Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:30

Xəstəxana divarına simfoniyanı kim yazdı?


Asəf Zeynallı bir simfoniya yazacağını söylər, hətta adını da deyərmiş: «Bakı simfoniyası»nı yazacağam
Asəf Zeynallı bir simfoniya yazacağını söylər, hətta adını da deyərmiş: «Bakı simfoniyası»nı yazacağam
...Həbsxanada divar yazıları haqqında çox eşitmişəm: kimi təqvim yazıb, kimi etiraflarını, kimi sevdiyi insanların adını, kimi ittihamlarını və s. və i.a.

...Ağac yarpaqlarına yazanlar da var. Məsələn, baba Müslim Maqomayev belə yarpaqlarda xanımına məktub yazıb.

...Bağ evinin divarlarına rəsm çəkənlər haqqında da eşitmişəm. Səttar Bəhlulzadə kimi. O, ürəyini sənət həmkarı Oqtay Sadıqzadənin bağ evinin divarına «boşaltmışdı». Amma çox yazıqlar ki, dənizin rütubəti-nəmi, yeli-ruzgarı həmin rəsmi silib-aparıb.

...Bir suvaqçının böyük bir otelin divarlarına çəkilmiş rəsmi qaşıyıb-təmizləməsi haqqında da eşitmişəm. Otelin adı «Moskva», rəsmin müəllifi Toğrul Nərimanbəyov olub.

...Ancaq xəstəxana divarına simfoniya yazıldığını ağlıma da gətirməz, bəlkə eşitsəm – inanmazdım!..

Olay bir xəstəxanada vaqe oldu

Bakı. 1932-ci ilin oktyabrı. Bir xəstəxanada yatalağa tutulmuş bəstəkar yatır. Vur-tut, 23 yaşı var, amma yaradıcılığı ilə ad çıxarmağa macal tapıb. Skripka və fortepiano üçün «Muğamsayağı» yazıb. Məxsusi fortepiano üçün «Çahargah» və «Durna»nı, «Uçaq» suitasını bəstələyib. Ölkənin musiqi tarixinə ilk romansların müəllifi kimi adını yazdırıb:
Asəf Zeynallı

«Sual»
«Çadra»
«Seyran»
«Ölkəm».

Əlbəttə, Asəf Zeynallını tanıdınız. Cəfər Cabbarlının sözlərinə yazdığı «Ölkəm»i kim eşitməyib ki?!. Elə ölüm yatağında xəstəxana divarlarına simfoniya yazan da odur!..

Dərbənd. 1909-cu il. 5 aprel

O gün Asəf Zeynallı dünyaya gəlib. Anası Həspənd xanım yaxşı qarmon çalırmış. Musiqi, beləcə, lap körpəlikdən Asəfin qanına hopub və o, Dərbənddəki real gimnaziyada oxuyarkən artıq məktəb orkestrində klarnet ifaçısı imiş. Yaşı 11-i haqlayanda, ailəsi Bakıya köçür.

Asəf Zeynallı ilk Türk Musiqi Məktəbində oxuyub

Bu məktəbin bir özəlliyi də, bilirsiniz, nə olub? Oğlanlarla qızların bir yerdə təhsil alması. Bəs təşəbbüs kimin olsa yaxşıdır? – Üzeyir bəyin! İlk Türk Musiqi Məktəbinin müdiri elə Üzeyir Hacıbəyovun özü olub. Yeniyetmə Asəfin nəzəriyyə müəllimi də Üzeyir bəy imiş: «Şagirdimin diqqətini türk xalq musiqisi ladlarının əmələ gəlməsinə və 2 musiqi sistemi (ərəb-fars və Avropa) arasındakı fərqlərə yönəldirdim» (Asəf Zeynallının ölümündən 1 il ötəndən sonra Üzeyir Hacıbəyovun məqaləsindən).

İlk Türk Musiqi Məktəbində oxumağı o qədər adam arzulayıb ki (1-ci il 500 adam burada təhsil almağa iddia edib), həmin məktəbi texnikuma çevirmək lazım gəlib. Asəf buranı uğurla bitirir və konservatoriyaya daxil olur.

