"Üç nöqtə" qəzetindəki "Xəzərin çirklənmə səviyyəsi artıb" başlıqlı məqalədə bildirilir ki, təkcə Bakı buxtasında 60 milyon kubmetrdən artıq çirklənmiş maddələr toplanıb. Acınacaqlısı da odur ki, tibbi tullantılar da birbaşa Balaxanıda məişət tullantıları üçün ayrılan açıq əraziyə atılır. Hətta Yoluxucu Xəstəliklər Dispanserinin suyu da birbaşa dənizə axıdılır. Dispanserin kanalizasiya sularının əlavə dezinfeksiya edilməsi Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə deyir ki, bu problemlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olmalıdır.
"Gün Səhər" qəzetindəki "Rektorlar nazirə qarşı birləşir" başlıqlı məqalədə müəllif yazır ki, özəl universitetlərin rəhbərləri hüquq, beynəlxalq hüquq, tibb və tibbi biologiya fakültələrinə tələbə qəbulunun dayandırılması ilə razılaşmaq istəmirlər. Onlar hesab edirlər ki, tələbə qəbulunun dayandırılmasına səbəb kadr hazırlığı üçün maddi-texniki bazanın olmaması göstərilirsə, deməli, nazirlik özü həmin fakültələrin açılmasına razılıq verərkən qanunu pozub. Hətta özəl universitetlərdən bir neçəsinin rəhbərləri birgə məsləhətləşmələr apararaq, təsisçilik hüquqlarını pozduğuna görə nazirliyi məhkəməyə verməyə hazırlaşır.
"Şərq" qəzetindəki "Partiyaların siyasi varis problemi" başlıqlı məqalədə bildirilir ki, bu gün Azərbaycanda siyasi partiyaların yaradılması sırf ideoloji məqamlara yox, daha çox şəxsiyyət, fərd məqamlarına söykənir. Məhz belə olduğuna görə də bir müddətdən sonra siyasi partiyalarda lider böhranı meydana çıxır. Halbuki partiyalaşmanın mənbəyi əsasən ideologiya olduqda, liderlərin əvəzlənməsi prosesi çox rahat həyata keçir, təşkilatın tənəzzülə uğrama, zəifləmə qorxusuna lüzum da qalmır. Müəllifin fikrincə, bu problemlərin aradan qaldırılması üçün Azərbaycanda siyasi partiyaların formalaşma prinsipləri yeniləşməyə məhkumdur. Yəni lider faktoru öz yerini ideologiya məsələsinə verməlidir.