Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:01

Kitab alanlar azalıb


Az da olsa satılan kitablar əsasən ali və orta məktəblər üçün dərsliklərdir

Az da olsa satılan kitablar əsasən ali və orta məktəblər üçün dərsliklərdir

Son bir həftədə Bakıdakı kitab mağazalarında kitab satışı xeyli azalıb. Məsələn, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin birinci mərtəbəsindəki kitab mağazasında əvvəllər gündə 60-70 kitab satılırmışsa, son vaxtlar gündə cəmi 10-15 kitab satıla, ya satılmaya. Mağazanın baş mütəxəssisi Fatma İsmayılova deyir ki, onlar bunun dəqiq səbəblərini bilmirlər, amma ehtimal edirlər ki, bu, dünyadakı iqtisadi böhranla bağlı ola bilər:

- Hələ bilmirik nə ilə bağlıdır.
- Bəlkə adamlar kitab oxumaq istəmirlər?
-Yox mən deməzdim oxumaq istəmirlər. Əksinə indi gənclər daha çox kitab oxuyurlar.

F.İsmayılovanın sözlərinə görə, az da olsa satılan kitablar əsasən ali və orta məktəblər üçün dərsliklərdir. Növbəti yerlərdə detektiv janrda olan kitablar gəlir.

Bakının mərkəzindəki kitab mağazalarının hamısında vəziyyət bir-birinə oxşardır. Kitab mağazalarını gəzdiyim müddətdə yalnız bir yerdə kitab alana rast gəldim, o da elə ilk getdiyim Ədəbiyyat Muzeyinin birinci mərtəbəsindəki kitab mağazasındaydı.

Əgər kitab satışında problemlər bir həftə əvvəl başlayıbsa, qəzet-jurnal satanlar iki-üç aydır ki, alıcı kasadlığından əziyyət çəkirlər. Bakının Fəvvarələr Meydanında səyyar qəzet-jurnal satan Arif Səlimovun dediyinə görə, əgər əvvəllər gündə 200 manatlıq jurnal-qəzet satırdılarsa, indi 20 manatlıq alver olanda papaqlarını göyə atırlar:

- Qəzet-jurnal alanlar çox azalıb.
- Səbəb nədir sizcə?
- Səbəb odur ki, adamlarda pul yoxdur. Bir də qəzet-jurnallarda doğru məlumatlar yoxdur.

Ədəbiyyatşünas Abbas Abdulla kitab satışının iqtisadi böhranla əlaqələndirilməsilə razı deyil. O hesab edir ki, gərək maraqlı kitablar olsun ki, oxucusu da çox olsun:

«Bunun bir neçə səbəbi var. Biri odur ki, şair olmayan şeir kitabı buraxır, amma içərisində şeir deyilən bir şey yoxdur, necə gəldi yazılıb. Bundan başqa, əvvəllər gündə bir maraqlı kitab çıxırdı adamlar da alırdı. Mən Yazıçılar Birliyinin üzvüyəm, elələri var deyir bir ildə yeddi kitab yazmışam. Amma mən 50 ildir yaradıcılıqla məşğulam, amma indiyə qədər cəmi 7-8 kitabım çıxıb. Bir ilə 7-8 kitab çıxarmaq olmaz axı. Ağzına gələni yazır doldurur adını da qoyur kitab, belə olmaz axı».

Amma «Akademik kitab» mağazasının direktoru Əliağa Cəfərli kitab satışındakı son vəziyyəti bayramlarla əlaqələndirir:

«Biz uzun müddətdir ki, bu dinamikanı izləyirik, hər dəfə bayramlardan sonra belə bir vəziyyət yaranır».

Bakı Dövlət Universitetinin kitabşünaslıq kafedrasının müəllimi Pərviz Kazımi deyir ki, bu gün Azərbaycan kitab bazarında orta tiraj 500-dən artıq deyil. Halbuki qonşu Türkiyə və İranda orta tiraj 5 minlə 10 min arasındadır. P.Kazımi deyir ki, Bakıda kitaba olan təlabatını ödəyə biləcək şəbəkə olsa da, vəziyyət çox pisdir.

Şərhləri göstər

XS
SM
MD
LG