Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Təkrar seçkilərlə bağlı Respublika Prokurorluğuna dörd müraciət göndərilib


Mayın 18-də 10-a yaxın hüquq müdafiə təşkilatı təkrar parlament seçkiləri zamanı 9 saylı seçki dairəsində seçicilərin kütləvi sürətdə pulla ələ alınması iddiasi ilə dövlət başçısına müraciət edib. Müraciət müəlliflərindən deputatlığa namizəd Çingiz Qənizadə deyir ki, onlarda bununla bağlı iki məntəqə komissiya sədrinin videolentə köçürülmüş ifadələri də var: «Bu məsələylə bağlı məni mayın 17-i Mərkəzi Seçki Komissiyasına da çağırmışdılar. Mən orda da məlumat verdim. Üstəlik həmin videolentləri biz prokurorluğa da təqdim edəcəyik».


Cənab Qənizadə deyir ki, istər dövlət başçısına, istərsə də Mərkəzi Seçki Komissiyasına göndərilən müraciətdə 9 saylı seçki dairəsində seçkilərin yenidən keçirilməsi xahiş edilir.


Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov isə deyir ki, 9 saylı seçki dairəsində seçicilərin pulla ələ alınmasıyla bağlı onlara bir deyil, bir neçə müraciət göndərilib. Üstəlik onun sözlərinə görə, həmin müraciətlərdə əksər namizədlərin qanunsuz əməllərindən bəhs edilir: «Görünür, indiki seçkilərdə bu, bir növ mübarizə üsuluna çevrilib ki, bir-biriləri haqqında belə sözlər deyirlər. Ancaq biz hər halda həmin şikayətləri qanunauyğun olaraq araşdırırıq».


Mərkəzi Seçki Komissiyasına seçki günü baş verən pozuntularla bağlı 23 müraciət göndərilib. Cənab Məmmədov deyir ki, artıq onların bir çoxu ilə bağlı araşdırma başa çatıb. Yalnız bir şikayətlə bağlı iddialarda konkret cinayət əməlinin olduğu güman edildiyindən həmin ərizə Respublika Prokurorluğuna göndərilib. 10 dairədə keçirilən təkrar parlament seçkiləri ilə bağlı ümumilikdə isə Respublika Prokurorluğuna indiyə qədər dörd müraciət göndərilib və onlardan biri haqqında cinayət işi qaldırılıb.


XS
SM
MD
LG