Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:14

Obama raketdən müdafiə planına “davam” dedi


Barak Obama Praqada çıxış edərkən 5 aprel 2009 Hraçanska meydanı
Barak Obama Praqada çıxış edərkən 5 aprel 2009 Hraçanska meydanı
"Əgər İran nüvə proqramını dayandırmasa, Amerika Çexiya və Polşada raketdən müdafiə sistemi qurmaq planlarını həyata keçirməkdə davam edəcək”. Bunu Amerika prezideni Barak Obama bildirib. O deyib ki, Çexiya və Polşa raketdən müdafiə sisteminin öz ərazilərində qurulmasına icazə verməklə fədakarlıq göstəriblər. Onun fikrincə, sözügedən plan effektivdir və özünü doğruldacaq.

Amerika prezidenti bu fikirləri Çexiya paytaxtında, Praqa qəsri yaxınlığında 30 min nəfər qarşısında çıxışında deyib.

Amerika bu planın İran və Şimali Koreyadan olan raket təhlükəsinə qarşı yönəldiyini deyir. Rusiya isə Amerikanın Obamadan qabaqkı prezidenti Buşun start verdiyi həmin planı özünə qarşı təhlükə sayır və bu, axır illərdə iki ölkə arasında münasibətlərin müəyyən qədər soyumasına gətirib çıxarmışdı.

Bu arada Şimali Koreya fəzaya raket buraxıb və bunun kosmosa peyk çıxarmağa xidmət etdiyini bildirib. Amma Şimali Koreyanın bu addımının dinc məqsədlərə xidmət etməsinə şübhəylə yanaşanlar az deyil. Obama Çexiyadakı çıxışında məsələyə münasibət bildirərkən bunu “provakasiya” adlandırıb və deyib ki, “Amerika və başqa dövlətlər bunu uzaq mənzilli raket texnologiyalarına hazırlıq” kimi qiymətləndirirlər.

Onun fikrincə, bu, Şimali Koreyaya “yaxın və uzaq” ölkələrə təhlükə törədir. Obama vurğulayıb ki, indi Pxenyana tutarlı beynəlxalq cavab verməyin vaxtıdır. “Şimali Koreya bilməlidir ki, hədələr və qanunsuz silahlar təhlükəsizliyə və qarşılıqlı ehtirama yol aça bilməz. Bütün dövlətlər bir araya gəlməli və daha güclü qlobal rejim qumalıdırlar. Məhz buna görə də biz çiyin-çiyinə verib Şimali Koreyanı bu yoldan döndərməliyik”.

Obama Praqadakı çıxışında bildirib ki, onun ölkəsi nüvə silahının tam ləğvinə hazırdır, eləcə də nüvə silahının yayılmaması və terrorçuların əlinə keçməməsi işində öndə getməyə.

O deyib ki, Amerika nüvə silahından istifadə etmiş yeganə ölkədir. Bu səbəbdən onlar nüvə silahının ləğvi işində öndə getməyin mənəvi məsuliyyətini öz üzərlərinə götürməyə hazırdırlar. “Mən bu gün bunu aydın şəkildə və qətiyyətlə bildirirəm ki, dünyada təhlükəsizliyi nüvə silahı olmadan da təmin edə bilərik. Biz bu işdə təklikdə uğur qazana bilmərik, amma bu işə liderlik edə bilərik”.

Obama bildirib ki, Amerika və Rusiya strateji silahların azaldılması ilə bağlı yeni sazişin imzalanması üçün danışıqlara başlayacaqlar və Amerika nüvə silahı sınaqlarının qadağan edilməsi sazişinə qoşulacaq.

Praqada Obamaya qulaq asamağa toplaşanlar onun çıxışını alqışlarla qarşılayıblar.

Bu, Amerika prezidentinin Avropaya səfərinin üçüncü mərhələsidir. Bundan qabaq o, Londonda Böyük 20-lik ölkələri liderlərinin qlobal maliyyə böhranıyla mübarizəyə həsr olunan görüşündə, daha sonra isə Strasburqda NATO sammitində iştirak edib. Obama səfərini Türkiyədə başa vuracaq.

Həmcinin oxu: OBAMA TÜRKİYƏNİN AVROPA BİRLİYİNƏ QOŞULMASINI DƏSTƏKLƏYİB

XS
SM
MD
LG