Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:45

Getdikcə daha çox ölkədə internetə senzura cəhdləri olur


Hesabatda Kuba, İran, Çin və Tunis internetin vəziyyətinə görə «azad olmayan ölkə» kimi qiymətləndirilib
Hesabatda Kuba, İran, Çin və Tunis internetin vəziyyətinə görə «azad olmayan ölkə» kimi qiymətləndirilib
«Freedom House» bildirir ki, getdikcə daha çox ölkədə internetdə yayılan materiallara senzura tətbiq etmək cəhdləri olur. Təşkilat 2007-2008-ci illərdə dünyanın 15 ölkəsində internet azadlıqlarının vəziyyətini öyrənib.

Hazırladığı hesabatı isə 1000 nəfərdən çox bloqqerin aprelin 1-də Berlində keçirilən konfransına təqdim edib.

«Freedom House»un nümayəndəsi Robert Querra «Azadlıq» radiosuna bildirib ki, bu sahədə açıq-aşkar narahatlıq doğuran tendensiya var:

- Xüsusilə də repressiv dövlətlərdə internetdəki materialları senzura etmək üçün tədbirlərin şahidi oluruq. Bu tədbirlər təkcə senzura cəhdləri deyil, internetə çıxış texnologiyalarına nəzarət edilməsi, bu məkanda aparılan müzakirələri yönləndirməyə və hökumətin xeyrinə olan fikirlərin formalaşmasına cəhdlər var.

«Freedon House» internet azadlığının səviyyəsinə görə, Kubanın vəziyyətini ən aşağı hesab edir. Qeyd edir ki, Fidel Kastronun məmləkətində internetə çıxış tam nəzarətdədir.

Hesabatda İran, Çin və Tunis internetin vəziyyətinə görə, «azad olmayan ölkə» kimi qiymətləndirilib.

Bu araşdırmanın redaktoru Karin Karlekar bildirir ki, İranda vətəndaşın internetdən istifadəsini məhdudlaşdırmaq üçün ən müxtəlif yollara əl atırlar:

- İran internet xidməti göstərən şirkətlər vasitəsilə materialların məzmunun filtrdən keçirmək üçün sistemli şəkildə müxtəlif texnologiyalardan istifadə edir. İran internetdən video və başqa materialların götürülməsinə maneə yaradan ölkələrdən biridir. Bu ölkə fərdi internet istifadəçilərini də təqib edir.

Hesabata görə, İranda bloqqerlər həbslərə, hətta işgəncələrə məruz qalırlar. İranın internetdə cinayət hesab etdiyi əməllərə görə, ölüm hökmü nəzərdə tutan qanun layihəsi də parlamentə təqdim edilib.

Təşkilat Misir, Hindistan, Keniya, Türkiyə, Rusiya və Gürcüstanı internetin vəziyyətinə görə, «qismən azad ölkə» adlandırıb. «Freedom House»dan Karin Karlekar deyir ki, Rusiya ilə müharibə Gürcüstanda internet azadlığına ciddi zərbə olub:

- Rusiya ilə müharibə internet azadlığına təsir etdi. Bəzi veb səhifələr bağlandı, bəzi səhifələrə texniki hücumlar edildi. Gürcüstanda başqa bir problem də infrastruktura hamının əlinin çatmamasıdır.

«Freedom House» Braziliya, Britaniya və Cənubi Afrikanı isə «azad ölkə» adlandırır. Amma həm də qeyd edir ki, bu ölkələrdə də hər şey əla deyil. Məsələn, Britaniyada internetdə yayılan materialların müəllifləri asanlıqla məhkəməyə verilir.

«Freedom House» qeyd edir ki, Britaniya istisna olmaqla vəziyyəti öyənilən ölkələrin əksəriyyətində, o cümlədən də Rusiya və Gürcüstanda internet azadlığı media azadlığından daha genişdir. Hətta İran kimi internetə məhdudiyyətlərin geniş yayıldığı ölkələrdə insanların internetə marağı artır və onlar internetdən istifadəyə getdikcə daha çox can atırlar.

«Freedom House» internet azadlığının vəziyyətini Rusiya, Gürcüstan, Birləşmiş Krallıq, Çin, İran, Cənubi Afrika kimi 15 ölkədə öyrənib.

Təşkilatın hesabatında Azərbaycandakı vəziyyət haqqında məlumat yoxdur. Amma Azərbaycanda internetdə yayılan materiallara görə həbsdə yatanlar var. Bir neçə il əvvəl «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev Qarabağ münaqişəsinə dair internetdə yayılan məqaləsinə görə həbs edildi. O zaman internetdəki yazışmaları dövlət orqanlarının izlədiyi barədə şübhələr yaranmışdı. Çünki Eynulla Fətullayevin məqaləsində imza yox idi. Amma hüquq-mühafizə orqanları məqaləni onun yazdığını iddia edirdilər.

Elə hazırda da vətəndaşların elektron məktublarına hüquq-mühafizə orqanlarının nəzarət etməsi barədə hələlik tam təsdiqlənməyən məlumatlar dolaşır.

Azərbaycan 2008-ci ildə Kibercinayətkarlıqla Mübarizə üzrə Avropa Konvensiyasına qoşulub. Konvensiyaya qoşulmazdan əvvəl də Azərbaycanın hüquq-mühafizə orqanları internetdə vəziyyətə nəzarət edirdilər. Hazırda ölkədə bu məkana MTN-in, DİN-in və Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi qurumları nəzarət edir. Keçən il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də Azərbaycanda internet şəbəkəsində təhlükəsizliyi qoruyan xüsusi idarənin yaradılması üçün Nazirlər Kabinetinə təklif göndərib. Amma hələlik bu idarə yaradılmayıb.
XS
SM
MD
LG