Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:30

Kim daha çox zarafatlaşır - hökumət, yoxsa müxalifət?


Mixail Saakaşvili Tbilisidə mətbuat konfransında, 30 sentyabr 2008
Mixail Saakaşvili Tbilisidə mətbuat konfransında, 30 sentyabr 2008
Yumor böhran vəziyyətindən çıxış yoludur, yumor uzunömürlülüyün təminatıdır. Bu gün də Gürcüstanda yumor bu funksiyasını qoruyub saxlaya bilibmi? Kim daha çox necə zarafatlaşır, ümumiyyətlə camaat zarafat hayındadırmı? Xüsusilə də aprelin ilk həftəsində.

Tbilisi sakini Asmat Aqladze: «Ətrafımızda baş verənlər elə yumor deyil ki? Çox vaxt yumorun obyekti – «hər şey qaydasındadır» demək və hər şeyin daha yaxşı olacağına söz verməklə aldadan siyasətdir. Bu, çox gülməlidir».

Başqa bir Tbilisi sakini isə zarafat hayında olmadığını deyir:

«Məsələ ondadır ki, bu gün bu cür sosial problemlərin fonunda insan zarafat hayındadırmı? Bilmirəm, hətta bu barədə danışmağa belə çətinlik çəkirəm».

Sosioloq Emzar Gerenaiya yumor fenomeni haqqında danışarkən izah edir ki, yumor hətta ən gərgin anda belə böhran vəziyyətini yüngülləşdirə bilər:

«Yumor münaqişəyə üstün gəlmək imkanı yaradır. Hər iki tərəf gərgin olanda yumor məsələyə kənardan baxmağa kömək edir. Yəni emosiyalardan azad olmağa və məsələyə təmiz başla yanaşmağa kömək edir. Yumor hissi olan və bu hissi itirməyən cəmiyyətlərin problemləri həll etmək şansları daha çoxdur».

Amma zarafatın da öz həddi var. Sosial və iqtisadi problemlər içində çarpışan gürcülər adətən yumor sözünü bu fikirlə birlikdə işlədirlər:

Emzar Gerenaiya: «Aydın məsələdir ki, hər şeyi lətifəyə çevirə bilmərik. Biz daha çox yumor hissinə malik ola bilərik, amma daim yumora üz tutmaq o deməkdir ki, biz başqa cür bacarmırıq, cəmiyyətdə ciddi problemlər olanda ciddi işlər görə bilmirik. Küçədə əl açıb dayanan insanlar ciddi problemdir və bunu yumorla həll etmək mümkün deyil».

Yazıçı Beso Xvedelidze üçün yumor həm altıncı hiss, həm də güclü silahdır. Onun hekayələri ilə tanış olanda bunu açıq-aydın görmək olur. Bir az istehza, bir az qüssə və çoxlu zarafat:

«Mən həmişə deyirəm ki, mənim kiçik formulum var, müxtəlif - məsələn, görmə, iybilmə və s. hisslərlə yanaşı mən yumorun adını xüsusilə çəkirəm, yumorsuz yaşamaq çox çətindir. Fikrimcə, bu gün siyasətçilər arasında və ümumiyyətlə cəmiyyətdə yumor kifayət qədər deyil və əsas problem də bundadır. Yumor mənim birinci silahımdır - həm yazıda, həm də danışıqda. Yumor hər şeyə asan yanaşmaq və çox gərilməmək üçün ən yaxşı vasitədir».

Beso deyir ki, o, hazırda ən çox siyasətlə bağlı zarafatların olduğunu müşahidə edir. İnsanlara gəlincə isə, yazıçı bunu deyir: «Məncə, bu, göz yaşı içində gülüşdür...»

Siyasətçilərə də üz tutduq, soruşduq ki, xüsusən son zamanlarda elə olubmu ki, hökumətlə müxalifət arasında münasibətlər gərginləşən zaman yumor öz işini görüb. Kim daha çox zarafatlaşır – hökumət, yoxsa müxalifət? Məsələn, hazırcavablılığı ilə fərqlənən milli forumun üzvlərindən biri Niko Orvelaşvili opponentlərində yumor hissinin olmadığını deyir:

«Bundan əvvəlki hökumətin az-çox yumor hissi var idi, amma indiki hökumətin bu baxımdan da problemi var. Onlar nəinki özləri zarafat etmirlər, başqasının zarafatına da düz-əməlli reaksiya vermirlər».

Sən demə, Niko Orvelaşvili bir neçə dəfə canlı efirdə məhz yumorun sayəsində vəziyyətdən çıxa bilib:

«Mən özüm üçün maraqlı nəsə eşidəndə onu unutmamağa çalışıram. Elə hallar olub ki, canlı efirdə opponentlər müxtəlif səbəbdən mübahisə ediblər, mənsə onları dayandırmışam və lətifə danışmışam».

Zarafat etməyi xoşlayan Qadınlar Partiyasının rəhbəri Ququli Maqradze isə bugünkü gənclərin zarafatlarını bəyənmir:

«Gənclər arasında xarakterik olan yumor kobuddur, şəxsən mənə gülməli gəlmir».

Köhnə siyasi lətifələrdən isə xanım Maqradze birini xatırlayır və onun fikrincə, bu lətifə bu günə də uyğundur:

«Sovetlər dönəmində bəyannamə yaydığına görə bir nəfəri saxlayırlar, cibindən hər yerə yapışdırdığı təmiz ağ kağız çıxarırlar. Soruşurlar ki, bu ağ kağızı hər yerə yapışdırmağının nə mənası var. O da cavab verir ki, yazıya ehtiyac yoxdur, onsuz da hamı hər şeyi bilir».
XS
SM
MD
LG