Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:52

Azərbaycan-Türkiyə arasında yeni turizm marşrutunun açılması gözlənilir


Bu ilin sentyabrında Azərbaycan-Türkiyə arasında yeni turizm marşrutu açılacaq. Türkiyə mədəniyyət nazirliyinin təmsilçisi Şeyda Odabaşı deyir ki, bu marşruta 1918-ci ildə türk ordusunun Azərbaycana yürüşü zamanı keçdiyi yerlər daxil edilib. «Bu layihə iki ölkə arasında mədəniyyət turizminin əsasını qoyacaq» deyən xanım Odabaşının fikrincə, belə bir turizm marşrutu həm də gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsinə yönəlib: «İlk öncə Azərbaycan gəncləri Türkiyəyə gələcək, orda tarixdən bəhs edən seminar keçəcəklər, Anadolunu gəzəcək və sonra türkiyəli yaşıdlarıyla birgə Gəncəyə gələcəklər. Gəncə-Bakı marşrutu ilə bütün görməli, tarixi yerləri gəzəcəklər»


Şeyda Odabaşı deyir ki, bu marşruta əvvəlcə tələbələr, sonra idmançılar və kursantlar cəlb olunacaq. Daha sonra isə Azərbaycanın mədəniyyəti və tarixi yerləriylə tanış olmaq arzusunda olan turistlər oxşar marşrut üzrə gəzə biləcəklər.


Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin əməkdaşı Elçin Qafarlının sözlərinə görə, layihənin ilkin mərhələsində 150 gənc iştirak edəcək və onların səfərini Azərbaycan və Türkiyə hökuməti maliyyələşdirəcək. Sonra isə bu marşrut üzrə biletlər satılacaq. Cənab Qafarı deyir ki, arzu edən gənclər hər il mayın 15-dən sentyabrın 15-nə qədər iki həftəlik güzəştli qiymətlərlə bilet əldə edə biləcəklər. Azərbaycanda bu marşrut üzrə gənclik düşərgələrinin də salınmağı nəzərdə tutulur. Şeyda Odabaşı isə deyir ki, mədəniyyət turizminin inkişafı üçün yüksək standartlara uyğun infrastruktur olmalıdır. Xanım Odabaşının sözlərinə görə, İpək yolunun Türkiyədən keçən hissələrində hazırda turizmin inkişafı üçün işlər görülür və proses başa çatandan sonra bu model Azərbaycanda İpək yolu boyunca tətbiq olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG