Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:16
«Azərbaycanda dövlət bizə maliyyə dəstəyi, dotasiya verir».

Bunu «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Azərbaycan Yazıçılar Birliyinin maliyyələşdirdiyi «Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəyli deyib.

Amma yazar Elnur Astanbəyli deyir ki, «bizə» kəlməsinə Azərbaycan Yazıçılar Birliyinə aid olmayan yazıçılar daxil deyil:

«Belə mənzərə yaradılır ki, guya Azərbaycan Yazıçılar Birliyindən kənarda heç bir ədəbiyyat mövcud deyil. O pulu da AYB-yə nə qara qaş-gözlərinə, nə də istedadlarına görə vermirlər. Hakimiyyət AYB-ni öz təbliğat maşınının bir vintciyi, təkərciyi kimi görür».

Elnur Astanbəyli Yazıçılar Birliyinin büdcəsinin şəffaf olmadığını da deyir:

«Həftədə bir dəfə çıxan «Ədəbiyyat» qəzetinin nəşrinə 200 min manat pul xərclənir. Halbuki bu pula gündəlik qəzet nəşr etmək olar».

O, Yazıçılar Birliyinin nəşr etdiyi iki jurnalın – «Azərbaycan» (illik büdcəsi – 160.512 manat) və «Ulduz» (65.208 manat) jurnallarının məsrəflərindəki fərqin də şübhələr doğurduğunu deyir.

E.Astanbəylinin sözlərinə görə, dövlətin maliyyə dəstəyi AYB-dəki yazarların hökumətə loyallığını təmin etmək üçün istifadə olunur.

Elnur Astanbəyli
Elçin Hüseynbəyli isə bu iddiaların heç nəyə əsaslanmadığı qənaətindədir. Onun fikrincə, iddiaların arxasında paxıllıq dayanır.

Alternativ ədəbiyyat nümunələri dərc edən «Alatoran» jurnalının redaktoru Rasim Qaraca isə hesab edir ki, «Ulduz» və «Azərbaycan» jurnallarına cəmiyyətin ehtiyacı yoxdur və onlara dövlət vəsaitinin xərclənməsi də doğru deyil.

Elnur Astanbəyli də dövlət dəstəyinin daha məqsədyönlü istifadəsini təklif edir:

«Hakimiyyət əgər ədəbiyyatı dəstəkləməkdə maraqlıdırsa, bunu başqa ölkələrdəki kimi qrant müsabiqələri təşkil etməklə, şəffaf şəkildə həyata keçirə bilər».

Səlim Babullaoğlu deyir ki, Azərbaycan Yazıçılar Birliyi yaranandan bəri elə bütün hakimiyyətlərdən pul alıb:

«Keçən əsrdə onun ideoloji məqsədlər üçün yaradıldığını demək olar. Amma ya zəlzələdən, ya vəlvələdən, AYB dövlətin daha çox etimad göstərdiyi və daha çox yazıçını öz ətrafında birləşdirən qurumdur».

Dövlətin niyə məhz bu quruma etimad etdiyinə gəlincə, Səlim Babullaoğlunun fikrincə, buna səbəb təşkilatın üzvlərinin çoxluğudur:

«Bu qurumu dəstəkləməklə, dövlət 1500 nəfər ədəbiyyatla məşğul olan adama qayğı göstərir».c

Səlim Babullaoğlu və Elnur Astanbəyli
O ki qaldı alternativ qurumlara dövlət qayğısının olmamasına, Səlim Babullaoğlunun sözlərinə görə, rəsmi dövlət qeydiyyatından keçmiş alternativ qurum da yoxdur.

Azad Yazarlar Ocağının sədri Rasim Qaraca isə deyir ki, bu qurumu qeydiyyatdan keçirməkdən elə hökumətin özü, Ədliyyə Nazirliyinin simasında imtina edir.

Səlim Babullaoğlu isə deyir ki, məsələ təkcə qeydiyyatda deyil. Alternativ qurumlar, onun sözlərinə görə, layihələrini də normal formalaşdıra bilmirlər.

Elçin Hüseynbəyli isə deyir ki, əsas məsələ nə kəmiyyətdir, nə qeydiyyat - əsas məsələ keyfiyyətdir. Amma keyfiyyətə də hərənin öz baxışı var:

«Mən «krupnokalibr»li yazıçıyam. Mənim əsərlərimə bərabər bir əsər qoysunlar ortaya, sonra qayğı istəsinlər».

Elçin Hüseynbəyli hesab edir ki, «Alatoran» jurnalında «antimilli əsərlər» çap olunduğu üçün onu bağlamaq lazımdır.

Rasim Qaraca isə deyir ki, Elçin Hüseynbəylinin romanlarının «dövlət dəstəyi görməyən Həmid Herisçinin əsərlərinin bir vərəqi qədər qiyməti yoxdur».

Səlim Babullaoğlu «antimilli ədəbiyyat» ifadəsi ilə razılaşmasa da, alternativçilərin keyfiyyət göstəricisinin aşağı olduğu barədə fikirlərə qatılır. Amma deyir ki, ədiblər təfriqə ilə deyil, ədəbiyyatla məşğul olmalıdır.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG