Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:36

Arif Quliyev: «Yaxşı ki, yaxşı adamlar var»


Arif Quliyevlə müsahibə, 9 may 2006
Arif Quliyevlə müsahibə, 9 may 2006

Uşaqlıqda bəxti gətirməsə də sənət baxımından uğurlu taleyi var. İki yaşından həyatı soyuq uşaq evlərində keçən bu adamın ömrü indi ölkənin ən böyük səhnələrində davam edir. Həmsöhbətimiz respublikanın xalq artisti, Prezident təqaüdçüsü Arif Quliyevdir.


Hazırda İrəvan Dövlət Dram teatrında çalışır. Sənətdə işləri pis getmir, «özünüzün vəziyyətiniz necədir» sualına «lap əla» deyə cavab verir. «Çünki vaxtı ilə seçdiyim və onun izi ilə gəldiyim sənətin içərisində olduğuma görə özümü çox rahat, gözəl hiss edirəm».


«Uşaqlığım rahat keçməyib. İki yaşımda valideynlərim vəfat edəndən sonra qara çarşablı bir qadın məni Mərdəkanda uşaq evinin qarşısında qoyub gedib. Mən ətəyindən tutdum buraxmadım. Dedi ki, gözlə peçeniye alıb gəlirəm. Amma gəlmədi». O vaxtdan müxtəlif uşaq evlərində qalsa da Arif Quliyev «allahımdan razıyam» deyir.


1968-ci ildə mədəni-maarif texnikumunu bitirdikdən sonra təyinatla Mingəçevirə gedir. Həmişə qarşısına çıxan yaxşı adamlar burada da onun dadına çatır. «Orada Mahmud kişi mənə yaxından kömək edirdi, öz övladı kimi baxırdı. Bakıda oxuyanda da yaddan çıxarmırdı, kimdənsə pul göndərir, diqqətini əsirgəmirdi». Arif Quliyev deyir ki, «yaxşı ki, yaxşı adamlar var».


Mingəçevir şəhərinin 25 illiyi münasibəti ilə keçirilən təntənəli tədbirdə onun çıxışı o zaman respublika kommunist partiyasının birinci katibi işləyən Vəli Axundovun xoşuna gəlir və tapşırıq verir ki, gənc aktyora bir otaqlı ev versinlər. Bundan sonra teatrın təcrübəli aktyorları məsləhət görürlər ki, 19 yaşındasan evin də var, indi evlənməlisən. Aktyorlardan biri qəribə sual verilər «müsəlman olmusanmı»… Sonra onu kor bağırsaqdan əməliyyat olunmaq bəhanəsi ilə xəstəxanaya aparırlar, beləcə müsəlman olur.


İlk məhəbbəti daşa dəyir. Nişanlı olmalarına baxmayaraq, qızın anası deyir ki, «mən yetim oğlana qız vermirəm». Bundan sonra Mingəçevirdən köçüb Bakıya gəlir. Artıq üçüncü dəfə İncəsənət İnstitutuna qəbul imtahanı verir və yenə sonuncu imtahandan keçə bilmir. «İnstitutun həyətində skamyada yalan olmasın bir saat yarım, iki saat başımı tutub oturmuşdum. Gördüm kimsə əlini çiynimə qoyub. Artıq üçüncü dəfə qəbul imtahanından kəsildiyimmi biləndə mənə bir kağız yazıb verdi. Dedi ki, sabah rektorun qəbuluna get. Rektor məni qəbul etdi, imtahandan «əla» aldım. Sonra rektor mənə dedi ki, Mir Cəlal sənin nəyindir. Dedim ki, onu bir yazıçı kimi tanıyıram, amma qohum deyilik. Dedi ki, dünən səni görən adam Mir Cəlal Paşayev idi».


1977-ci ildə respublikanın görkəmli sənət adamları onun elçiliyini edir: Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan, Eldəniz Zeynalov. «İndi həmin xanım mənim həyat yoldaşımdır. Üç övladımız, iki nəvəmiz var. Hamısından razıyam».


Sonralar Arif Quliyevin valideynlərini çox axtarıb… Bu vaxta kimi 9-a yaxın atası, 12-yə yaxın anası çıxıb…


DİNLƏYİN!


XS
SM
MD
LG