Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:55

AZADLIQ: Əməkdar Rəssam Arif Hüseynov bu günlərdə Gündoğar ölkədə olub. Xoş gördük, Arif bəy. Səfərinizin məqsədi nəydi və niyə məhz Yaponiya seçilmişdi?


ARİF HÜSEYNOV: Avropada çox sərgilərimiz olub və bəlli dərəcədə Azərbaycanın rəsm mədəniyyəti barədə avropalıların az-çox təsəvvürü var. Təəssüf ki, Yaponiya haqqında bunu demək mümkün deyil. Ötən il Yaponiya Avrasiya Cəmiyyəti nümayəndələri Bakıda olarkən, orada sərgi keçirmək qərarına gəldik. Həm yapon tərəfi, həm də «Azərbaycan mədəniyyətinin dostları Fondu»nun yardımıyla bu arzunu gerçəkləşdirə bildik. Və bu ilin aprelində mən və oğlum Orxan Hüseynov Tokioda fərdi sərgimizi açaraq yaponlara Azərbaycan təsviri sənətiylə tanışlıq imkanı yaratdıq.


AZADLIQ: Arif bəy, Yaponiya deyərkən, məşhur sakura budağı yada düşür. Gözəl sakura çiçəklərini görməyə macal tapa bildinizmi?


ARİF HÜSEYNOV: Sakura məhz apreldə çiçəkləyir. Sərgi üçün həmin ayı təsadüfən seçmədik. Yaponiyanı öz məşhur simvoluyla birgə gördük.


AZADLIQ: Arif bəy, sərgiyə yaponların münasibəti necə oldu: əsərlərinizə həmkarlarınız, lap elə adi tamaşaçılar necə yanaşdılar?


ARİF HÜSEYNOV: Gözlədiyimizdən çox-çox isti və səmimi. Tokionun mərkəzi Ginza küçəsindəki məşhur rəsm salonunda sərgimiz açıldı. Reklam lövhələri, reklam işıqları da öz yerində. Sual verməkdən, öyrənməkdən, iltifat bildirməkdən yorulmurdular.


AZADLIQ: Bilirsiniz ki, dil baxımından çox uzaq da olsa, yaponlarla qohumuq – Altay dilləri ailəsi türk dillərini yaponlarla qohumlaşdırır. Uzaq qohumluğun əlamətlərini sezə bildinizmi? Xasiyyətlər, davranışlar, dəyərlər, simpatiya və antipatiyalar baxımından nə qədər bənzər və nə qədər fərqliyik?


ARİF HÜSEYNOV: Ənənələrə sadiqlik, yaşlı insanlara hədsiz sayqı dərhal gözə çarpır. Ginza küçəsində Kabuki Teatrına da baxmaq imkanı oldu. Gündə 4 tamaşa verirdilər və bu ritual Teatrına gələnlərin mütləq əksəriyyəti elə yaponların özələri idilər. Hər dəfə də anşlaq olurdu. Yaponiya uzunömürlülər ölkəsidir. Sərgiyə 95-100 yaşında insanlar da gəlirdilər. Bizlərə çox bənzəyirlər – mehriban və ünsiyyətlidirlər. Amma çox intizamlı və özünə nəzarət etməyi bacaran xalqdır. Tokioya yüksəklikdən baxanda sanki başqa planetə düşürsən. Yaponlara bənzədiyimiz qədər də bənzəmirik. Xalq və vətəndaş olaraq bəzi dəyərləri inkişaf etdirməmiz, Azərbaycana diqqətimizi artırmamız, gözəl adət və ənənələri müasirləşdirməmiz, təqdim edə bilməmiz çox vacibdir.


AZADLIQ: Yaponiyada yaradıcı səfərdə olmuş rəssam Arif Hüseynovun gözüylə uzaq Gündoğar ölkədən Azərbaycan mədəniyyətinə göz atırıq. Arif bəy, fərqli mədəniyyətləri daha yaxın etmək üçün nələrə ehtiyac var? Axı əks halda Azərbaycan mədəniyyətini zənginləşdirib çağdaş etmək imkanı real görünməz...


ARİF HÜSEYNOV: Qısa cavab verim: «Sakura çiçəkləri»ni «Nar çiçəkləri» ilə birləşdirmək-qoşalaşdırmaq lazımdır. Yaponlar Azərbaycana nar çiçəklərini görməyə gəlsinlər. Nar çiçəklərini simvola çevirək və bunu gözəl ritual kimi yaşadaq. Tutalım, Novruzda yaponlar Bakıya gəlsin və beləcə, Sakura Narla qoşalaşsın!..


XS
SM
MD
LG