Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

İƏT-ə sədrlik Azərbaycana keçib


İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə toplantısı, Bakı, 5 may 2006

İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə toplantısı, Bakı, 5 may 2006

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Bakıda keçirilən IX sammitində növbəti dövrdə təşkilata sədrlik Azərbaycana verilib.


Sammitdən sonra keçirdiyi mətbuat konfransında prezident İlham Əliyev bildirib ki, ölkə və hökumət başçıları təhlükəsizlik, regional layihələr, iqtisadi potensialdan səmərəli istifadə olunması, müvafiq maliyyə qurumlarının yaradılması kimi məsələləri müzakirə ediblər.


İranın nüvə planları ətrafında suala cavabında prezident bildirib ki, Bakı hər şeyin beynəlxalq hüququn normaları əsasında həll olunmasına tərəfdardır: “Əgər beynəlxalq hüquq hər hansı ölkəyə nüvə enerjisi əldə etmək imkanı verirsə, burada mübahisəli heç bir şey olmamalıdır. Narahatlıq və gərginlik doğuran bütün məsələlər regionumuzda kövrək sabitliyi qorumaq naminə sülh yolu ilə, diplomatik səylərlə həll olunmalıdır”.


Prezident İlham Əliyev sammitdəki çıxışında da İƏT üzvlərini beynəlxalq terrora qarşı birləşməyə çağırıb: “Bütün terror təşkilatlarına eyni gözlə baxılmalı, ayrı-seçkilik edilməməlidir. Azərbaycan da Ermənistanın terror təşkilatları tərəfindən 30-dan çox terror aktına məruz qalıb, 2 mindən çox günahsız insan qətlə yetirilib. Bu gün də regional əməkdaşlığın inkişafına ən böyük maneə Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasətidir".


Əsas hissəsi jurnalistlərin iştirakı olmadan keçirilən sammitdə prezidentlər İlham Əliyev (Azərbaycan), Həmid Karzay (Əfqanıstan), Mahmud Əhmədinejad (İran), baş nazirlər Rəcəb Tayyib Ərdoğan (Türkiyə), Şövkət Əziz (Pakistan), Daniyal Ahmetov (Qazaxıstan), Akil Akilov (Tacikistan), Almanbet Matubraimov (Qırğızıstan), Özbəkistan parlamentinin spikeri Erkin Xalilov, Türkmənistanın Xəzər üzrə Dövlət Müəssisəsinin rəhbəri Xoşgeldı Babayev iştirak edib.


Yekunda isə İƏT ölkələrinin Bakı bəyannaməsi qəbul olunub. Həmçinin təşkilata üzv ölkələrin 8 nəfər nümayəndəsi “ECO ödülü” ilə təltif olunub.


İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası qurum kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. 1992-ci ildə təşkilata 7 yeni üzv dövlət – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da qoşulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG