Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:05

Kürdə suyun səviyyəsini tənzimləmək üçün xüsusi layihə hazırlanacaq


Bu yaxınlarda Rusiyadan iki lil soran gəmi gətiriləcək və Salyanda Kür çayının yatağı təmizlənərək suyun səviyyəsi tənzimlənəcək. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun sözlərinə görə, bu məqsədlə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin imkanlarından da istifadə olunacaq.


Cənab Heydərov deyir ki, bu yaxınlarda Salyanda vəziyyətlə tanış olub. Nazirin sözlərinə görə, bənd qurmaqla suyun səviyyəsinin qalxmasının qarşısını almaq olmaz, gələcəkdə problemin həlli üçün xüsusi layihə hazırlanacaq: «Məsələ ondadır ki, suvarma üçün yardımçı kanala su verilir, kanala da su gedərkən, bəzi evlərin həyətinə dolur».


Kəmaləddin Heydərov evlərini su basmış əhaliyə kompensasiya ödənib-ödənməyəcəyi barədə konkret bir söz deməyib.


Ötən həftə Kürün səviyyəsinin artması nəticəsində Salyan rayonu ərzisində onlarla evə ziyan dəyib.


Fövqəladə Hallar naziri onu da əlavə edib ki, mayın 15-də ilk dəfə olaraq Nardaran çimərliyində Sularda Xilasetmə Agentliyinin əməkdaşları yeni xilasedici katerlər, müşahidə buruqları, dalğıc geyimləri və məntəqəsini nümayiş etdirəcəklər. Nazirin sözlərinə görə, təkcə ötən il çimərliklərdə 43 nəfər həlak olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG