Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:53
«Azadlıq» qəzetinin həbsdə olan əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) martın 17-də Milli Məclisin qəbul etdiyi amnistiyaya düşsə də, azadlığa çıxa bilmir. Ailə üzvləri hər gün onun saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsinin qarşısına yığışsalar da, jurnalistsiz evə qayıdırlar. Aprelin 6-da isə Mirzə Sakit evinə zəng edib deyib ki, bəs bu dəfə dəqiqdir, həbsxana rəhbərliyi saat 11-də azadlığa çıxacağımı deyib. Yenə ailə üzvləri və jurnalistlər həbsxananın qarşısında gözləsələr də, jurnalist buraxılmadı.

Həbsxanadan dedilər ki, günortanı gözləyin, günortasa dedilər ki, axşam saat 6-ya qədər çıxacaq. Saat 6-dan sonra isə çəzaçəkmə yerinin qeydiyyat şöbəsinin müdiri Sənan Məmmədov dedi ki, jurnalistin azadlığa çıxması sabaha qaldı. Bu gün də eyni vəziyyət təkrar olunub. Səhərdən yenə vədlər verilsə də, jurnalist azadlığa çıxmadı. Sakit Zahidovun həyat yoldaşı Rəna Zahidova deyir ki, indi də onlara bu yolla əziyyət verirlər:

«Gözləyirik, hələ bir xəbər yoxdur. Mən bilmirəm bunu necə adlandırmaq olar. Fikirləşirəm ki, bizi bu yolla incitmək istəyirlər. Bu hakimiyyətdən elə bunu da gözləyirik. Bu qədər haqsızlıq olar, bu ölkə bu qədər yiyəsizdir? Çıxsınlar desinlər ki, biz bu adamı buraxmırıq, iyunun 23-də cəza müddəti qurtaranda buraxacağıq. Atalarının zəngindən sonra mənim uşaqlarımın sevincini görsəydiniz…Uşaqlar sevindiklərindən bilmirdilər neyləsinlər. İndi evə qayıdıb o uşaqlarla danışmaq var. Biz bunların amnistiyasını istəmirik».

Cəzaçəkmə yerinin rəisi Fikrət İsmayılov isə bildirib ki, amnistiya ilə bağlı bütün sənədləri, o cümlədən Sakit Zahidovun sənədlərini Bakı şəhər Prokurorluğuna göndəriblər. Hələlik cavab yoxdur. Cavabın yubanmasına gəlincəsə, rəis deyir ki, amnistiyaya düşən məhbusların sənədini yalnız bir nəfər – Bakı şəhər prokuroru imzalayır. Buna görə məhbusların buraxılması yubanır.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovsa deyir ki, bu məsələni ancaq sabah dəqiqləşdirə bilərlər.

Mirzə Sakitin ailəsi
Hüquqşünas Adil İsmayılov deyir ki, amnistiya tətbiq olunan şəxs haqqında qərar prokurorluqda təsdiq olunmalıdır, o bundan sonra buraxıla bilər:

«Onun buraxılması üçün mütləq qərar olmalıdır. Qərarda tarix göstərilməlidir. O qərar olandan sonra mütləq icra olunmalıdır».

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsi mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovsa deyir ki, jurnalistin azadlığa çıxacağı günü dəqiq bilmir:

«Qayda elədir ki, amnistiyanın tətbiqiylə bağlı müvafiq qərar olmalıdır. Bu qərarı həm Penitensiar Xidmət İdarəsi, həm də prokurorluq birgə qəbul edir. Prokurorluq orqanları şəxsi işləri nəzərdən keçirəndən sonra amnistiya haqqında qərar tətbiq olunur. Məhkum Sakit Zahidovu da bu yaxınlarda buraxacağıq. Burda heç bir problem yoxdur».

Cəzaçəkmə yerinin qeydiyyat şöbəsinin müdiri Sənan Məmmədov deyib ki, bu gün azadlığa çıxacaq şəxslər arasında Sakit Zahidovun adı yoxdur.

Hüquqşünas Osman Kazımov jurnalistin azadlığa çıxmasının yubadılmasıyla bağlı deyir ki, bu, qərəzdir, amnistiyaya düşən məhbusun buraxılması mümkün qədər tez olmalıdır:

«Amnistiya aktında göstərilmir ki, cəzasının bitməsinə bir gün qalanı birinci növbədə buraxmalıdırlar, iki gün qalanı ikinci növbədə. Bu insanların hamısı tez azadlığa buraxılmalıdır».

Axşam saatlarında isə Rəna Zahidova «Azadlıq» radiosuna bildirib ki, Mirzə Sakit aprelin 7-i evə zəng edib, amnistiyaya salınmayacağını deyib.

Mirzə Sakit narkotika saxlamaqda ittiham olunaraq 3 il cəza alıb. Onun cəzasının bitməsinə 3 aydan az vaxt qalıb. Beynəlxalq təşkilatlar və jurnalist özü həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG