Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:17

Türk jurnalisti: «Azərbaycan Türkiyəyə qızmaqda haqsızdır»


İlham Əliyev türkiyəli həmkarı Abdullah Güllə, Bakı, 13 noyabr 2008

İlham Əliyev türkiyəli həmkarı Abdullah Güllə, Bakı, 13 noyabr 2008

Azərbaycan prezidenti İlham Əliyev aprelin 6-da Təhlükəsizlik Şurasının toplantısını keçirib və regiondakı mümkün geosiyasi dəyişikliklərə uyğun Azərbaycanın da öz mövqelərinə dəyişiklik edəcəyini bildirib.

Cənab Əliyev konkret nəyi nəzərdə tutduğunu deməsə də, əksər şərhçilər bu fikirdədirlər ki, Azərbaycan prezidenti Türkiyə və Ermənistan arasında sərhədlərin açılması ehtimalına münasibət bildirib və Azərbaycanın da Türkiyəyə cavab olaraq müəyyən addımlar atmasının mümkünlüyünə işarə vurub.

Sərhədlərin açılması ehtimalları isə son günlərdə artıb. Amerika prezidenti Barak Obama Türkiyəyə səfəri zamanı Ermənistanla sərhədlərin açılmasına çağırıb. Səfərlə eyni zamanda Türkiyəyə - BMT sammitində iştiraka dəvət edilən Azərbaycan prezidenti isə bundan qrafikinin sıxlığını bildirərək imtina edib.

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev sərhədlərin açılmasını çətin baş tutan bir iş sayır. Onun fikrincə, Ərdoğan hökumətinin bu istiqamətdə siyasəti dalana dirənib. Çünki Türkiyə ictimaiyyəti Azərbaycanın itirilməsi hesabına Ermənistanla münasibətlərin normallaşması perspektivi ilə bağlı indiyəcən görünməyən səviyyədə narahatlığını bildirməyə başlayıb.

Politoloq deyir ki, yarım ildən artıqdır ki, Yerevanla Ankara arasında aparılan danışıqlar anlaşma ilə bitib - hər iki ölkə heç bir şərt qoymadan danışıqlara başlayıb və sərhədlərin açılması, diplomatik münasibətlərin qurulmasına razılaşıblar. Elxan Mehdiyev deyir ki, bütün bunlar bir məqsədə yönəlmişdi. Türkiyə çalışır ki, Barak Obama seçki kampaniyası dövründə söz verdiyi kimi «erməni soyqırımı»nı» tanımasın.

Ermənistanda isə Obamanın səfəri böyük eyforiya yaradıb. Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan deyib ki, Obama Ermənistan və Türkiyə rəhbərlərinin ikitərəfli əlaqələrin yaxşılaşması ilə bağlı səylərini dəstəkləyib, axır vaxtlar bu istiqamətdə irəliləyişlə bağlı məmnunluğunu bildirib:

«Amerika prezidenti hər iki tərəfi münasibətləri tənzimləyən saziş bağlamağa çağırıb. Barak Obama iki ölkə liderlərinin cəsarətli addımlarını «tarixi» adlandırıb. Onun fikrincə Türkiyə-Ermənistan sərhədlərinin açılması hər iki xalqa əmin-amanlıq və firavanlıq dolu gələcək bəxş edə bilər».

Türkiyənin «Akşam» qəzetinin yazarı Hüsnü Mahalli isə deyir ki, hər bir ölkənin təbii olaraq ilk növbədə öz maraqlarını düşünməsi normaldır. Onun sözlərinə görə, Türkiyə Azərbaycanla həmrəylik göstərərək artıq 16 ildir Ermənistanla sərhədləri bağlayıb və şərt qoyub ki, Qarabağ işğaldan azad edilməyincə, sərhəd açılmayacaq. Bundan başqa, Ankara həm Minsk Qrupu çərçivəsində, həm də Amerika, Avropa və Rusiya ilə münasibətlərində Qarabağ probleminin həlli üçün böyük səy göstərib.

Amma Hüsnü Mahalli deyir ki, Türkiyə hökuməti bunun ona necə baha başa gəldiyini getdikcə daha çox anlamağa başlayır. Türkiyə Avropa Birliyinə üzvlük yolunda, eləcə də Amerika ilə ikitərəfli münasibətlərində sıxıntılar yaşayır.

Hüsnü Mahalli deyir ki, üstəlik, Azərbaycan dövləti öz torpaqlarının işğaldan azad edilməsi istiqamətində ciddi bir irəliləyişə nail olmayıb. Belə olan halda hər şeyi Türkiyədən tələb etmək, Türkiyəyə qızmaq bir qədər ədalətsiz olardı:

«İlham Əliyevin Türkiyədəki toplantıya gəlməməsinin Türkiyə ictimaiyyəti və mediasına elə bir təsiri olmayıb. Fikir budur ki, gəlmirsə, gəlməsin, Türkiyə öz beynəlxalq problemlərini, o cümlədən erməni məsələsini həll etməlidir».

Azərbaycan mətbuatında yayılan qeyri-rəsmi məlumatlara görə, Azərbaycan hökuməti Türkiyəyə çatdırıb ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə ötürülən qazı kəsə bilər. Və öz niyyətlərinin ciddiliyini göstərmək üçün Rusiya ilə qaz nəqlinə aid şərtləri razılaşdırmaq üçün saziş də bağlayıb.

Amma son günlərdə Türkiyənin Baş naziri və Ermənistanın Xarici İşlər nazirinin verdiyi açıqlamalar bir sual doğurur: sərhədin açılmasını artıq tam həll olunmuş məsələ saymaq olarmı? «Röyters» agentliyi xəbər verir ki, ötən həftənin 5-ci günü Rəcəb Tayyib Ərdoğan Londonda deyib ki, sərhədlərin açılması ilə bağlı hazırlıqlarda son addım ancaq Qarabağ probleminin həlli halında atıla bilər. Buna görə də Minsk Qrupunun həmsədrləri Amerika, Rusiya və Fransa Qarabağ probleminin həllini sürətləndirməklə sərhədlərin açılması işini də asanlaşdırmış olarlar.

Eduard Nalbandyan isə ötən bazar günü Türkiyəyə yollanmamışdan qabaq yazılı bəyanat yayıb və Ankaranı bu sözlərə görə münasibətlərin normallaşdırılmasını təhlükə altında qoymaqda ittiham edib. O deyib ki, Qarabağ münaqişəsi Türkiyə və Ermənistan arasında danışıqların mövzusu ola bilməz. Bundan başqa, Nalbandyan bildirib ki, Ankara düşünməsin ki, münasibətlərin yaxınlaşmasından - erməni soyqırımının beynəlxalq aləmdə tanınmasının qarşısını almaqda istifadə edə biləcək.

Şərhləri göstər

XS
SM
MD
LG