Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

«Üç nöqtə»: «Elmlər Akademiyası» metrostansiyası qarşısında bazar açılıb?»


«Yeni Azərbaycan» qəzeti xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Dequstasiya Komissiyası Rusiyadan və Avropa ölkələrindən Azərbaycana idxal olunan spirtli içkilərin keyfiyyətini yoxlamaq məqsədi ilə monitorinqlər aparıb. Monitorinqlər zamanı Rusiya Federasiyasından Azərbaycana gətirilən alkoqollu içkilərin böyük əksəriyyətinin, təxminən 90 faizinin keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli olması təsdiq edilib. Mərkəzi Dequstasiya Komissiyasının sədr müavini Elbrus Xəlilovun qeyd etdiyinə görə, Azərbaycanda fəaliyyət göstərən şadlıq evləri də Rusiyanın tanınmış firmalarının ticarət markası altında saxta araq və digər spirtli içkilər hazırlayır. Bu onu göstərir ki, şadlıq evlərində və restoranlarda təqdim olunan bahalı araqlar, əslində, 5-6 min manata topdansatış məntəqələrində satılan, mənşəyi bilinməyən içkilərdən heç də fərqlənmir.


«Bakı-Xəbər» qəzetindəki «Müxalifətdə yenidən birlik meylləri» başlıqlı məqalədə müəllif yazır ki, hakimiyyətin 10 dairədə keçirilən təkrar seçkilərdə də saxtakarlığa əl atmağa cəsarət etməsinin ən müxtəlif səbəbləri var. Politoloqların rəyincə, onlardan biri də müxalifətin vahid qüvvə kimi çıxış etməməsidir. İndi iqtidara müxalif mövqedə duran qüvvələr də bu səhvlərini etiraf edir. Elə bunun nəticəsidir ki, təkrar parlament seçkilərindən sonra müxalifət sıralarında müəyyən yeniliklər müşahidə olunmaqdadır. Məsələn, «Azadlıq» blokunun təsisçilərindən biri olan AXCP indi Müsavatla yenidən əməkdaşlıq edilə biləcəyini istisna etmir. Bununla bağlı AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli verdiyi açıqlamada qeyd edib ki, Müsavat Partiyası ilə AXCP Seçki Məcəlləsinin dəyişdirilməsi və proporsional seçki sisteminin bərpası istiqamətində əməkdaşlıq edə bilər.


«Üç nöqtə» qəzetindəki «Elmlər Akademiyası» metrostansiyası qarşısında bazar açılıb?» başlıqlı məqalədə müəllif yazır ki, Bakıdakı «Elmlər Akademiyası» metrostansiyasından çıxan hər bir kəs özünü hansısa bir bazarın həyətində təsəvvür edir. Artıq bazara və digər ticarət obyektlərinə getməyə ehtiyac qalmır. İstədiyin bütün növ məhsulları metronun qarşısından almaq mümkündür. Müəllif bildirir ki, burada alver edən satıcılar Bakı Şəhər İcra Hakimiyyətindən icazə aldıqlarını deyirlər. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nuranə Mərdanovanın sözlərinə görə isə, sözügedən məsələyə onlar baxmır. Belə məsələlərlə Bakı Şəhər İcra Hakimiyyəti nəzdində Xidmət və Ticarət Departamenti məşğul olur. Həmin departamentin Mətbuat Xidmətinin rəhbəri Əliabbas Bağırov isə deyir ki, apardıqları araşdırmalar nəticəsində həmin ərazidə qanunsuz ticarətin olması barədə fakt öz təsdiqini tapıb. Departamentin işçilərinə tapşırılıb ki, orada qayda-qanun yaradılsın.


XS
SM
MD
LG