Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:05

Xəzər sahillərinin hasarlanması davam edir…


Səngəçal terminalından tutmuş üzü şəhərə doğru bütün sahil əraziləri hasara alınmaqdadır

Səngəçal terminalından tutmuş üzü şəhərə doğru bütün sahil əraziləri hasara alınmaqdadır

Xəzər dənizinin 130 metrlik zolağındakı tikililərin sökülməsi ilə bağlı mərhum prezident Heydər Əliyevin 2003-cü ilin yanvarında verdiyi sərəncam bu günə qədər niyə yerinə yetirilmir?


“Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” mərhum prezident Heydər Əliyevin verdiyi sərəncamdan 3 ildən artıq vaxt ötsə də bu məsələ həll olunmamış qalır. Hələ sahilboyu ərazilərin təmizlənməsi bir yana bəzi ərazilərində sürətli tikinti və hasarlama işləri gedir. Hazırda Qaradağ rayonu ərazisində Səngəçal terminalından tutmuş üzü şəhərə doğru Dövlət Yol Polisi postuna qədər bütün sahil əraziləri hasara alınmaqdadır. Həmin tikinti işlərini kim aparır məlum deyil, bu işlərin görülməsinə razılığı kim verib, o da məlum deyil. Tikinti işlərində çalışan fəhlələr isə bu barədə ümumiyyətlə danışmaq belə istəmirlər. Xəzərin sahilində belə tikinti işləri Bakının digər rayonlarında, bundan başqa Sumqayıtda da aparılmaqdadır.


Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bir qədər əvvəl bu işlə şəhər rəhbərliyi məşğul olsa da indi həmin sərəncamın yerinə yetirilməsinə Nazirlər Kabineti və dənizkənarı rayonların icra hakimiyyətləri nəzarət edir. Vaxtilə dənizin sahilində evlərin tikilməsinə kimin icazə verdiyinə gəlincə mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova hesab edir ki, üstündən xeyli vaxt keçdiyindən o, bu məsələ barədə söz deməkdə çətinlik çəkir.


Sumqayıt şəhər Memarlıq İdarəsindən bildirilər ki, onlar təxminən 10 gün olar ki, sahilboyu 130 metrlik zolaqda yerləşən tikililərlə bağlı siyahını tam hazırlayıb veriblər icra hakimiyyətinə. Amma memarlıq idarəsinin rəhbəri Bağır Mikayıloğlunun bizə dediyi bu məlumatı Sumqayıt Şəhər İcra hakimiyyətinin Tikinti Məsələləri üzrə şöbə müdiri Baba Əsgərov qəti şəkildə təkzib etdi.


Qaradağ rayonunda dənizkənarı ərazilərdəki tikililərə gəlincə icra hakimiyyətinin tikinti məsələləri üzrə müavini Vaqif Həsənov sərəncama əməl olunduğunu bildirdi. Cənab Həsənov hazırda Səngəçal terminaldan paytaxta doğru aparılan yeni tikinti işləri ilə kimin məşğul olması barədə sualı isə cavabsız qoydu.


Bakı Baş Tikinti İdarəsinin keçmiş rəhbəri Emil Axundova görə, 2003-cü ildə verilən prezident sərəncamını bir neçə günə də icra etmək mümkündür, amma bunu etməli olan qurumlar nədənsə belə bir addım atmaq istəmirlər.


Emil Axundov hesab edir ki, ilk növbədə sərəncamdan əvvəl qanuni şəkildə tikilən evlərin siyahısı hazırlanmalı və qiymətləndirmə aparılmalıdır. Yalnız bundan sonra həmin tikililərin sahiblərinə kompensasiya verilməlidir. Cənab Axundov bunu müəyyən mənada problemdən çıxış yolu hesab etsə də imarət sahiblərinin heç də sakit durmayacağına da əmindir. Onun sözlərinə görə, artıq bəzi villa sahibləri dövlətdən kompensasiya almaq üçün imarətlərini, bağlarını köhnə tarixə sənədləşdirməyə başlayıblar ki, guya həmin evlər prezidentin 2003-cü il sərəncamından əvvəl tikilib.


Bakı Baş Tikinti İdarəsinin keçmiş rəhbəri başqa bir çıxış yolu kimi, bu işləri həyata keçirə biləcək yeni kadra ehtiyac olduğunu deyir.


Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovsa hesab edir, sahil zolağındakı tikililərin bir hissəsi dövlətə məxsus olsa da əksəriyyəti məmurlarındır. Onlara məxsus obyektlərin, imarətlərin sökülməsini xeyli çətin iş hesab edən cənab Mövsümova görə söküləcəyi halda həmin evlərin sahiblərinə dövlət büdcəsindən kompensasiya ödənilməsi bundan da çətindir. Vasif Mövsümov düşünür ki, qanuni və ya qanunsuz nə vaxtsa həmin evlərə icra hakimiyyətləri sənəd verib və bu baxımdan da əgər həmin evlər sökülərsə onda ev sahiblərinə kompensasiya verilməsi qaçılmazdır. Amma başqa bir tərəfdən o, bu qaçılmazlığı həm də büdcəyə vurulan zərbə hesab edir. Həmsöhbətim hesab edir ki, sərəncamın yerinə yetirilməməsi pis ənənə yarada bilər.


Bakının baş planının müəlliflərindən biri Feyzulla Quliyev isə deyir ki, üç il əvvəl verilən sərəncamı alqışlasa da onun indiyə qədər yerinə yetirilməməsindən təəssüflənir. Cənab Quliyev deyir ki, vaxtilə Bakının baş planı ilə yanaşı Xəzərin qərb sahillərinin istirahət yerləri üçün nəzərdə tutulması ilə bağlı layihə də təsdiqlənib. Elə təsdiqlənmiş həmin layihəyə uyğun dəniz kənarındakı bütün tikililəri təmizləmək mümkündür.


Çətinliklərə baxmayaraq paytaxtın baş planının müəllifi Feyzulla Quliyev sahil zolağının gec-tez təmizlənəcəyinə ümidini itirməyib.
XS
SM
MD
LG