Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:19

25 il sonra köynəyiniz onu yumağı tələb edə bilər...


BMT Universitetinin Amerika Şurasının icraçı direktoru Cerom Qlenn

BMT Universitetinin Amerika Şurasının icraçı direktoru Cerom Qlenn

BMT Universitetinin Amerika Şurasının icraçı direktoru Cerom Qlenn buna adi bir məsələ kimi yanaşır


Elə təsəvvür edin ki, köynəyinizi çıxarıb atırsız və o da səslənir: «Məni yumaq vaxtıdır!» Fantastikadır! Bu gün üçün. Bəs 25 il sonra? Axı, 25 il əvvəl də çox şey fantastik görünürdü. Tutaq ki, əlində kiçik bir cihaz küçədə təkbaşına danışaraq yeriyən adama hamı başqa cür baxardı. İndisə bu adi mənzərədir. 25 ildə dəyişən dünyada internet, mobil telefon, AİDS xəstəliyi, qloballaşma ideyası, Avropa İttifaqı, Dünya Ticarət Təşkilatı, qadınların qərar qəbul edən dövlət qurumlarında təmsil olunması haqda fikirlər və sairə peyda olub. Daha 25 il sonra nə olacaq? Bax, futuroloqlar bununla məşğul olurlar. Bu informasiyadan, elmdən tutmuş fəlsəfəyə, etikaya, içməli suya, ərzağa, geyimə, iqlim dəyişikliyinə, Hindistanda və Çində az maaş alan adamların yaratdığı iqtisadiyyatla Qərbin necə rəqabət aparmasına, seçkilərin nəticələrinə və demokratiyaya qədər bütün sualları əhatə edir. Onlar bu gün yox, növbəti on illiklərdə insanın üzləşə biləcəyi problemlərlə bağlı tədqiqat aparır, indi atılan addımların yaxşı-pis nəticələrini düşünürlər.


Həmsöhbətimiz Bakıda keçirilən «Futuroloji tədqiqatlar və Qafqazın gələcəyi» adlı beynəlxalq konfransda iştirak edən, BMT Universitetinin Amerika Şurasının icraçı direktoru və «Millenium» layihəsinin rəhbəri Cerom Qlenndir.


Cənab Qlenn deyir ki, hazırda 15 Qlobal Problem müəyyənləşib. Və onlar hər il BMT Universitetinin «Millenium» layihəsi tərəfindən yenidən nəzərdən keçirilir. Beləliklə, yaxın 15 ildə futuruloqlar nə üzərində baş sındıracaqlar?


CEROM QLENN: «Yaxın 10-15 ildə biotexnologiyalar, naotexnologiyalar və sair üzərində düşünəcəyik. Başlıcası hər hansı sahəyə üstünlük vermək deyil. Əsas müxtəlif sahələr arasında əlaqələri genişləndirmək və inkişaf etdirməkdir. Bunun da sayəsində koqnitiv elm anlayışı ortaya çıxır. Koqnitiv elm insan beyni, insan şüuru ilə əlaqəli məsələləri öyrənir. Yəni, insan düşüncəsi necə formalaşır, necə dəyişir və bu cür başqa məsələləri araşdırır. Bunun nəticəsində də insan zəkasının imkanlarını genişləndirmək, onun qabiliyyətindən daha artıq istifadə etmək fürsəti artır. Biotexnologiyalar vasitəsilə biz genetik kodlar yaza biləcəyik. Genetik kodlar isə, yeni həyat formalarının yaradılması deməkdir. Yəni, bu gün necə kompüter proqramları yazılırsa, o cür asanlıqla da genetik kodlar yazılacaq. Bunun vasitəsilə də yeni həyat formaları yaranacaq. Məsələn, genetik kodlar vasitəsilə daha yaxşı, daha keyfiyyətli, daha uzun müddətli saxlana biləcək məhsul əldə etmək mümkün olacaq. Eləcə də onun ətraf mühitə təsiri, daha az xərclə başa gəlməsi haqda da kodlar hazırlanacaq. Biz müxtəlif sahələr üzərində tədqiqatlar aparırıq. Biz bu müxtəlif sahələri əlaqələndirməyə, onları sintez etməyə cəhd edirik. Bunun sayəsində də koqnitiv elmin inkişafına çalışırıq».


« AZADLIQ»: «Siz mühazirənizdə şüur texnologiyaları haqda geniş danışdız. Bizim dinləyicilərə də bu haqda qısaca bilgi verə bilərsinizmi?»


CEROM QLENN: «Gələcəyin əqli» adlandırılan bir kitab var. Bu, şüur texnologiyaları haqda işıq üzü görmüş ilk nəşrdir. Bu kitab 80-ci illərdə çapdan çıxmışdı. Bir nümunə gətirim sizə. Orda bir sual qoyulmuşdu: «Görəsən, elə bir maqnitofon yaratmaq olarmı ki, ona zəng vurub deyə biləsən, kaseti qoy və filan şeylərin video çəkilişini apar». O zaman üçün bu mümkünsüz görünürdü. Amma «Sony» şirkəti həmin ideyanı reallaşdırıb. Bizim tədqiqatlarımızın effektivliyi ilə bağlı başqa nümunələr də vermək olar. Müharibə zamanı döyüş bölgəsinə bəzən minalar qoyulur. Müharibə başa çatandan sonra onlar çox vaxt torpaq altında işlək vəziyyətdə qalır. Tədqiqatda isə deyilirdi, elə bir mina düzəlmək olar ki, onu uzaq məsafədən idarə etmək, onu söndürmək mümkün olsun. Bununla da təsadüfən onun üstünə ayağını qoymuş adam həyatını itirmək təhlükəsi ilə üzləşmir. İkinci Dünya müharibəsi zamanı futuruloqlar olmadığından, mina quraşdıranlara bu haqda məsləhət verən də olmayıb. Amma indi bu mümkündür. Məsələn, naotexnologiya sahəsində silahların uzaqdan idarə olunması və ya döyüş olmadığı vaxtda ziyansız hala gətirilməsi ilə bağlı istiqamət var. Futurologiya olmayanda hansı fəsadlar olurdu, indi hansı addımlar atılır. Bu hələ, bir nümunədir».


«AZADLIQ»: «Futuroloqların proqnozları özünü nə dərəcədə doğruldur?»


CEROM QLENN: «Bu suala cavab vermək çətin olardı. Dəqiqlik futurologiya elminin son məqsədi deyil. Son məqsəd effektivlikdir. Futurologiya elmi gələcək haqda daha yaxşı qərarlar çıxartmağa yardım edə bilər. Məsələn, soyuq müharibələr zamanı nüvə savaşından tez-tez danışılırdı. Əslindəsə, söhbət nüvə müharibəsinin başlanmasından yox, qarşısının alınmasından gedirdi. İkinci vacib məqam budur ki, cəmiyyətin taleyi əsasən bir nəfərdən və ya qərar qəbul edən bir neçə nəfərdən asılı olur. Futurologiya isə söz sahiblərinin etdiyi seçimin gətirə biləcəyi nəticələri necə yaxşılaşdırmaq və pis fəsadlardan qaçmaq yönündə araşdırma aparır».


Cənab Qlenn yaxın illərdə köynəyinin onu yumasını tələb edəcəyinə adi bir məsələ kimi yanaşır.


Günün bütün mövzuları

XS
SM
MD
LG