Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:50

Sovet əsgərləri əsir, legioner, «xalq düşməni» taleyi də yaşayıblar


Balabəy Ağadadaşov, 6 may 2006

Balabəy Ağadadaşov, 6 may 2006

600 mindən artıq azərbaycanlı faşizmə qarşı vuruşduğu dövrdə cəbhələrdə əsir düşən azərbaycanlılardan Almaniya legionlar yaradırdı


Həmin dövrü araşdıranlar da, əsir düşənlərin özləri də legionerlərin məqsədinin Azərbaycanın müstəqilliyini bərpa etmək olduğunu deyirlər. Amma bu inam 1943-cü ilin avqustuna qədər davam edib.


Balabəy Ağadadaşov deyir ki, 1941-ci ildə müharibəyə yollanıb. Bir il Sevostopol uğrunda Sovet əsgəri kimi döyüşüb. Əsir düşəndən sonrasa müxtəlif hərbi düşərgələrdə olub:


«Bizi qatara mindirib Polşa ilə sərhəddəki hərbi düşərgəyə gətirdilər. 1942-ci ilin axırıydı. Orda da azərbaycanlılar vardı. Bir neçə aydan sonra bizi Leninqrad altına göndərdilər, sonra da Fransa sərhədindəki Belford şəhərinə. Ordan da Rodel şəhərinə göndərdilər. Burada 3300 azərbaycanlı vardı. Onlar Azərbaycan legionerləri sayılırdı. Qolumuzda üçrəngli Azərbaycan bayrağı vardı, biz legionerlər idik».


Tarixçi-alim Nəsiman Yaqublu deyir ki, legionların yaradılması bir tərəfdən, döyüşdə əsir düşənlərlə, digər tərəfdənsə, könüllü almanların tərəfinə keçənlərlə bağlı olub. Əsir düşənlərlə bağlı Stalinin 1941-ci ildə imzaladığı əmr isə əsirlərin hansı yolu seçməyini müəyyənləşdirirdi:


«Stalinin 1941-ci ildə imzaladığı 271 saylı bir əmr vardı. Həmin əmrə görə, hər hansı Sovet əsgəri ya yaralanması, ya da başqa səbəbdən əsir düşürdüsə, özünü güllələməliydi, çünki o, artıq vətən xaini sayılırdı. Ona görə də əsirlərin yenidən Sovet ordusuna qayıtmaq yolu qalmırdı».


Nəsiman Yaqublu deyir ki, həmin vaxtlar faşist Almaniyası əsirlərin çoxunu güllələdiyindən, Azərbaycan Demokratik Respublikasının banisi, həmin vaxt Azərbaycan Milli Komitəsinin başqanı olan Məmməd Əmin Rəsulzadə azərbaycanlı əsirləri qorumaq üçün legionların yaradılmasında fəal iştirak etməyə başladı:


«Məmməd Əmin Rəsulzadə Azərbaycan Milli Komitəsini sədri vəzifəsində çalışırdı. Komitənin əsas vəzifəsi əsir düşərgələrinə gedib onları Almaniyanın müxtəlif şəhərlərində yerləşdirməkdən ibarət idi. Rəsulzadə də çoxlu sayda azərbaycanlı əsirin xilas olmasında fəallıq göstərirdi. 1943-cü ilin avqust ayına qədər Rəsulzadə Milli Komitənin sədri kimi Almaniyada qalıb fəaliyyət göstərdi və azərbaycanlı əsirləri xilas etdi».


Balabəy Ağadadaşov deyir ki, onların öz komandirləri olub. Məqsədləri isə Azərbaycanın müstəqilliyi idi:


«Azərbaycanlı komandirimiz, öz generalımız vardı. Marşımız vardı: «Təyyarələr qalxar göyə bombalar partlar, azad olsun Azərbaycan, Azərbaycan». Deyirdilər ki, bunu yaradan Məmməd Əmin Rəsulzadə olub. Müstəqil bir orduya oxşayırdıq. Məqsədimiz də Azərbaycanı müstəqil görmək idi».


Balabəy Ağadadaşov Novruz bayramı günündə Məmməd Əmin Rəsulzadənin onlara baş çəkdiyini də bildirir.


