Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:07

Əvəzsiz verilən torpaqlar…


Parlament «Torpaq Məcəlləsi»nə dəyişikliklər edib

Parlament «Torpaq Məcəlləsi»nə dəyişikliklər edib

Deputat Tahir Rzayev deyir ki, parlamentin yeni düzəlişlərindən sonra, bələdiyyələrin şəhid, Milli Qəhrəman ailələrinə və başqa imtiyazlı şəxslərə verdiyi torpaqlar məcburən geri alına bilər


Milli Məclis mayın 30-da «Torpaq Məcəlləsi»nə və «Bələdiyyələrin torpaqları idarə etməsi haqqında» qanuna dəyişikliklər edib. Bu dəyişikliklərdə məqsəd lazım olanda bələdiyyələrin əhaliyə payladığı torpaqları geri almağa şərait yaratmaqdır. Yəni, söhbət yalnız ictimai əhəmiyyətli məsələlərin həlli üçün həmin torpaqların geri alınmasından və həmçinin bələdiyyələrin əhaliyə əvəzsiz olaraq verdiyi torpaqlardan gedir. Əvəzsiz deyəndə məsələn, şəhid, Milli Qəhrəman ailələrinə verilən torpaqlar nəzərdə tutulur. O ki qaldı, ictimai maraq kəsb edən hallara, məsələn, neft, qaz kəməri keçən ərazilərdə, yaxud strateji obyektin tikintisi zamanı bu iş həyata keçirilə bilər.


Milli Məclisin Regional Siyasət Daimi Komissiyasının üzvü, hakim YAP-dan olan millət vəkili Tahir Rzayev deyir ki, heç bir halda əhalinin hüquqları hansısa formada pozula bilməz, qanunvericiliyə görə, torpağı ictimai məqsəd deyil, başqa səbəblərdən əlindən alınanlar məhkəməyə müraciət edə bilər. Bundan başqa, alınan torpaqlar üçün kompensasiya ödənməsi də nəzərdə tutulub: «Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkiləndə həmin yerdən köçürülən əhaliyə kompensasiya ödəndi. İndi də bələdiyyə torpağında hansısa hərbi obyekt tikiləndə torpağa görə pul verilib alınmalıdır».


Konkret olaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi zamanı kəmərin keçdiyi kəndlərin sakinləri bir neçə dəfə aksiya keçirərək, onlara ödənməli olan kompensasiyanın məbləğinin az olmasından gileylənmişdilər.


İqtisadi Tədqiqatlar Mərkəzinin bələdiyyə departamentinin rəhbəri Rövşən Ağayevsə deyir ki, geri alınan torpaqlar üçün kompensasiya bir neçə formada ödənə bilər: «Məsələn, dövlət bələdiyyədən aldığı torpaq həcmində başqa yerdə ona torpaq ayıra bilər, yaxud əgər həmin torpaq sahəsi bələdiyyə üçün gəlir mənbəyi idisə, dövlət onu torpaqla kompensasiya etmirsə, onda hansısa dəyər formasında kompensasiya edir, bu, normal bir mexanizmdir və bütün dünyada mövcuddur».


Cənab Ağayev diqqəti başqa bir məqama yönəldir ki, bu da bələdiyyə torpaqlarının əslində, icra hakimiyyəti orqanlarının nəzarətində olmasıdır: «Fərmanlar var ki, bələdiyyələr yaranana qədər icra hakimiyyəti tərəfindən icarəyə verilmiş torpaqlar məsələsinə onlar qarışa, həmin müqavilələri ləğv edə bilməz, lakin bəzi şərtlərini dəyişdirə bilər. Bu gün bələdiyyənin mülkiyyəti var, ancaq həmin mülkiyyət üzərində sərəncam vermək hüququna malik deyil».


«Torpaq Məcəlləsi»nə və «Bələdiyyələrin torpaqları idarə etməsi haqqında» qanuna dəyişikliklər ötən həftə parlamentin Regional Məsələlər, Hüquq Siyasəti və Dövlət Quruculuğu komissiyalarında müzakirə edilib. Bu müzakirələrdə deputatlar bir neçə ifadəyə etiraz etmişdilər. Məsələn, düzəlişlərdə deyilirdi ki, əvəzsiz verilən torpaqların məcburi geri qaytarılması barədə fiziki və hüquqi şəxslər məhkəmədə iddia qaldıra bilər. Burda ən çox mübahisəyə səbəb olan «məcburi qeri qaytarılma» ifadəsi olub. Milli Məclisin üzvü Tahir Rzayevin «Azadlıq» radiosuna bildirdiyinə görə, həmin dəyişikliklər olduğu kimi, qəbul olunub. Yəni, bələdiyyələrin şəhid, Milli Qəhrəman ailələrinə və başqa imtiyazlı şəxslərə verdiyi torpaqlar məcburən geri alına bilər və bu halda onların məhkəməyə müraciət hüquqları qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG