Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:41

Teymur Rəcəbov: «Oynamaqdan ehtiyat etdiyim şahmatçı yoxdur»


Teymur Rəcəbov, 10 may 2006
Teymur Rəcəbov, 10 may 2006

Dünya şahmatının ən gənc qrossmeysteri hesab edir ki, uğur qazanmaq üçün sadəcə işləmək lazımdır


«Şah!» Şah nidasını bu cür musiqili səsləndirən 19 yaşlı Teymur Rəcəbovdur. Dünya şahmatın ən gənc qrossmeysterinə indi dost-tanışı həm də «cənab səfir!» deyə müraciət edir. YÜNİSEF onu xoşməramlı səfir elan edəndən sonra. Gələcəyin hüquqşünası, həyatsevər və hazırcavab gənc…


Şahmat oynamağa 3 yaşında başlayıb. Dediyinə görə, elə onda, bir könüldən min könülə bu oyuna aşiq olub. «Atam mənə 3 yaşım olanda şahmat oynamağı öyrətdi, oyunun gedişlərini, elementlərini başa salanda artıq şahmatdakı müəmma, mürəkkəblik xoşuma gəldi».


«İddialarınız hara qədər hesablanıb, sizi dünya şahmatının birincisi görmək istəyənlər var, öz imkanlarınızı necə qiymtələndirirsiz» suallarının cavabında bildirir ki, dünya birincisi olmaq üçün imkanları yetərlidir. «Bunun üçün çox işləməliyəm. Bu günə kimi etdiklərimdən daha artığını etməliyəm. Yaxşı çalışdığım halda mənə dünya birincisi olmağa əngəl yaradacaq elə bir şahmatçı görmürəm».


Deyir ki, uşaqlıqda Kravnik, Kasparov, Topalov kimi ən yaxşı şahmatçılarla oynamaq mənə çətin gəlirdi. Amma indi yox, bütün bunlar ötüb-keçib. Bir müddət oyunlarının uğurlu alınmadığından gileylənir. Ancaq son zamanlar hər şeyin axarına düşməyə başladığını etiraf edir. «Linaresdəki oyundan sonra qorxmamağa başladım. Elə bir şahmatçı yoxdur ki, mən onunla oynamaqdan ehtiyat edim».


Bəzən turnirlərdə mütəmadi iştirak etməməyindən irəli gəlir ki, hansısa oyunu başlanğıcda ağır gedir. Təbii ki, turnirin ortasına çatanda psixoloji amillərin də təsiri olur. «Məncə, fiziki hazırlıq daha çox önəmlidir. Bəxtigətirməzlik deməzdim buna. Məncə, çox şey adamın özündən asılıdır, sadəcə, işləmək lazımdır. O zaman hər şey alınar. Hər şey həm də Allahdan asılıdır».


Teymur Rəcəbov onun üçün unudulmaz görüşə çevrilən oyun haqda, dünya çempionu Harri Kasparovu necə udmağından, onu məğlub etmək üçün necə risk etdiyindən danışır. Dediyinə görə, bu indiyədək unuda bilmədiyi, hafizəsinə bütün detallarına qədər həkk olunmuş ən parlaq oyundur. Çünki bu oyunu udmaq, uşaqlıq idealına qalib gələ bilmək onun üçün vacibmiş.


