Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:56

Bakının zibilli küçələri...


Şəhərin küçələrində zibil qışa nisbətən yayda çox olur
Şəhərin küçələrində zibil qışa nisbətən yayda çox olur

Camaat şəhər təsərrüfatı rəhbərliyini, onlar da camaatı qınamaqda, paytaxtı başına götürən zibillər isə sakinlərin və qonaqların qanını qaraltmaqdadır


Səmayə Məmmədova Bakıda küçələrin təmizliyi ilə məşğul olur. Səhər saat 6-da işə başlayır, axşama qədər çalışır. Deyir, gecə-gündüz küçələrin zibilini yığıb, şəhərin təmizliyinə cavabdeh olmaq ağır işdir. Bu işin qarşılığında 150 min köhnə manat məvacib alır.


Səmayə xanım bildirir ki, şəhərin küçələrində zibil qışa nisbətən yayda çox olur. Onu ağrıdansa gecə-gündüz işləmələrinə baxmayaraq, paytaxt sakinlərinin çoxunun Bakının çirkli küçələrinə görə onu və təmizliklə məşğul olan rəfiqələrini qınamalarıdır: «Səhər tezdən işə çıxırıq. Bütün bu küçələri silib-süpürürəm, ancaq elə bil əl dəyməyib. Nə qədər təmizləsək də, yenə çirklidir. Adamlar təmizliyə əməl etmirlər».


Qardaşxan Əsədovla isə şəhərin mərkəzi küçələrindən birində qarşılaşdım. Onun əlində boş su qabı vardı. Ətrafına baxıb zibilqabı axtarır, ancaq tapmırdı. Təxminən 10 dəqiqəyə yaxın zibilqabı axtardı, mən də onun ardınca getdim ki, görüm əlindəki zibili nə edəcək. Nəhayət, o, ağzına qədər zibillə dolu qabı tapdı və boş su qabını ora yerləşdirə bildi. Qardaşxan Əsədov deyir ki, o, həmişə belə edir, bir saat axtarsa da, zibili zibil qabına atır: «Həmişə belə edirəm, əlimdə kağız olsun, zibilqabına atmasam, sakit olmaram. Lap şəhərdə min yox, beş min zibilqabı olsun, adamdan asılıdır ki, küçələri zibillməsin».


Siqaretin kötüyünü küçəyə atan Zaur Səlimov da həmişə belə etdiyini deyir. Yaxınlığında zibilqabı olmasa siqaret kötüyünü də, içdiyi suyun boş qabını da, əlindəki kağızı da yerə atır. Buna görə, o, şəhər təsərrüfatı rəhbərliyini qınayır: «Zibilqabı yanımda olsun, ora atım. Təmizliyə riayət etsinlər də...»


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun isə belələrini görməyə gözü yoxdur. Cənab Abıtalıbov hesab edir ki, indi şəhərdə kifayət qədər zibilqabı var, adamlarsa zibili həmin qabına yox, küçəyə atırlar: «Bakıda zibil qutuları problemi yoxdur, ancaq zibili zibil qutusuna atmaq problemi var. Gedirik, zibilqutusu da yanımızdadır, çəkdiyimiz siqareti oraya yox, yerə atırıq, üstəlik onu ayağamızla əzirik də».


Tələbə Yunus Cavadov isə deyir ki, şəhərin zibillərdən təmizlənməsi üçün paytaxt rəhbərliyi nəsə bir yenilik etməldir. O, İsveçrədən misal da çəkir: «Universitetdə bir müəllimimiz var, o, deyirdi ki, İsveçrədə turistlər çoxalıb, parkları çirkləndirəndə, ora xüsusi qablar qoyublar. Həmin qablara zibil atanda səslə adama təşəkkür edirmiş, bir müddət sonra doğrudan da zibillərin sayı azalıb. Bizdə də nəsə elə bir ixtira olsa yaxşı olar».


Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri, ekoloq Kamran Mahmudov isə deyir ki, problemin qarşısının alınmasının bir yolu var, o da məişət tullantılarının emalı zavodunun tikilməsidir: «Yoxsa həmişə belə olacaq. Bizdə də emal zavodları tikilsə və camaat həvəsləndirilsə ki, zibili həmin zavoda vermək lazımdır, bu problem tezliklə aradan qalxar. Təsəvvür edin, sonradan bir neçə belə zavod tikilsə, əsl rəqabət yaranar. Ən yaxşı yol budur».



Bakıda məişət tullantıları, yəni zibil emalı zavodunun tikintisi haqqında çoxdan söhbət gəzsə də, bu iş hələ reallaşmır. Bakı Şəhər İcra Hakimiyyətindən bildirdilər ki, bu zavodun nə vaxt tikiləcəyi, nə vaxt istifadəyə veriləcəyini heç onlar da dəqiq bilmirlər. İndilik isə camaat şəhər təsərrüfatı rəhbərliyini, onlar da camaatı qınamaqda, paytaxtı başına götürən zibillər isə sakinlərin və qonaqların qanını qaraltmaqdadır.


XS
SM
MD
LG