Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:30

«Neftçi»nin vitse-prezidenti AFFA-nı ittiham edir


«Neftçi» klubunun emblemi
«Neftçi» klubunun emblemi

Ramin Musayev: «Təqvimi dəyişdilər, bizi 3 gündən bir oynamağa məcbur etdilər. Hakimlər bizi sıxdı, oyunçularımızı sındırdılar...»


Futbol üzrə 14-cü Azərbaycan çempionatı mayın 30-da keçirilən oyunlarla başa çatdı. Sonuncu turda «İnter»i minimal hesabla (1-0) yenən Bakının eyni adlı klubu - «Bakı» tarixində ilk dəfə çempion olmağı bacardı. 14 komandanın yarışdığı birincilikdə gümüş medalları əyalət təmsilçisi - Yevlaxın «Karvan» klubu aldı. Azərbaycan futbolunun «flaqmanı» adlandırılan Bakının «Neftçi» komandası isə, ancaq 3-cü ola bildi. Artıq «Neftçi»nin Avrokuboklarda iştirakı özündən asılı deyil. Reqlamentə görə, Azərbaycan çempionu UEFA Çempionlar Liqasına vəsiqə qazanır. İkinci yerin sahibi və Azərbaycan Kubokunu qazanan komanda isə UEFA Kubokuna gedir.


Azərbaycan Kubokunun sahibi iyunun 3-də, Ağdamın «Qarabağ» və Yevlaxın «Karvan» komandaları arasındakı finaldan sonra bəlli olacaq. Əgər «Karvan» «Qarabağı» yenməyi bacarsa, onda «Neftçi» də UEFA Kubokuna qatıla biləcək. «Qarabağ» qalib gələcəyi halda isə, Avrokuboklara Ağdam klubu gedəcək.


Futbol mütəxəssislərinin fikrincə, Azərbaycanın ən məşhur klubu olan və ötən mövsüm Çempionlar Liqasında 2-ci mərhələyə çıxıb layiqli oyun göstərən, bu ilin əvvəlindəsə Moskvada MDB ölkələri çempionatında - Birlik Kubokunu qazanan «Neftçi»nin Avrokuboklardan kənarda qalmasına üzülmək də olar, sevinmək də. «www. azerfootball.com» saytının təsisçisi Erkin İbrahimov: «Belə təcrübəli komandanın Avrokuboklardan kənarda qalması ehtimalı üzücüdür, amma digər tərəfdən, bu, başqa klubların da inkişafının göstəricisi olduğundan sevindiricidir».


«Neftçi» klubunun vitse-prezidenti Ramin Musayev isə, komandanın bu mövsüm uğursuz çıxış etməsi fikriylə razı deyil. Onun fikrincə, kluba qarşı AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən o qədər əngəllər yaradılmışdı ki, bunun müqabilində qazanılan 3-cü yeri də uğur saymaq olar: «Təqvimi dəyişdilər, bizi 3 gündən bir oynamağa məcbur etdilər. Hakimlər bizi sıxdı, oyunçularımızı sındırdılar...»


AFFA rəhbərliyi isə «Neftçi» və başqa komandalar tərəfindən mövsümboyu ünvanına yönələn tənqidlərin haqlı olmadığını deyir. AFFA-nın Baş katibi Fuad Əsədovun sözlərinə görə, bu çempionat futbolda inkişaf olduğunu bir daha təsdiqlədi: «Rəqabət artdı, təzə komanda çempion oldu».


Məşqçilər və futbol mütəxəssislərinin əksəriyyəti 14-cü çempionatın mükafatçılarının sonuncu turacan müəyyənləşməməsini, rəqabətin son oyuna qədər sürməsini müsbət qiymətləndirsələr də, ötən çempionatla müqayisədə elə də irəliləyişin olmadığını bildirirlər.


Futbol üzrə Azərbaycan yığmasının keçmiş çalışdırıcısı Vaqif Sadıqovun fikrincə, bu il ən yadda qalan hadisə legioner limitiylə bağlı gələcəyə yönələn qərarın verilməsiydi: «Fərqli yeniliklər olmadı, eyni oyunçular, eyni əcnəbilər, eyni səviyyə...Sadəcə, legioner limitinin azaldılmasıyla bağlı AFFA-nın qərarı daha faydalı oldu ki, bunun da təsirini gələcəkdə hiss etmək olacaq».


Bütün futbol mütəxəssisləri bu fikirlə razılaşır ki, 14-cü Azərbaycan çempionatının səviyyəsinə ən real qiyməti Avropa Kuboklarındakı oyunlardan sonra vermək daha düzgün olacaq. Əgər «Bakı», «Karvan», «Qarabağ» və ya «Neftçi» ötən ilkindən daha yaxşı nəticələr göstərə bilsə, yığma komandada hansısa inkişaf nəzərə çarpsa, onda futboldakı inkişafdan danışmaq olar...


XS
SM
MD
LG