Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:11

İranda baş verənlər Bakıdan necə görünür?


Ərdəbildə etiraz aksiyası, 29 may 2006

Ərdəbildə etiraz aksiyası, 29 may 2006

Dövlət rəsmiləri bu haqda danışmamağa üstünlük versə də, qeyri-hökumət təşkilatları və müxalif siyasətçilər İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına açıq etirazlarını bildirirlər


Son günlər İranda baş verən hadisələrə Azərbaycanda iki fərqli münasibət müşahidə olunmaqdadır. Dövlət rəsmiləri bu haqda danışmamağa üstünlük versə də, qeyri-hökumət təşkilatları, həmçinin müxalif siyasətçilər İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına açıq etirazlarını bildirirlər. Elə ilk günlərdən bir çox təşkilatlar İranın Bakıdakı səfirliyi qarşısında mütəmadi olaraq piketlər keçirməyə cəhd göstərirlər. Bundan başqa, artıq bazar ertəsi bir neçə təşkilat birləşərək «Güney Azərbaycan Hərəkatına Dəstək» Şurası yaradıblar. Şuranı Bütöv Azərbaycan Birliyi, Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Azərbaycanda yaşayan bir sıra İran azərbaycanlıları yaradıblar. Məqsəd İranda yaşayan azərbaycanlılara dəstək vermək üçün kütləvi aksiyalar keçirməkdir. Mayın 29-da isə Müsavat Partiyasının başqanı İsa Qəmbər keçmiş hərəkatçıları birgə mitinqlər keçirməyə, Azərbaycan hakimiyyətini isə İranda yaşananlarla bağlı qərar verməyə çağırıb. O, İranda yaşayan azərbaycanlıların təhqir olunmasını bu ölkənin daxili məsələsi saymadığını deyib. «Bu adamlar başa düşmürlər ki, dünyanın istənilən nöqtəsində bir azərbaycanlı təhqir olunursa, bu daxili məsələ deyil, bu bütün Azərbaycanın, bütöv Azərbaycanın məsələsidir. Bu adamlar başa düşmürlər ki, biz onların hərəkətlərinə laqeyd qalmayacağıq». İsa Qəmbər qurultaydakı çıxışında bildirib ki, İranda, ya Azərbaycanda yaşamasından asılı olmadan bütün azərbaycanlılar bir yerdədirlər.


Bir çox ekspertlərsə hesab edir ki, belə çağırışlar qonşu ölkənin daxili işinə qarışmaq kimi qiymətləndirilə bilər. Politoloq Vəfa Quluzadə deyir ki, İranda yaşayan azərbaycanlıları bütöv Azərbaycan ideyası bir o qədər narahat etmir, onların mübarizəsi insan haqları, milli-mədəni problemləri ilə bağlıdır. «Azərbaycan müstəqil olandan bəri Birgə Azərbaycan yaratmaq məsələsi qeyri-realdır. Azərbaycan hakimiyyətinin nə belə bir hüququ var, nə belə bir imkanı…»


Bəzi müşahidəçilərsə müxalif düşərgənin bu məsələləri gündəmə gətirməsinin arxasında başqa maraqların gizləndiyini düşünürlər. Onların qənaətincə, son parlament seçkilərində uğursuzluğa düçar olan ana müxalifət partiyaları ideoloji boşluğu doldurmağa, cəmiyyətin diqqətini yayındırmağa çalışırlar.


Bir başqa arqumentsə budur ki, Azərbaycanda səslənən bəyanatların heç də hamısı siyasi xarakterli deyil. Bu arqumentdə olanlar bildirir ki, istənilən halda söhbət insan haqlarından gedir. İnsan haqlarının heç bir ölkənin daxili işi olmadığını söyləyən «Ayna» qəzetinin yazarı Sədrəddin Soltan xalqın məsələyə reaksiyasını düzgün hesab edir. «Mozambikdə insan haqları pozulanda hansı reaksiya verilirsə, indi də ona bənzər reaksiya verilir. Sadəcə, bu reaksiya bir qədər fərqlənir. Bu da təbiidir…» Sədrəddin Soltan onu da əlavə edir ki, Azərbaycan cəmiyyətinin İrandakı azərbaycanlıların problemlərinə ağrı ilə, bəzən də emosiyalarını cilovlamadan yanaşması təbiidir.


Politoloq Vəfa Quluzadə bütün arqumentləri bir tərəfə qoymağın və soyuq başla düşünməyin tərəfdarıdır. Onun qənaətincə, müxalifət partiyaları və ya qeyri-hökumət təşkilatları istədiklərini söyləməkdə azaddırlar. Azərbaycan hökuməti isə İranın daxili işlərinə qarışmamalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG