Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:43

Obama Medvedevə insan haqlarından narahatlığını da çatdırıb


D.Medvedev və B.Obama - Böyük Britaniya, 01 aprel, 2009

D.Medvedev və B.Obama - Böyük Britaniya, 01 aprel, 2009

ABŞ prezidenti Barak Obamanın Rusiya prezidenti Dmitri Medvedevlə görüşündən bir neçə saat əvvəl, çərşənbə axşamı gecə saatlarında Moskvada tanınmış insan haqları fəallarından olan Lev Ponomarev evinin qarşısında qəddarlıqla döyülüb.

“Washington Post” qəzeti bu hadisəni Medvedev rejiminin Rusiyada öz rəqiblərinə, insan haqları fəallarına təzyiqləri seriyasından biri adlandırır.

Qəzet aprelin 2-də çıxan sayında yazır ki, ABŞ-la Rusiyanın nüvə silahlarının ixtsarı, terrorla mübarizə, İranın nüvə iddialarının cilovlanması kimi sahələrdə qarşılıqlı maraqları var. Amma bu mövzularla yanaşı Obama Medvedevlə görüşündə Rusiyada insan haqlarının vəziyyəti, bu ölkənin yaxın qonşularında üstün rola iddialarından narahatlığını da çatdırıb.

Rəsmilərdən biri qəzetə deyib ki, prezidentlərin görüşündə Panomarevin döyülməsi məsələsi də qaldırılıb.
Qəzet hesab edir ki, Obamanın silahlara nəzarət, İran və terrorizm kimi problemlərdə Rusiya ilə əməkdaşlıqda maraqlı olması çatdsırması düzgündür. Amma Moskvaya o da aydın şəkildə çatdırılmalıdır ki, bu sahələrdə əməkdaşlıq Rusiyada avtokratiyaya, yeni imperializm cəhdlərinə icazə demək deyildir.

Barak Obama ilə Dmitri Medvedevin Londonda aprelin 1-də keçirilən görüşündə imzalanan birgə bəyannamədə qeyd olunur ki, tərəflər 1991-ci ildə imzalanan Strateji Silahların İxtisarı Sazişinin müddəti başa çatana – 2009-cu ilin dekabrına qədər yeni sazişi imzalamağa çalışacaqlar.

Rusiya Prezidenti Dmitri Medvedev bildirib ki, o, ABŞ-Rusiya münasibətlərinin gələcəyinə nikbin baxır. Medvedev deyib ki, Obamanın iyulda Moskvaya səfərə dəvəti qəbul etəməsi də həmin nikbinliyə əsas verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG