Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:53
«Qara kürü çox bahadır. Mənim maaşım buna çatmır».

Nazirliklərdən birində sürücü işləyən Mirzə Hüseyn belə deyir. O bildirir ki, yerli kürünün baha olduğunu bildiyindən heç ondan dadmağı ağlına da gətirmir:

- Heç rəvadırmı ki, nəinki nərə balığı, öz ölkənin hansısa məhsuluna əlin çatmasın.

Müşahidəçilər isə deyirlər ki, son bir neçə ildə yerli kürünün qiyməti elə bir həddə çatıb ki, artıq o, qara camaatın menyusundan çoxdan çıxıb. Bakının mərkəzində yerləşən balıq mağazalarının birinin müdiri də bizə elə belə dedi:

- Nə tutmusuz ey bu qara kürüdən? Yazın bu kasıb malı olan balıqdan. Yoxsa ki, hər gələn mətbuat işçisi qara kürüylə maraqlanır.

Bu müdir bizə nə adını söylədi, nə səsini yazmağa icazə verdi, nə də vitrindəki kürü bankalarının şəklini çəkməyə. Azərbaycanda balıq və balıq məhsullarının, ələlxüsus da kürü istehsalıyla məşğul olan ən böyük şirkət olan «Caspian Fish»in mağazasında hər qiymətə balıq var idi. Elə ucuz kürü də almaq olardı. Amma bu kürülər Rusiya dənizinin məhsuluydu, Xəzər dənizinin kürüsünə isə ayda 300-400 manat qazanan adam çətin yaxın düşə biləydi.

Vitrində bütün balıq məhsullarının, o cümlədən yerli qırmızı kürünün üstündə qiyməti göstərilmişdi. Amma vitrinə qoyulan iki 113 qramlıq qara kürünün qiymətini bilmək üçün mütləq satıcıyla danışmalıydın. 100 qram qara kürü 100-120 manat civarındaydı.

Qırmızı kürünün yarım kilosunu isə 90 manata təklif edirlər.

Deyəsən, kürü mövzusu kürü istehsalçılarının ürəyincə olan söhbət deyil. Çünki alıcı olmadığımızı biləndə kimsə satıcıya vitrindəki iki kürü bankasını ordan götürməyi işarə etdi.

«Caspian Fish»in başqa mağazasında da satıcı nə adını söylədi, nə də səsinin yazılmasını istədi. Bircə onu dedi ki, tələbat o qədər aşağı düşməsə də, onlar qiyməti endiriblər:

- 20-30 faiz qiymətləri aşağı salmışıq. Amma daimi alıcılarımız var. Yerlilər də olur, xaricilər də.

Bu mağazada 113 qramlıq ağ balığın kürüsü 119, nərəninki isə 98 manatdır. Uzunburun balığın kürüsü isə 59 manatdır.

Nərə balığının özü də elə ucuz deyil. Təxminən 10 il əvvəl mal ətindən bir neçə manat baha olan ağ balığın indi bir kilosu 35 manatdır. Nərə balığı isə 25 manat.

Bakıda ucuz kürünü hardan tapmaq olar? Bilənlər sənə «Təzə bazar»ı nişan verəcək. Elə «Təzə bazar»da da kürü söhbəti arzuolunan deyil. Alıcı olduğumuzu bildiyindən malını göstərmək üçün arxasınca gəlməyimizi istəyən oğlan soyuducudan üç cür qara kürü çıxardı. «Caspian Fish»in mağazalarından fərqli onun satdığı kürü bankalarının ağzı açıq idi. Səbəbini soruşanda «malı müştəriyə göstərməliyik axı» söylədi.

Onun dediyi qiymətlər də mağazadakından xeyli ucuz göründü. Ağ balıq kürüsünün 113 qramı 80, nərəninki 60, uzunburun balığınkı isə 50 manat idi.

25-30 yaşlarında olan satıcı dedi ki, bu kürünü özləri qablaşdırırlar. Ancaq hardan aldıqlarını söyləmədi. Onu da dedi ki, son aylarda qiymət xeyli ucuzlaşıb. Kürü bazarlığını mağazalardan edən alıcılara nisbətən kürü üçün «Təzə bazar»a üz tutanlar seyrəlib.

Bəs süni kürü necə, bazara ayaq açıbmı? Satıcı daş atıb baş tutdu ki, burda bir nəfər də süni kürü satmır:

- Müştəri o qədər pul verir… Süni kürü o dəqiqə seçilir. Gətirib adamın başına çırpar. Süni kürüləri adətən ucuz restoranlar alıb-işlədir. Bir də bəlkə hansısa mağazalarda ola.

Mən mağazalarda olanda girib-çıxan azıydı. Girib-çıxanlar da əsasən ucuz balıq məhsullarından alırdı.

Bəs kilosu təxminən 800-1000 manat olan yerli kürüyə sıravi sakinlərin əli çatırmı?

- Tez-tez ala bilmirəm. İki ayda bir alıram uşaqdan ötrü.
- Mənim imkanım çatmır.
- Keçən ay yemişəm. Amma bahadır, almaq olmur.
- Yox, almıram, çox bahadır. Maraqlanmışam. 800 manata deyirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Tariyel Məmmədov deyir ki, hər il Azərbaycanda təxminən 70-80 ton nərə balığı ovlanır. Onun sözlərinə görə, ölkədəki nərə balıqartırma zavodları Xəzərə hər ilki kimi ötən il də 15-16 milyon körpə nərə balığı buraxıb. Bir nərə balığı isə təxminən 5-6 kilo kürü verə bilir.

Şərhləri göstər

XS
SM
MD
LG