Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:01

BMT-nin İnsan Hüquqları Şurasına üzvlük Azərbaycana nə verəcək?


BMT-nin Nyu-Yorkdakı Baş Qərargahı
BMT-nin Nyu-Yorkdakı Baş Qərargahı

Hüquq müdafiəçiləri bundan sonra insan hüquqlarının qorunmasıyla bağlı Azərbaycanın məsuliyyətinin artacağını düşünürlər


Azərbaycandakı bəzi hüquq müdafiəçilərinin mövqeyi belədir ki, əgər Azərbaycanda hər il kobud hüquq pozuntuları baş verirsə, ölkənin BMT-nin İnsan Hüquqları Şurasında təmsil olunması qəbul olunan deyil. Ancaq bununla belə onlar üzvlüyün insan hüquqlarının qorunması baxımdan Azərbaycanın məsuliyyətini artırılacağını da bildirirlər.


Hüquq müdafiəçisi Səidə Qocamanlı: “Azərbaycanda insan hüquqları pozulan dövrdə onun beynəlxalq quruma qəbul olunması sual doğurur. Parlament seçkiləri saxtakarlıqla keçib, beynəlxalq təşkilatların təzyiqləri altında 10 dairədə nəticələr ləğv olunub. Ancaq sözsüz ki, Azərbaycan nə qədər çox beynəlxalq təşkilatların üzvü olsa, insan hüquqlarının qorunmasıyla bağlı məsuliyyəti də artacaq”.


Başqa bir hüquq müdafiəçisi Murad Saddədinov da o fikirdədir ki, Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasına üzvlüyü ölkədə insan hüquqları sahəsindəki vəziyyətə o qədər də təsir göstərməyəcək. O deyir ki, bu vaxta qədər Azərbaycan başqa nüfuzlu beynəlxalq qurumlara da üzv olub, ancaq fərq böyük olmayıb:


“İstərdim ki, fərq olsun. Təəssüf ki, öz təcrübəm onu göstərir ki, bunun gözəçarpan təsirini cəmiyyətdə hiss edə bilməyəcəyik. Ancaq Azərbaycan nə qədər çox insan haqları ilə məşğul olan təşkilatlarda təmsil olunsa, birbaşa olmasa da, dolayısıyla bu insan haqları problemlərinin aradan qaldırılmasına xidmət edəcək”.


Azərbaycanın bu Şuraya qəbulundan sonra öz fəaliyyətində dəyişiklik edəcəyini deyənlər də var, belə bir dəyişikliyə ehtiyac hiss etmədiyini söyləyənlər də. Hüquq müdafiəçisi Murad Saddədinov daha çox Avropa təşkilatları ilə işlədiyindən belə bir dəyişikliyə ehtiyac duymur: “Ola bilsin ki, hansısa hüquq müdafiəçiləri Azərbaycanın bu üzvlüyünü nəzərə alıb fəaliyyətlərində dəyişiklik etsin. Ancaq biz daha çox Avropa Şurasıyla işləyirik, bu qurum daha real mexanizmlərə malikdir. BMT isə bir az yumşaq və qətiyyətsiz mövqe tutur. Mənim təşkilatımın mövqeyində hansısa dəyişiklik olmayacaq”.


Hüquqşünas Sadiq Qurbanov isə hesab edir ki, bu üzvlük hüquq-müdafiəçilərinin baxışlarını dəyişəcək.


“Gün səhər” qəzetinin şəhrhçisi Elxan Şahinoğlu isə o fikirdədir ki, Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasına seçilməsi Azərbaycandakı hüquq müdafiə təşkilatlarının işinə yeni elementlər gətirə bilər: “Bu təşkilatlar Azərbaycan hökumətinin insan hüquqlarıyla bağlı üzərinə götürdüyü öhdəliklərlin yerinə yetirilməsi üçün daha çox tələblər edə bilər. Bu onların işini bir qədər də yüngülləşdirə bilər”.


Elxan Şahinoğlu hesab edir ki, bu üzvlük insan hüquqlarının inkişafı üçün yeni təkan olacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG