Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:07

Birinci ledi «Monarxa toxunma!» qaydasını pozdu


Mişel Obama və kraliça Elizabet, 1 aprel 2009
Mişel Obama və kraliça Elizabet, 1 aprel 2009
«Böyük 20-lər»in toplantısı ilə bağlı İngiltərə kraliçası rəsmi qəbul təşkil edib. Qəbul zamanı kraliça Elizabet Amerikanın birinci ledisi Mişel Obama ilə söhbətdə dostcasına onun belini sığallayıb. Mişel Obama da eyni jestlə cavab verib.

Bu görüntülər İngiltərədə böyük təəccüb doğurub. Çünki öz zahiri soyuqqanlığı ilə fərqlənən kraliça Elizabet heç vaxt ictimaiyyət arasında hisslərini büruzə vermir.

Bundan başqa, rəsmi qaydalara görə, bir monarx kimi ona toxunmaq olmaz.

Mişel Obama ilə kraliça Elizabetin fotoqrafların əhatəsində bir-birinin çiynini sığallaması o qədər qeyri-adi bir hadisə idi ki, Bukingem sarayının nümayəndəsi «bu, qarşılıqlı hörmət hisslərinin qeyri-ixtiyari baş verən bir təzahürü idi», – deyə rəsmi şərh verməyə məcbur olub.

Baş verən hadisəyə İngiltərədəki reaksiyanın səbəbini görmək üçün Böyük Britaniyanın tarixinə nəzər salmaq lazımdır.

Tarix boyu Britaniyada monarxlar az qala müqəddəs bir şəxsiyyət kimi qəbul olunub. Müasir dövrdə bütün diplomatik görüşlərdə qonaqlara əvvəlcədən xəbərdarlıq edirlər ki, nə edirsən et, bircə kraliçaya toxunmağa, məsələn, əl tutmağa çalışma.

1992-ci ildə Kanberrada kraliça Elizabeti qəbul edən Avstraliyanın Baş naziri Paul Keatinq əlini monarxın belinə qoymuşdu. Bundan sonra yerli mətbuatda onu kəskin və alçaldıcı tənqidlərə məruz qoymuşdular.

Böyük Britaniya mətbuatı daha bir hadisəni yada salır. 2000-ci ilə keçən yeni il axşamı İngiltərənin Baş naziri Toni Bler kraliçanın əlindən tutub havaya qaldırmış, onun bu hərəkətinə Böyük Britaniyanın monarxı soyuq və qəzəbli baxışlarla cavab vermişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG