Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:23

Telefon nömrələrinin ayrılması və istifadəsi üzrə yeni tariflər


Provayderlər tariflərin qalxmasından xəbərsizdir

Provayderlər tariflərin qalxmasından xəbərsizdir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirirlər ki, yeni tariflərin qiymətlərə təsir eləməsi mümkünsüzdür


Bu günlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telefon şəbəkələri üçün nömrələrin ayrılması və istifadəsi üzrə tarifləri açıqlayıb. Həmin siyahıda ilk dəfə olaraq adi və mobil telefon operatorların abonentlərinə verəcəyi telefon nömrələri və xüsusiləşdirici kodlar, internet provayderləri üçünsə səhifələrin rəqəmli ünvanları-İP kodları üçün də haqq ödənilməsi nəzərdə tutulub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin özünün açıqlamasına görə, bu kodlar – ümumilikdə nömrə resursları məhdud olduğundan bütün ölkələrdə onlara görə pul ödənilir, sadəcə Azərbaycanda indidən tətbiq edilməyə başlayıb.


Həmin siyahıda abonentlərə verilən nömrələrə görə toplu halda birdəfəlik xərclər və illik haqların da ödənilməsi nəzərdə tutulub ki, bu da telefon operatorları və internet provayderləri üçün əlavə xərclər yaradacaq. Məsələn mobil telefon operatorları 2 ya 3 rəqəmli coğrafi kodun alınmasına 240 min yeni Azərbaycan manatı, illik istifadəsinə görə isə 20 min yeni manat ödəməli olacaqlar. Yerli internet provayderləri isə hər hansı bir səhifənin rəqəmli ünvanına lazım olacaq kodları almaq üçün üst-üstə təxminən 15 min yeni manata qədər birdəfəlik, 2-3 manata qədər isə illik xərc çəkməli olacaqlar. Həm mobil, həm də sabit telefon aparatları ilə xidmət göstərən operatorlardan verilən məlumata görə, bu yeni tariflər hələ ki, abonentlərə göstərilən xidmətlərin dəyərinə təsir etməyəcək. «Catel» şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Əlsahib Səfərovun sözlərinə görə, bu operator xidmət şəbəkəsini və abonentlərinin sayını artırmaq istəsə artıq yetərincə xərcə düşməli olacaq.


Həm «Catel», həm də mobil rabitə operatorları olan «Bakcell» və «Azercell» şirkətləri yeni tətbiq olunan əlavə xərclərin nəticəsində, qiymətlərin artmayacağını bildirirlər. «Azərcell»in ictimaiyyətlə əlaqələr şöbəsindən Nigar Şıxlinskayanın sözlərinə görə, şirkətin özünün qiymət siyasəti var və bu siyasət son vaxtlar qiymətlərin imkan olduqca azaldılmasına yönəlib.


O ki qaldı, qərarın internet provayderlərinin xidmətinə necə təsir edəcəyinə, əlaqə saxladığımız internet provayderlərin demək olar ki, hamısı bu qərarla tanış olmadıqlarını dedilər. Amma, bütün provayderlər ötən ilin sonlarından başlayaraq qiymətlərin maksimum - təxminən 40 % aşağı saldıqlarını deyirlər və əlavə elədilər ki, kodlar və nömrə resurslarıyla bağlı yeni qaydalar onlara əngəl olmayacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Əflatun Məmmədov isə bildirir ki, yeni tətbiq olunmağa başlayan tariflərin qiymətlərə təsir eləməsi mümkünsüzdür, çünki onlar bu amili nəzərə alıb, ən aşağı tariflər tətbiq ediblər.


Nazirlikdən onu da dedilər ki, nömrə resursları, həmçinin kodlarıın ayrılması və istifadəsi üçün tətbiq olunan tariflərin telekommunikasiya bazarına necə təsir edəcəyini iyulun sonlarında daha dəqiq biləcəklər. Çünki həmin vaxtda bu sahədə aparılan 3 aylıq monitorinq başa çatacaq, nəticələri təhlil eləyəndən sonra isə bu tariflər məsələsinə bir daha qayıdılması mümkündür.


Günün bütün mövzuları

XS
SM
MD
LG