Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:47

Həyatına terror damğası basılmış adam....


Yeniyetmə Rafiq Babayev
Mirzə Cəlil demiş, gözünü dünyaya açanda… işıqlı dünya doğrudan da qapqaranlıq idi…
Bakı, 1936-cı il, 31 mart.

Özü fərqində olmasa da, şəhərdə qara-qara maşınların qara-qara gecələrdə (bunu bir dəfə yazmışdım) qara-qara işlər gördüyü zaman idi. Və o qara maşınlar bir gün onlara da gəldi. 1937-ci ilin avqustun 12-də balaca Rafiqin atasını həmişəlik apardılar…

Rafiqin atası «cekist» idi

Fərzi Cəfərquluoğlu NKVD-də işləyirdi, «qaçaq-quldurlarla mübarizə aparırdı». Rejimin öz balalarını udan vaxtı idi. Tutulandan bir ay sonra onu güllələyirlər.

Rafiqin heç iki yaşı da yox idi.

Anası Şahbəyimin çəmi 27 yaşı var idi.

Ailə atanın ölümündən çox sonralar xəbər tutdu. Qarşıdan dünya savaşı gəlirdi. Ana kübar qadın idi. Əsil-nəcabətli ailədən çıxmışdı. Amma 4 uşağı həm 37-ci ilin zülmətindən, həm də savaşın ağzından çıxarmaq lazım idi. Şahbəyim xanım bunu bacardı, təkcə balalarını deyil,
Məktəbli Rafiq Babayev
daha nələri qorudu….

Konservatoriyada təsərrüfat müdiri işlədi

Müharibə vaxtı konservatoriya hospitala çevriləndə yaralıların sağalması üçün yardımını əsirgəmədi. Hətta hünər sayılacaq təşəbbüsə imza atdı. Hospitala çevrilən konservatoriyanın nadir musiqi alətlərini Azərbaycanın bölgələrinə daşıdı, siyahısını tutdu, müharibədən sonra onları bircə-bircə geriyə qaytardı. Üzeyir bəyin təşəkkürünü qazandı…

Şahbəyim xanım 4 musiqiçi övlad yetişdirdi

Bacısı Armanut xanımın dediyinə görə, Rafiq onların içində ən həyatsevəri imiş. Şən və inamlı davranışları ilə doğmalarını üzülməyə qoymazmış.

Əvvəlcə musiqi məktəbi, sonra Asəf Zeynallı adına musiqi texnikumunu bitirdi. Bakı konservatoriyasına daxil oldu. Xalq Çalğı alətləri ansamblının musiqi rəhbəri, Mahnı teatrının musiqi rəhbəri, «Cəngi» folklor-caz qrupunun rəhbəri, Tallin beynəlxalq caz festivalının laureatı, tanınmış bəstəkar, əvəzsiz pianoçu oldu. Böyük musiqiçilər nəsli yetişdirdi.

Biz hamımız onun şinelindən çıxmışıq

Siyavuş Kərimi: Biz hamımız, hətta Vaqif Mustafazadə də, onun şinelindən çıxmışıq.
Rafiq Babayev qızı Gülarə ilə, 1967
Onun evi, studiyası bizim sənət məbədimiz idi.

Akif İslamzadə: Rafiq Babayev mənim üçün Azərbaycan kişisinin obrazı idi. Dönməz, sözü bütöv, heç kəsə əyilməyən, yalansız…..

Bu fikirlər 2 il öncə Rafiq Babayevin xatirəsinə həsr etdiyimiz «Vida nəğməsi» proqramında əbədiləşib.

Qatar mərkəzə çatmadı…

... 1994-cü il martın 19-u. O, studiyadan çıxıb metronun «20 yanvar» stansiyasına daxil oldu. Şəhərin mərkəzinə - evinə, ailəsinə çatmaq istəyirdi. Burda qeyri-adi nə var ki? Biz hamımız hər gün metroya düşmürükmü?

... Terrorun tüğyan etdiyi dönəmdə (1937) və gündə (31 mart) dünyaya gələn bu adam 58 il sonra metro qatarında törədilən terror aktında həyatını itirdi. Terror onun həyatının lap əvvəlinə və lap sonuna qorxunc damğasını vurdu. Azərbaycan ustad sənətçi Rafiq Babayevsiz qaldı…
XS
SM
MD
LG