Həmin dövrün başqa bir araşdırıcısı, tarixçi Məmməd Cəfərli isə deyir ki, legionerlər qəzet çıxarır, Azərbaycanın müstəqillik günlərini bayram kimi qeyd edirdilər.


Amma Nəsiman Yaqublunun bildirdiyinə görə, 1943-cü ildə Məmməd Əmin Rəsulzadənin azərbaycanlılara əmri oldu. Həmin əmrə görə, azərbaycanlılar başqa millətlərə qarşı vuruşmamalıydılar. Bundan sonra alman generallarının azərbaycanlılara münasibəti dəyişir:


«1943-cü ilin avqustunda Rəsulzadə Azərbaycan legionerləri qarşısında bəyanat verdi. Bəyanatında deyirdi ki, hər hansı bir Azərbaycan legioneri öz azadlığı uğrunda vuruşan başqa millətlərə – polşalılara, yuqoslavlara, çexlərə və başqa xalqlara qarşı vuruşmamalıdır. Fərqi yoxdur, onlar Sovet İttifaqına qarşı vuruşur, yoxsa Almaniyaya qarşı. Bu isə Almaniyanın nüfuzlu dairələrinin xoşuna gəlmədi və Rəsulzadə Almaniyadan çıxarıldı».


Bundan sonra isə legionerlər hərəsi bir ölkəyə dağılır. Balabəy Ağadadaşov deyir ki, müharibənin sonlarına yaxın o, Fransanın Lion şəhərində yaşayıb. 1945-ci ilin oktyabr ayında isə Azərbaycana qayıdıb.


Ancaq azərbaycanlı əsirlərdən Sovet İttifaqına qayıtmayıb, sonradan başqa ölkələrə, daha çox Türkiyəyə gedənlər çox olur. Həmin şəxslərdən biri, hazırda Ankarada yaşayan Məhəmməd Kəngərli deyir ki, Rəsulzadə əsirləri qorumaq üçün Azərbaycan Demokrat Birliyi adından onlara müraciət edir:


«Müharibədən sonra azərbaycanlı əsirlərin Sovet İttifaqına qayıtmamaları üçün işə başladıq. Məmməd Əmin Rəsulzadə dedi ki, bir cəmiyyət qurub bu işi görməliyik. Azərbaycan Demokrat Birliyini qurduq, mən onun başqanı oldum. Biz İtaliya, İsveçə, Hollandiyaya gedib, azərbaycanlı əsirlərin geriyə dönməməsinə çalışdıq. Çünki onları sürgün və həbs gözləyirdi».


Məhəmməd Kəngərli deyir ki, buna nail də olublar. Həmin əsirlərin bir qismi 1950-ci ilə qədər Almaniya, İtaliya və Misirdən Türkiyəyə gəlib. Kanada və ABŞ-a gedənlər də olub. Məhəmməd Kəngərli «legioner» sözünü də qəbul etmədiyini deyir. Bildirir ki, o, da daxil olmaqla həmin əsirlər muzdla tutulmayıb. Məqsədləri isə Azərbaycanın müstəqil görmək olub.


Balabəy Ağadadaşov isə deyir ki, o, 1945-ci ilin oktyabrında Bakıya qayıdandan sonra dəfələrlə təhlükəsizlik orqanlarının sorğu-suallına çəkilib. 1956-cı ildə Xruşşov hakimiyyətə gələndən sonra rahat nəfəs almağa başlayıb:


«Mən həmişə qorxu içində olmuşam. 1956-cı ildə Xruşşovun əmriylə əsirlikdə olduğuna görə həbsdə saxlananlar buraxıldı. Başqa bir əmrlə əsirlikdə olan dövr müharibə iştirakçıları dövrünə bərabər sayıldı».


Elə indinin özündə də legionerlərə münasibətdə onları azadlıq mücahidi kimi tanıdanlarla yanaşı, bu adamların vətən xaini olduğunu düşünənlər də var. Amma yəqin ki, sinəsi orden və medallarla dolu müharibə veteranının da, əsirlikdə qalıb heç olmasa, Azərbaycanın müstəqilliyi üçün vuruşduğunu düşünən legionerin də bircə adı var: müharibə qurbanı.


Günün bütün mövzuları

XS
SM
MD
LG