Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:47

«Bitmək bilməyən məktub»


"Həm Nərimanov, həm də Rəsulzadə qarşısıalınmaz ölümdən qaçdılar"

"Həm Nərimanov, həm də Rəsulzadə qarşısıalınmaz ölümdən qaçdılar"

Yazıçı Çingiz Hüseynov Məmmədəmin Rəsulzadə və Nəriman Nərimanov şəxsiyyətlərinin pərdəarası məqamlarından danışır


Bu dəfə «İz» Azərbaycan tarix və mədəniyyətinin 2 görkəmli şəxsiyyəti – Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanovun ayrılan yollarından söz açır. Mövzu bələdçisi tanınmış yazıçı, Moskvada yaşayan filologiya professoru Çingiz Hüseynovdur.


AZADLIQ: Çingiz bəy, nə deyirsiniz-deyin, 28 mayın memarını 28 aprelin qurbanı ilə barışdırmaq - İstiqlalla İşğalı eyniləşdirməyə bənzəyir. Elə deyilmi?


ÇİNGİZ HÜSEYNOV: Faktları dəyişdirmək olmaz. 28 may İstiqlalın tarixidir. 28 aprel solçu baxışların təntənə çaldığı gündür. Sonra işğala döndü. Sonrasını atıb o günü həmrəylik gününə çevirək ki, parçalanmayaq.


AZADLIQ: «Fətəli fəthi» romanınızdan keçən xeyli vaxtdan sonra Nəriman Nərimanovu və Məmmədəmin Rəsulzadəni yeni əsərinizə qəhrəman seçdiniz. Mirzə Fətəli ilə bu iki şəxsiyyət arasında hər hansı oxşarlıq var?



ÇİNGİZ HÜSEYNOV : Bir oxşarlıq odur ki, Mirzə Fətəli də Azərbaycana bağlı və vətənin taleyini düşünən mütəfəkkir olub. Başqa bir oxşarlıqsa da hər üçünün taleyinin faciə ilə bitməsidir.


AZADLIQ: Nərimanov və Rəsulzadə haqqında hansı yeni məlumatlar əldə edə bilmisiniz?


ÇİNGİZ HÜSEYNOV: Faktlar bəllidir. Məsələyə konseptual yanaşmaq önəmlidir. Hər konsepsiyaya uyğun tarixi fakt tapmaq mümkündür. Heyrətə salası fakt odur ki, həm Nərimanov, həm də Rəsulzadə Azərbaycanda qarşısıalınmaz ölümdən qaçdılar. Və ölümdən oluma deyil, ölümdən ölümə qaçdılar.


AZADLIQ: Romanı niyə «Bitmək bilməyən məktub» adlandırmısınız? Siz təsadüfi ad qoyan yazarlardan deyilsiniz, axı...


ÇİNGİZ HÜSEYNOV: 2-ci nəşrin adı belədir. Əvvəlki nəşr «Doktor N.» adlanırdı. 2 cildlik roman idi. Nərimanovun ölümündən 1 ay öncə yazdığı yarımçıq məktubu Sov.İKP MK-da yüksək vəzifə sahibinin icazəsi ilə oxuya bildim. Və... sarsıldım. Nərimanov o məktubda oğluna yazmışdı ki, sən bu məktubu oxuyanda bəlkə də bolşevizm olmayacaq. O sözdən sarsılmışdım. Və başladım Nərimanovdan yazmağa. Sonra «perestrpoyka» gəldi və M.Ə.Rəsulzadə haqqında bəzi mətləblər üzə çıxdı. Heç özüm də bilmədən 1 qəhrəmanlı roman oldu 2 qəhrəmanlı. Beləcə, ad da dəyişdi və oldu «Bitmək bilməyən məktub». Azərbaycanın durumunu ki belə görürəm, demək, o məktub hələ bitməyib. Hələ işıq ucu yoxdur. Məmməd Əminin rəsmini Milli valyutadan, universitetin adından götürüblər. Azərbaycan Rəsulzadə yolu ilə getmir. Yəqin heç Nərimanovun yolu ilə da getmir. Çox eybəcər bir durumdayıq.


Nərimanov yaxıngörən olub –Azərbaycanın yaxındakı fəlakətdən xilasını düşünüb. Rəsulzadə uzaqgörən olub – müstəqil Azərbaycanı, dünyanın bərabərhüquqlu dövlətini görə bilib!..


İşə bax ki, Nərimanovu ölümdən Lenin xilas edib, Rəsulzadəni – Stalin. Hər ikisini Azərbaycanda öldürmək mümkün olmasa da, oradan qovmağa nail oldular. Bu, bizim faciəmizdir.


AZADLIQ: «Kimdi Nərimanov və kimdi Rəsulzadə?» sualına romanın dilindən yox, Çingiz Hüseynovun öz dilindən hansı cavab səslənərdi?


ÇİNGİZ HÜSEYNOV: Onlar çox böyük şəxsiyyətlərdir. Azərbaycan hər şeydən önəmli olub onlardan ötrü. Xalq üçün ağlayıb onlar. Bütün yanlışları və doğruları ilə xalq işinə qurban gediblər.


XS
SM
MD
LG