Teymur Rəcəbovla müsahibə, 10 may 2006
«Ən yadda qalan oyun Kasparovla olub. Uşaqlıqda bu şahmatçının gedişlərini öyrənirsən və sən ondan təbii ki, ehtiyatlanmağa, çəkinməyə başlayırsan, sənə elə gəlir ki, o qeyri-adi oynayır, o daha güclüdür, o məğlubedilməzdir. Amma yavaş-yavaş hər şey dəyişir və sən onunla mübarizə aparmağa hazırlaşırsan, onunla eyni səviyyədə oynayırsan və… hətta onu udursan! Əlbəttə ki, bu ən yadda qalan oyundur… Kasparov partiyanın əvvəlində mənə təzyiq göstərirdi. Mənim iki yolum vardı, ya oyunu heç-heçə bitirmək, ya da təhlükəli bir gediş edib udmalıydım. Mən ikincini seçdim. Çünki mənim məqsədim Kasparovu udmaq idi, buna cəhd göstərmək idi. Məncə, bu psixoloji baxımdan çox böyük uğurdu. Çox güclü şahmatçıya qarşı belə mürəkkəb gediş etmək, özü də birinci dəfə oynadığın bir şahmatçı ilə bu cür riskli oynamaq asan deyildi. Amma Meksikada Topalovla oyun da unudulmazdı. Mənim üçün həyatda iki mühüm partiya olub».


Şahmat haqda bu qədər. İndisə 19 yaşlı cavanın şahmatdan kənar dünyasına nəzər salsaq?


Sevimli kitabı İlya İlf və Yevgeni Petrovun «Qızıl dana»sı, sevimli filmi «Qisas», sevimli yeməyi «double wopper», sevimli məşğuliyyətisə tennis, sevimli musiqi qrupu «Fifti cent»dir. Ara sıra özü də oxumağı sevir. «Oxuyuram. Vanna otağında olanda. Başqa harda oxuya bilərəm ki?..»


19 yaşlı oğlanın həyatında şahmatdan, gərgin məşqlərdən savayı başqa əyləncə də olmalıdı, elə deyilmi? Məsələn, dostlara, qızlara, əyləncəyə ayırmağa vaxt qalırmı?


«Mən deməzdim ki, bu şeylərə vaxt ayırmıram. Yetərincə vaxt ayırıram. Mənim həyatımda hər şey qaydasındadır. Özümü yalnız şahmata həsr edib, başqa şeyləri görməzliyə qoysam dəli olaram. Ona görə dostlarla gəzintiyə də, istirahətə də vaxt ayırıram. Eləcə də qızlara…»


«Həyatdan razısanmı» sualının cavabında cənab Rəcəbov deyir ki, şahmatla məşğul olmağa başlayanda çox çətinliklərlə qarşılaşıb. «Maddi baxımdan çətinliklər çox idi. Ona görə də özümü təsdiqləmək üçün çox oynamalı, çox məşq etməliydim. Sonradan mən uğur qazandıqca sponsorlar da, köməyə hazır adamlar da meydana çıxdı. Bu da mənə təkan verdi. Elə başa düşülməsin ki, mənim həyatımda hər şey əla olub. Sadəcə, mən həyatı sevməyi öyrəndim».


Teymur Rəcəbov həm də BDU-nun hüquq fakültəsinin tələbəsi olsa da, nə şahmatı dəyişmək fikrindədir, nə də Azərbaycandan getmək.


«Mən Azərbaycan şahmatını tərk etməyi planlaşdırmamışam. Mən həmişə öz ölkəm, öz vətənim naminə oynayır, onun adına qələbə qazanıram. Mənim Azərbaycanı tərk etmək niyyətim də yoxdur. Bu mənim üçün non-sesdir. Niyə mən getməliyəm ki? Azərbaycanda hər şey xoşuma gəlir, dostlarım da, ailəm də burdadır. Azərbaycan mənə həyata vəsiqə verən ölkədir. Ona görə də mən həmişə Azərbaycanın adından oynamaq istəyirəm».


Xoşməramlı səfir və şahmatçı. Teymur özü də etiraf edir ki, şahmat həyatında hər şeydir, onun yerini doldura biləcək başqa bir şey yoxdur. Amma şahmat olmasaydı, Yer adamı olmazdı. «Bəlkə də mənə o dövrdə dəstək verilməsəydi kosmanavt olmaq haqda düşünərdim. Harasa uçar və ordan hər şeyi sakitcə izləyərdim».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG