Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:54

150 il sonra Aleksandr Düma Xan qızı Natəvanla yenə görüşdü


Sevda İsmayıllının «Xarı bülbüllər» filminin rejissoru Arif Qazıyevlə müsahibəsi, 5 may 2006

Sevda İsmayıllının «Xarı bülbüllər» filminin rejissoru Arif Qazıyevlə müsahibəsi, 5 may 2006

Bu dəfə Şuşada deyil, Şuşanı rəmzləşdirən «Xarı bülbüllər» filmində


AZADLIQ: Bu həftə «Xarı bülbüllər» filminin ilk tamaşası olub. 100-cü proqramda – 100-cü «İz»də həmin filmin rejissoru Arif Qazıyevlə üz-üzəyik. Xoş gördük, Arif bəy! Bu filmi harada çəkdiniz ki, Şuşaya oxşasın? Yəqin baş rolun ifaçılarını deyil, Şuşanın obrazını yaratmaq çətin başa gəldi, hə?


ARİF QAZIYEV: Doğrudan da ən çətin məsələ məhz Şuşanı xatırladan, Şuşanın gözəlliklərini sərgiləyən yerləri tapmaq və çəkilişləri həmin yerlərdə – yamaclarda, cığırlarda, bulaqlarda, ormanlarda gerçəkləşdirmək oldu. Azərbaycanın Şuşaya bənzər, Şuşanı xatırladan yerləri, nə yaxşı ki, var!


AZADLIQ: Şuşa!.. Düma!.. Xan qızı Natəvan!.. 19-cu əsr! Lap qısaca da olsa, süjeti söyləyin ki, «Azadlıq»ı dinləyənlər nigaran qalmasınlar...


Rejissor Arif Qazıyev, 5 may 2006
ARİF QAZIYEV: «Azadlıq» radiosunun dinləyiciləri də orta məktəbdə oxuyarkən, mütləq bu məqama da rast olublar ki, 150 il öncə fransız yazıçısı Aleksandr Düma Azərbaycana gəlib və «Qafqaz səfəri» kimi tanıdığımız əsəri meydana gətirib. «Xarı bülbüllər» filmində Dümanın məhz Qarabağa – Şuşaya gəlişini, Xan qızı Natəvanla görüşünü diqqət mərkəzində saxlamağa cəhd göstərmişik...


AZADLIQ: Demək belə, Düma deyir ki, təklif eləyən olsaydı, ömrümün qalan hissəsini Qarabağda yaşayardım... Təklif oldu, ya yox?


ARİF QAZIYEV: Yox, olmadı... Şuşalılar onun əsl məramından xəbərsiz idilər, axı. Bilsəydilər ki, gözəl Qarabağdan, Şuşadan, Xan qızı Natəvandan yazacaq, yəqin, heç gözlərini qırpmadan «burda qal, Düma!» deyərdilər... Bir də Düma da Fransasız darıxardı, axı!


AZADLIQ: 150 il öncənin geyim-kecimini, ab-havasını, ləhcəsini, ovqatını yaratmaq çətin olmadı?


ARİF QAZIYEV: Əlbəttə, çətin oldu. Pulsuzluq, əsasən, müasir dövrdən film çəkənlərin işinə yarayır. Hərçənd, onlar da diqqətçəkən nə isə yarada bilmirlər. Tarixi filmləri çəkmək daha böyük bilgilər və xərc tələb edir. İçərişəhərli modelyer xanım Dünyamalıyevanın çox köməyi dəydi bizə. Bütün gecələri işlədi, Xan qızının geyimlərini «canlandırdı». Saray mühitini göstərmək nisbətən asan başa gəldi. İçəri şəhərdə «Muğam Teatrı»nın yerləşdiyi bina çox əlverişli oldu...


AZADLIQ: Arif bəy, film xaricdə göstəriləcəkmi? Planlarınız necədir?


ARİF QAZIYEV: Belə planlarımız var. Öncə söyləyim ki, filmi Rusiya Dumasının yeganə azərbaycanlı deputatı, əslən şuşalı Fərhad Teymur oğlu Əhmədov maliyyələşdirib. Onun dediyinə görə, «Xarı bülbüllər»i Rusiyanın «TV Kultura» kanalında da göstərmək mümkün olacaq. Daha sonra Bolqarıstan və Macarıstanda keçiriləcək musiqili film festivalına da qatılmaq fikrimiz var. İnşallah! Fərhad Əhmədovun təşəbbüsü və yardımı ilə Qarabağı görməyən, amma əslən qarabağlı uşaqların təhsil alacağı «Muğam Məktəbi» də açacağıq... Bu film haqqında məlumatı geniş yaydığı üçün «Azadlıq» radiosuna xüsusi minnətdarlığımızı bildiririk.


XS
SM
MD
LG