Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:15

Mart qırğınlarının şahidləri…


Bakı və onun ətraf yaşayış məntəqələrində on mindən çox dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib
Bakı və onun ətraf yaşayış məntəqələrində on mindən çox dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib
«1918-ci ildə keçmiş «Bazarnı», indiki «Azərbaycan» prospekti şəhəri iki yerə bölmüşdü. Yuxarıdakı məhəllələrdə erməni sakinləri, aşağıda isə köhnə bakılılar yaşayırdı. Tez-tez onlar arasında məhəlli qırğınlar düşürdü». 1918-ci ilin mart hadisələrini xatırlayan təqaüdçü jurnalist Tofiq Axundov belə deyir.

«Öz gözlərimlə görmüşəm. Həmin vaxt daşnaklar limana yaxınlaşan paroxodlara, gəmilərə tez-tez hücum edirdilər. Onlar Maştağa, Mərdəkan kimi Bakı kəndlərində də imkan tapdıqca həmlə edirdilər».

Muğam Teatrının solisti, əməkdar artist Ədilə Əflaki isə atasının xatirələri əsasında Zəngəzurda da azərbaycanlıların qırılmasından danışır:

«Erməni-müsəlman davası başlayanda babamı öldürüblər, nənəm arabadan dərəyə yıxılıb. Bir erməni qadın onun hamilə olduğunu görüb kömək edib. Deyib ki, kim soruşsa deyəcəyəm ki, lal-karsan. Atamı dünyaya gətirəndə isə nənəm özü rəhmətə gedir. Ermənilərin təzə doğulan uşağı öldürməyə əlləri gəlmir. Atamı Gəncəyə aparıb xalasına verirlər. Atamı o böyüdür. 18 yaşında atam xalası ilə Bakıya gəlir və burada məskunlaşır».

Bakı sakini Aytən Qəhrəmanova mart qırğınlarını nənəsinin sözlərindən xatırlayır. Mart qırğınları zamanı daşnaklar onun bibisinin həyat yoldaşını öz evlərindəcə güllələyiblər:

«Arvad-uşağını isə əsir aparıblar. Nənəmin ailəsini digər əsirlərlə birlikdə məscidə toplayıblar. Orda onlara qan içində süfrə açıblar və çörək veriblər». A.Qəhrəmanovanın sözlərinə görə, həmin vaxt qonşuluqda yaşayan Bakı ermənisi onları daşnakların əlindən xilas edib.

1918-ci ilin mart ayında əsasən milliyyətcə erməni olan bolşeviklərdən formalaşmış Bakı Xalq Komissarları Soveti tərəfindən Bakıda və azərbaycanlıların yaşadıqları digər ərazilərdə kütləvi qırğınlar törədilib.

Yerli tarixçilər qeyd edirlər ki, təkcə Bakı və onun ətraf yaşayış məntəqələrində on mindən çox dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib.
XS
SM
MD
LG