3 mərtəbəli evin divarlarının çat verməsinə və tavanının asta-asta çökməsinə gətirib çıxarıb. “Fövqalədə Hallar naziri Kəmaləddin Heydərov isə bütün bunlara göz yumur”, – deyə yazan müəllif iddia edir ki, buna səbəb sözügedən şirkətin indi ölkə başçısının qayınatası Arif Paşayevin nəzarətinə keçməsidir.


XS
SM
MD
LG