Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:14

Berlin divarını Şengen divarı əvəz edib


Şengen vizası almaq üçün sənədlərin siyahısı xeyli uzundur

Şengen vizası almaq üçün sənədlərin siyahısı xeyli uzundur

Avropanın kapitalist və sosialist düşərgələrinin bölünməsinin simvolu olan Berlin səddinin uçurulmasından 20 il sonra Avropa Birliyi ölkələri qanunsuz miqrasiyanın qarşısını almaq üçün viza rejimini sərtləşdirirlər.

Düzdür, 1990-cı illərdə qısa bir dövr ərzində Ukrayna, Belarus və Moldovanın Avropaya sərhədləri açıldı və bu ölkələrin vətəndaşları sərbəst şəkildə Polşa və başqa qonşu dövlətlərə səfər edə bildi. Amma Polşa, Slovakiya və Macarıstanın Avropa Birliyinə qoşulmasından sonra bu, qadağan edildi.

İndi ancaq Avropanın 25 ölkəsinin vətəndaşları bu ölkələri əhatə edən Şengen zonası daxilində sərbəst hərəkət edə bilər. Kənardan həmin zonaya keçmək istəyənlər isə zonaya daxil olan ölkələrdən birinə viza almalıdır.

1985-ci ildə bağlanan Şengen razılaşması ilə 5 Avropa ölkəsi öz aralarında vizasız gediş-gəliş tətbiq ediblər, sonradan bu zonaya qoşulan dövlətlərin sayı artıb.

Cənubi Qafqaz ölkələri daha çox təcrid olunublar. Avropa Birliyi 6 keçmiş sovet ölkəsinə Şərq Əməkdaşlıq Planı təklif edib. Bu, həm də gələcəkdə Azərbaycana viza güzəştlərinin verilməsinə yol aça bilər.

Amma Avropa Birliyinin son sammitində bu məsələdə fikirlər haçalanmışdı. Almaniya başda olmaqla «köhnə» Avropa ölkələri deyirdilər ki, 6 keçmiş sovet ölkəsinə vizasız gediş-gəliş güzəşti yox, «gələcəkdə viza güzəştləri üçün çərçivə» təklif etmək lazımdır. Polşa başda olmaqla «liberallar» isə təklif edirdilər ki, əgər sözügedən ölkələrə vizasız gediş-gəliş haqqı verilsə, bu, onların Avropaya inteqrasiyası üçün böyük stimul olar. Amma «liberallar»ın təklifi keçmədi.

Qərbi Balkan ölkələrinin işi bu baxımdan daha çətindir. Slovenləri və xorvatları çıxmaqla bu bölgədəki ölkələrin sakinləri Şengen vizası almaq üçün xeyli bürokratik prosedurlardan keçməli olurlar.

Moldova sakinləri üçünsə Avropada işləyən yaxınlarının göndərdiyi pullar olmadan dolanmaq çox çətin olardı. Moldovalıların xaricdən göndərdiyi pullar bu ölkənin dövlət büdcəsindən daha çoxdur.

Rəsmi olaraq dünyanın istənilən ölkəsində Şengen vizası almağın qiyməti 60 avrodan artıq ola bilməz, Moldovada bu qiymət 35 avrodur. Amma viza sənədlərini əldə etmək elə çətindir ki, insanlar bəzən 90 günlük viza üçün 5 min dollara qədər rüşvət verməyə məcburdurlar. Onlar ümid edirlər ki, Avropada qazandıqları pulla bunu kompensasiya edə biləcəklər.

«Azadlıq» radiosunun Belqraddakı müxbiri Branka Triviç isə Serbiyanı və bəzi başqa Balkan ölkələrini bu baxımdan «getto» adlandırır, deyir ki, Şengen vizasını rüşvətsiz almaq olar, amma bu, asan bir proses deyil:

«O qədər kağız-kuğuz tələb edirlər ki…Bəzən isə bütün bunlardan sonra sənə viza verməkdən imtina edirlər, heç səbəbini də demirlər. Bu, alçaldıcı bir prosesdir».

Araşdırmalar göstərir ki, keçmiş Yuqoslaviya ərazisində yaşayanların 70 faizi öz ölkələrini tərk etməyib. Triviç deyir ki, belə qadağalar şəraitində Avropa dəyərlərinin yayılmasına nail olmaq mümkün deyil.

Şengen vizası almaq üçün sənədlərin siyahısı isə xeyli uzundur. Sizdən hətta pulu ödənilmiş təyyarə bileti, səfər müddətində sağlamlığınızın sığorta olunması haqda sənəd tələb edirlər. Şengen vizası almaq istəyəndən hətta səfər marşrutu, onun mülkiyyətində olan daşınmaz əmlak, iş yerindən arayış da tələb edilə bilər. Bundan başqa, siz qalacağınız oteldən «təsdiq kağızı» göstərməlisiniz.

Viza üçün müraciət edənlər bankdan sənəd də göstərməlidirlər ki, cari hesablarında səfərin hər günü üçün azı 30 avro pul var. Halbuki bu bürokratik əngəlin heç bir səmərəsi yoxdur. Məsələn, Azərbaycanda viza almaq üçün müraciət edənlər bankda cari hesab açıb ora pul qoyandan və arayış alandan sonra həmin pulu götürüb hesabı asanlıqla bağlaya bilərlər. Arada isə cari hesabı açmağa çəkdikləri 10 manat pul əldən gedəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG