Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:49

Prezidentlər Bakıya gəlib


İqtisadi Əməkdaşlıq Təşkilatının mayın 5-də Bakıda keçiriləcək zirvə toplantısında iştirak edəcək İran prezidenti Mahmud Əhmədinejad, Əfqanıstan prezidenti Həmid Karzay, Pakistanın Baş naziri Şövkət Əziz, Qazaxıstanın Baş naziri Danial Axmetov, Özbəkistan parlamentinin spikeri Erkin Xəlilov artıq Bakıdadır.


Azərbaycanın dövlət başçısı İlham Əliyev mayın 4-də Əfqanıstan prezidentini və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Günün sonuna kimi, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da Bakıya gələcəyi bildirilir. Zirvə toplantısında Bakı Bəyananməsinin qəbulu gözlənilir.


Qurumun Nazirlər Şurası isə mayın 4-də bu sənədi müzakirə edib. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirir ki, sənəddə tərəflərin qlobal və regional məsələlərlə bağlı əməkdaşlıqda niyyətli olduqları, terrora qarşı səyləri birləşdirməyin və bölgədəki münaqişələrin həllinin vacibliyi vurğulanır.


İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının mayın 4-də Bakıda keçirilən iclasında iqtisadi sahələrdə əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, ortaq bankın yaradılması məsələsi də müzakirə edilib. Türkiyənin Dövlət naziri Bülənt Atalay bildirir ki, bu bank özəl sektorda əlaqələri genişləndirmək məqsədi daşıyır:


«Ticarət və İnkişaf Bankı yaradılması ilə bağlı müzakirələr son mərhələyə çatıb. Onun ilk sərmayədarları Türkiyə, İran və Pakistan olacaq. Daha sonra isə üzv ölkələr qatılacaq».


Bülənt Atalayın sözlərinə görə, Türkiyə toplantıda İstanbuldan Tehrana, ordan isə Orta Asiya ölkələrinə dəmiryolu xəttinin çəkilməsinin tezləşdirilməsi məsələsini də önə çəkib.


XS
SM
MD
LG