Alt mərtəbə texnikum, üstdə konservatoriya

Konservatoriya indi Asəf Zeynallının adını daşıyan məktəbin 2-ci mərtəbəsində yerləşirmiş. O, bu mərtəbədə oxuyar, alt mərtəbədə dərs deyirmiş.

Asəf Zeynallının hansı tələbələri olub?

Həmən cavablayaq: Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev!.. Konservatoriyada oxuya-oxuya, Asəfi Türk İşçi Teatrının musiqi rəhbəri təyin ediblər. Orada müxtəlif tamaşalara musiqi yazıb. Azərbaycan Proletar Musiqiçiləri Cəmiyyətinə (ada baxın, e!) sədri də seçilib. «İbtidai Not Savadı» kitabının da 3 müəllifindən biri olub.

1932-ci ildə «Bakı simfoniyası» yazmaq istəyir

O dönəmlər «Böyük Oktyabr»ın 15 illiyinə hazırlıq gedirmiş. Sənət adamlarından bu yubileyə, təbii ki, «töhfə» umurlarmış. Asəf Zeynallı da bir simfoniya yazacağını söylər, hətta adını da deyərmiş: «Bakı simfoniyası»nı yazacağam.

...Sən saydığını say, talenin başqa hesabları varmış. 1932-ci ilin yayında «El mahnıları»nı toplamaq üçün bölgələrə səfərlər təşkil edilir. Bu işə Asəfin məktəb dostu Bülbül başçılıq edir (Bülbülün «Ölkəm»i nədən elə oxuduğunun bir səbəbi də bu deyilmi?): «Asəf, gedək Qarabağa, oradakı mahnıları toplayıb gətirək, nota alaq». Asəf razılaşır. Şuşada Xan əmiylə rastlaşırlar. Xan Şuşunskinin «Alma almaya bənzər» mahnısı, beləcə nota alınır. Sonra Qarabağı kəndbəkənd dolaşır, el havalarını toplayırlar. Qəfildən... Asəf xəstələnir. Sən demə, qarın yatalağına yoluxubmuş. O, sağalmaq üçün Bakıya dönməyə məcbur qalır.

Asəf Zeynallı niyə müalicə olunmayıb?

Deyirəm, mütləq araşdırmaq lazımdı. Axı yatalaq xəstələrini sağaldırdılar. Axı bu, mümkün idi. Asəf Zeynallı niyə öldü? Bəlkə onu başlı-başına buraxıblar? Bəlkə özü xəstəliyinə ciddi yanaşmayıb? Bəs dostlar, yoldaşlar, qohum-əqrəba? Bu suallar cavabsız qalıb və qalır. Bir gerçək var ki, 1932-ci ilin oktyabrında Bakıda xəstəxanada yatan Asəf son günlərini yaşayırmış. Və... hər dəfə xəstə Asəfi yoluxmağa gələn qardaşı onun divara nə isə yazdığını görürmüş. Nə yazırmış?

Bu sirr ölüm günü açıla bilərdi

Asəf Zeynallı ölüm günü qardaşına deyir: «Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın elə divarda qalsın»... Söhbət bəlkə də «Bakı simfoniyası»ndan gedirmiş...

...Onun vəsiyyətini heç kim yerinə yetirmir. Niyəsi bilinmir. Heç nə yazılmayıb, heç nə deyilməyib, heç nə araşdırılmayıb. Biganəlik daha bir qəsdə, daha bir unutqanlığa imkan verib. Tamam başqa görkəmli şəxslərə, tamam başqa önəmli olaylara tamam başqa dönəmlərdə göz yumduğu və qulaq qapatdığı kimi...

Asəf Zeynallı 100 yaşına çatdı!

Bu 100 yaşın, vur-tut, 23-nü özü yaşadı. Və düz 77 ildir «xəstəxana divarına yazılan simfoniya»nın sirri elə sirr olaraq qalır. O divar yazısı necə oldu? Bəlkə bilən, bəlkə kimdən də nəsə eşidən və bu sirrə işıq salan kimsə tapıldı? Görəsən, «Bakı simfoniyası» da «Ölkəm» kimi yayılıb-seviləcəkdimi?
XS
SM
MD
LG