Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:47
Hər şey ondan başlayıb ki, Azərbaycanın Məhkəmə Hüquq Şurası Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimovun rəhbərliyi ilə keçirilən prosesdə ölü adamın şahid qismində ifadə verdiyini, eləcə də, bu hakimin qərarları muzdla tutduğu başqa bir adama yazdırdığını aşkarlayıb. Hüquq Maarifçiliyi Cəmiyyəti də bu faktı nəşr etdirdiyi kitabda yayıb. Ötən il çapdan çıxmış «Hakimlərin intizam məsuliyyəti» adlı kitabda yazılır:

«Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimov barəsində Məhkəmə Hüquq Şurasının 26 dekabr 2005-ci il tarixli qərarında hakimin cinayət işini Cinayət Prosessual Məcəlləsinin (CPM) 345, 352 və 398-ci maddələrinin tələblərini kobud surətdə pozaraq hazırlamaq üçün kənar şəxsə verdiyi və məhkəmə prosesində vəfat etmiş şəxsin iştirak etməsi və prosesdə ifadə haqqında protokolda və qətnamədə yalan yazdığını göstərib. Lakin sonda MHSm hakim barəsində başlanmış intizam icraatına xitam verilməsi barədə qərar qəbul edib. MHS nəyə görə bu nəticəyə gəldiyini qərarında əsaslandırmayıb».

İndi hakim Qəzənfər Kərimov Hüquq Maarifçiliyi Cəmiyyətini, onun iki hüquqşünasını və rəhbəri İntiqam Əliyevi məhkəməyə verib.

Qəzənfər Kərimov inkar etmir ki, o, ölü adamın guya məhkəmədə ifadə verdiyi barədə yalan yazıb. Qəzənfər Kərimov özünün yazmalı olduğu qərarları başqasına yazdırdığını da inkar etmir. Hakim deyir ki, Hüquq Maarifçiliyi Cəmiyyəti onun haqqında Məhkəmə Hüquq Şurasının intizam icraatına xitam verilməsini yalan yazıb. Əslində hakimə töhmət veriblər.

«Azadlıq» radiosunun «İşdən sonra» proqramında çıxış edən İntiqam Əliyev deyir ki, əslində məlumat olduğu kimi Şuranın saytından götürülüb. Amma sonra o məlumat dəyişdirilib. Qəzənfər Kərimov bu məsələni onların diqqətinə çatdırandan sonra onlar yenilənmiş məlumatı kitabı pulsuz payladıqları bütün təşkilatlara çatdırıblar.

Amma bu, Qəzənfər Kərimovu razı salmayıb. Hakim Cəmiyyətin və hüquqşünasların ondan üzr istəməsini, eləcə də 20 min manat cərimə ödəməsini istəyib.

Hüquq Maarifçiliyi Cəmiyyətinə göndərilən iddia ərizəsində Q.Kərimov qeyd edir ki, həmin məlumatın yayılması nəticəsində onun barəsində məhkəmə-hüquq ictimaiyyəti və digər oxucu kütləsi arasında mənfi rəy yaranıb:

«Bu məlumatı oxuyan istənilən şəxs istər-istəməz elə zənn edəcək ki, mən hakimlik fəaliyyətimdə özbaşınalıqla məşğul oluram, lakin Məhkəmə Hüquq Şurası buna göz yumur və bununla da mən mürtəce bir şəxs qismində cəmiyyətə təqdim edilmiş oluram. Buna görə də, yayılmış məlumatlar nəticəsində mənim şərəf və ləyaqətimin ləkələnməsi göz qarşısındadır».

Məhkəmə Hüquq Şurasının hakim Qəzənfər Kərimov haqqında verdiyi qərar 2005-ci ilə aiddir. İntiqam Əliyevin sözlərinə görə, Şuranın internet səhifəsində bütün qərarlar yerləşdirilməlidir, amma 2007-ci ildən sonrakı materiallar əlçatan deyil. Şuranın web-səhifəsində 2008-ci ilə aid qərarların yerləşdirildiyi linkdə səhifənin tapılmadığı barədə ingiliscə məlumat var. İntiqam Əliyevin sözlərinə görə, hakimlərin qanun pozuntuları və korrupsiyaya yol verdiyi barədə 2008-ci ildə də qərarlar verilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev ilin əvvəlində keçirdiyi mətbuat konfransında Azərbaycan məhkəmələrində korrupsiya hallarının olmadığını bildirib.

Məsələ ilə bağlı Qəzənfər Kərimovun mövqeyini öyrənmək cəhdlərimiz alınmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG