Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:34

Söz azadlığı ilə təhqirin sərhədləri…


Söz azadlığı ilə təhqirin sərhədlərini hərə öz bildiyi kimi izah etməyə çalışır

Söz azadlığı ilə təhqirin sərhədlərini hərə öz bildiyi kimi izah etməyə çalışır

Bir müddət öncə Respublika Prokurorluğu «New fakt» və «Gün» qəzetlərində İranın dini və siyasi liderlərini təhqir edildiyini bildirərək bu qəzetlərə qarşı cinayət işi açıb. «New fakt» qəzetinin redaktoru Eldəniz Elgün isə prokurorluğun ittihamlarını qəbul etmir. Eldəniz Elgün deyir ki, o, nə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, nə də onun rəhbərlik etdiyi qəzetdə dini, milli ayrıseçkiliyə yol verilib. «Bizim qəzetdə Şəhriyarın «Ey Tehranlı, eşşək sənsən yoxsa mən?» şeri dərc edilib. Tehranda həm türklər, həm ərəblər, həm də farslar yaşayır. Deməli, heç bir milli, dini ayrıseçkilikdən söhbət gedə bilməz. Sadəcə, biz İranda azərbaycanlıları təhqir edənlərə bununla cavab vermişik…» Redaktor Şəhriyarın şerinə görə, cavab verməkdən qürur duyduğunu bildirir.


Ancaq «New fakt» qəzetində Respublika Prokurorluğunun diqqətini cəlb edən təkcə bu şer deyil. «Şer səhifənin ortasında gedib. Şerin yanında isə İranın dini liderinin və prezidentinin şəkilləri verilib. Həmin şəkillərin altından ağ xətt çəkilib, sonra da eşşək şəkilləri təsvir olunub. Yuxarıdakı İranın tanınmış simalarının şəkilləri ilə aşağıdakı şəkilləri bir-birinə aid etmək lazım deyil».
Eldəniz Elgün onlara qarşı cinayət işi qaldırıb bütün diqqəti bu mövzuya yönəltməyə lüzum görmür. Çünki nəticədə diqqət İranın daxilində gedən proseslərdən yayındırılır. Eldəniz Elgün deyir ki, prokurorluğun «New fakt» qəzetinə qarşı qaldırdığı cinayət işinin arxasında siyasi sifariş durur. «Bizim fikrimiz İran prezidentini insan hüquqlarını pozmaq və kütləvi iğtişaşlar törətmək ittihamı ilə beynəlxalq məhkəməyə vermək idi. İndi bu məsələni atdılar ortalığa, bizim həmin işimizi yarımçıq qoydular…»


«New fakt» qəzetindən fərqli olaraq «Gün» qəzetinin mövqeyini öyrənmək mümkün olmadı. Ayda bir dəfə çap olunan qəzetin redaktoru Elnur Vaqifoğlunu tapa bilmədiyimizdən onun məsələyə münasibəti məlum olmadı. Ancaq Elnur Vaqifoğlu bu günlər tək prokurorluğun yox, həm də bir sıra müxalifət qəzetlərinin hücumları ilə qarşılaşıb. O, «Yeni fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirliyə qarşı ifadələr verməkdə və bəzi şəxsləri şantaj etməkdə günahlandırılır.


Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev hər iki qəzetə qarşı Cinayət Məcəlləsinin konkret maddələri ilə rəsmi ittiham irəli sürüldüyünü deyir. «Adı çəkilən qəzetlərdə gedən kollaj və yazılarda İranın dini və dövlət xadimlərinin milli, dini ləyaqətinin təhqirinə yol verilib və bununla da cəmiyyətin, dövlətin qanunla qorunan mənafeyinə zərbələr vurulub. Ona görə də onlar haqqında cinayət məcəlləsinin 308.1-ci yəni vəzifə səlahiyyətlərindən su istifadəyə və 283.1-ci yəni milli, dini düşmənçiliyin salınması maddələri ilə cinayət işi qaldırılıb…»


Üstəlik bu günlər İslam partiyası da bəyanat yayaraq bu iki qəzetin cəzalanması xahişi ilə dövlət başçısına müraciət edib. Müraciəti şərh edən Azərbaycan İslam Partiyasının sədri Hacı Hacağa Nuriyev deyir ki, sözü gedən qəzetlərdə İranın dini və dövlət xadimlərinin kollaj və karikaturalarının verilməsi həm etik prinsiplər, həm də islam dəyərləri ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, belə hallar Azərbaycanın mənafeyinə çox ciddi zərbələr vura bilər…


Bəzi müşahidəçilər bu iki qəzetə cinayət işi qaldırıldıqdan sonra Azərbaycanda bir sıra qəzetlərinin də gələcəkdə karikatura və kollajlara görə ittihamlarla üzləşə biləcəklərini istisna etmirlər. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov hesab edir ki, bütün bu karikatura olaylarının arxasında hakimiyyətin özəl niyyətləri də dayana bilər. «Son dövrlər Azərbaycanda jurnalistlərə qarşı çox ciddi basqılar baş verib. Hakimiyyət başa düşür ki, bu, ölkə daxilində də yaxşı qarşılanmır. Ona görə belə kollaj və karikaturalar təşkil etməklə hakimiyyət topu arxaya atır. Yəni jurnalistlər ona görə döyülür, öldürülür ki, onlar dinc durmurlar…»
Diqqət çəkən digər məqam isə prokurorluğun ittihamlarının hüquqi baxımdan nə dərəcədə əsaslandırılmasıdır. Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı «New fakt» və «Gün» qəzetlərində dərc edilən şəkil və karikaturalara haqq qazandırmasa da ittihamları da bir qədər mübahisəli sayır. «Başqa bir ölkənin dini və dövlət xadiminin karikaturasının verilməsi Azərbaycanın daxilində heç də milli, dini ədavətin qızışdırılması kimi təqdim edilə bilməz. Əgər söhbət Azərbaycandakı fərqli xalqlardan və ya fərqli dinlərdən getsəydi bu başqa məsələ…» Rəşid Hacılı hesab edir ki, cinayət baş veribsə cəza adekvat olmalıdır. Əks halda bundan söz və fikir azadlığı əziyyət çəkə bilər.


Bundan əvvəl Avropanı bürüyən karikatura qalmaqalında olduğu kimi, bu iki qəzetin çap etdiyi materiallarda da söz azadlığı ilə təhqir elementləri üz-üzə dayanıb. Bu işdə də siyasi elementlər olduğundan söz azadlığı ilə təhqirin sərhədlərini hərə öz bildiyi kimi izah etməyə çalışır.


Günün bütün mövzuları

XS
SM
MD
LG