Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:34

«Azərbaycanda Afrika haqqında təsəvvürlər dəyişməlidir»


«Avropaya daha yaxınıq. Amma bütövlükdə Afrikadan irəlidə deyilik»

«Avropaya daha yaxınıq. Amma bütövlükdə Afrikadan irəlidə deyilik»

«Bizim yol»: Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Qəzənfəroğlu Afrikaya səfərdən qayıdıb. Səfər zamanı o, Kamerunda olub.

«Mən Kamerunda rus müstəmləkəsi ilə Avropa müstəmləkəsinin fərqlərini daha çox müşahidə etdim. Bu baxımdan Avropa müstəmləkəçiliyi daha nəcib izlər buraxıb. Məsələn, Kamerunda mülkiyyət hüququnun qorunması imkanları daha sərt şəkildə müəyyənləşib, Azərbaycanda isə istənilən obyekti heç bir sənəd vermədən sökdürə bilərsən. Ancaq Kamerunda buna rast gəlməzsən ki, bu da Avropa mədəniyyətinin təzahürüdür. İkincisi, elə sahələr var ki, korrupsiya ora girmir. Konkret yol çəkilişinə. Yüz kilometrlərlə yol gedirsən, amma bir əyintiyə rast gəlmirsən. Çünki onlar yoldan rüşvət götürməyi, yol çəkilişində korrupsiyaya yol verməyi haram sayırlar. Amma Bakının mərkəzində çəkilən yolun bir ay sonrakı aqibəti arzuolunmazdır».

«…Ümumiyyətlə, Azərbaycanda Afrika cəmiyyəti haqqında təsəvvürlər tam dəyişməlidir. Azərbaycanın Afrika cəmiyyətinə oxşaması haqqında fikirlərə son qoyulmalıdır. Afrikadan üstün mədəniyyət nümunəsi yaratdığımızı da iddia etməməliyik.
- Bu baxımdan Afrikadan Azərbaycan necə görünür?
- Müəyyən şərtlər var ki, Avropaya daha yaxınıq. Amma bütövlükdə Afrikadan irəlidə deyilik».

«Yeni Müsavat»: «Son üç gündə ölkəmizin siyasi arenasında ən çox müzakirə edilən məsələ dövlət başçısının Türkiyəyə səfərdən imtina etməsidir. Bu addımın doğru olub-olmaması ayrıca mübahisə predmetidir. Dəvət böyük yerdən idi və ona etina etməmək hər siyasətçinin işi deyildi. İlham Əliyev Türkiyəyə nümayişkaranə surətdə getməməklə, təkcə Ərdoğan-Gül tandeminə yox, eləcə də Obama-Kliniton cütlüyünə də münasibətini göstərmiş oldu». Xalid Kazımlı «Əvət» cavabı almayan dəvət» sərlövhəli köşə məqaləsində belə yazır.

«…Bu, oğul Əliyevin son beş ildə qüdrətli siyasi dairələri yanıldan ikinci ciddi hərəkəti idi. Birinci dəfə həmin dairələr 2004-2005-ci illərdə Qarabağı Azərbaycandan asanlıqla, Əliyevin imzası ilə qoparıb ermənilərə verəcəklərini zənn edərkən yanılıblar».

«525»: Gül Obamayla görüşdə Azərbaycan haqda nə danışıb?
Türkiyə prezidenti Abdullah Gül ABŞ prezidenti Barak Obama ilə görüşündə ona Azərbaycanın əhəmiyyətindən ətraflı şəkildə bəhs edib. APA-nın «Milliyet» qəzetinə istinadən verdiyi xəbərə görə, A.Gül Azərbaycanın Türkiyəyə qardaş olmaqla bərabər, ABŞ-ın sabitlik və enerji strategiyası baxımından da Qafqazda mühüm rol oynayan ölkə olduğunu vurğulayıb. O bildirib ki, Qarabağ məsələsində qaneedici irəliləyişlər olmadan Türkiyə-Ermənistan əlaqələrində çox sürətli inkişafın baş verməsi çətindir. Türk diplomatlarından biri deyib ki, B.Obama bu məsələnin çox qarışıq olduğunu və Azərbaycanın strateji önəmini anlayıb».

«Azərbaycan»: «Azərbaycan «Nabucco» layihəsinin yubanmasından heç nə itirmir».
Rəsmi dövlət qəzeti yazır ki, «ölkəmizin təbii qazının həm açılışı, həm də dünya bazarlarına çıxarılmasının yolları çoxdur».

«Üstəlik, son günlərdə kütləvi-informasiya vasitələrində Azərbaycanla Rusiya arasında bu istiqamətdə razılaşmanın əldə olunması barədə informasiyalar yayılmaqdadır. Sənaye və Energetika naziri Natiq Əliyev bu məsələ ilə bağlı iki ölkə arasında hələ heç bir hüquqi sənəd imzalanmadığını desə də, məsələnin gündəmdə olduğunu bildirib. Ötən ildən Rusiya tərəfindən Azərbaycanın Dövlət Neft Şirkəti ilə bu istiqamətdə danışıqlar aparıldığını qeyd edən nazir bildirib ki, Azərbaycanın 2010-cu ildən etibarən Rusiyaya qaz satacağı ilə bağlı xəbərlər yayıldıqdan sonra Qərb «Nabucco» ətrafında prosesləri sürətləndirib».

Günün bütün mövzuları

XS
SM
MD
LG