Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:00

«Qazprom»la müqavilə «Nabucco»ya necə təsir edəcək?


«Azərbaycan belə bir addım atmaqla həm də «Nabucco» qaz kəmərinin təchizatçısı olmaqdan imtina etdi»

«Azərbaycan belə bir addım atmaqla həm də «Nabucco» qaz kəmərinin təchizatçısı olmaqdan imtina etdi»

«Rusiyanın «Qazprom» şirkəti Azərbaycan qazını alsa, bu, kommersiya baxımından hər iki ölkə üçün sərfəli bir variantdır».

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Dövlət Neft Şirkətilə (DNŞ) «Qazprom» arasında imzalanan memoranduma münasibət bildirərkən belə deyib. O, hesab edir ki, burda Azərbaycanın maraqlarına uyğun gələn bir neçə məqam var. Əvvəla, Azərbaycanın 2007-ci ilin yanvarından boş qalmış magistral qaz kəməri yenidən işə düşəcək. İqtisadçı deyir ki, kəmərin boş qalması Azərbaycana baha başa gəlir. Yəni kəmər boş qalanda daha tez korroziyaya məruz qalır. Bu baxımdan da həmin kəmərin saxlanması həmişə əlavə xərc tələb edir.

İ.Şaban deyir ki, iki şirkət arasında razılıq əldə olunsa, həm «Azəriqaz» gəlir əldə edəcək, həm də Dövlət Neft Şirkətinin qaz ixracatından ölkəyə xeyli valyuta gələcək:

«Ən əsası isə odur ki, Azərbaycan qaz ixrac edən çox gənc bir ölkə kimi qısa müddətdə qaz ixracı coğrafiyasını genişləndirmək imkanı qazanacaq».

İ.Şaban yerli və beynəlxalq mətbuatda Azərbaycanın «Nabucco» layihəsindən, Qərb istiqamətinə yönələn layihələrdən imtina etməsi, Rusiyaya meyllənməsi barədə səslənən fikirləri də məntiqli saymır:

«Bu, heç də belə deyil. Çünki memoranduma diqqətlə baxanda aydın olur ki, bu, 2010-cu ildən sonrakı dövrə aiddir. Bu isə «Şahdəniz» layihəsinin ikinci mərhələsinə aiddir. Dövlət Neft Şirkətinin prezidentinin açıqlamasına görə, bu, 2014-cü ilin sonu 2015-ci ilin əvvəlinə hesablanıb».

İ.Şaban deyir ki, burda söhbət Dövlət Neft Şirkətinin balansında olan qazın Dağıstanın ehtiyacı üçün ixracından gedir. İqtisadçıya görə, Rusiya üçün Azərbaycan qazı Uzaq Sibirdən böyük xərclərlə Dağıstana ixrac edilən qazdan daha sərfəlidir və ucuz başa gəlir.

İ.Şabana görə, Azərbaycanın Rusiyaya qaz ixracı məsələsi regional iqtisadi əməkdaşlığı, siyasi, milli və mədəni əməkdaşlığa çevirir.

Politoloq Rasim Musabəyov isə «Qazprom»la Dövlət Neft Şirkəti arasında əməkdaşlığın mühüm siyasi əhəmiyyəti ola biləcəyini deyir. «Qazprom»un Rusiyada xüsusi yeri olduğunu deyən politoloqa görə, bu şirkətlə əlaqələrin genişlənməsi Azərbaycanın Rusiyanın hakim dairələrinə təsir etmək imkanlarını artıra bilər:

«Bu, Azərbaycan üçün heç də lazımsız deyil. Əsas da odur ki, məsələnin iqtisadi tərəfləri var. Azərbaycan yeni bazarlar əldə edir. Qaz idxalını artıran ölkə üçün bu vacibdir».

R.Musabəyova görə, bazarların çoxluğu Azərbaycanın xeyrinədir. Qaldı ki, bunun «Nabucco» qaz kəmərinə təsirinə, o deyir ki, «Şahdəniz»in ikinci fazasından çıxarılan qaz «Nabucco» üçün nəzərdə tutulduğundan burda Azərbaycanın adı çəkilən layihədən imtina etməsi barədə səslənən fikirlər əsassızdır.

R.Musabəyova görə, nə qədər çox bazar olsa, bu, bir o qədər Azərbaycan üçün sərfəlidir:

«Misal üçün biz təkcə dost-qardaş olan Türkiyə bazarına bağlı olanda qiymətlərlə əlaqədar ortalığa bəzi problemlər çıxır».

İqtisadçı Natiq Cəfərli isə məsələyə tam fərqli yanaşır. O, hesab edir ki, Azərbaycan belə bir addım atmaqla Rusiyanın təzyiqlərinə davam gətirə bilmədiyini nümayiş etdirdi:

«Bu, təkcə iqtisadi məsələ deyil, həm də siyasi məsələdir. Azərbaycan Rusiyanın təzyiqlərinə tab gətirmədi. Yarım ildən çox idi ki, danışıqlar gedirdi. Görünür, Rusiyanın əlində olan təsir mexanizmləri tutarlı arqumentlərə söykəndiyindən Azərbaycan bununla razılaşmalı olub».

N.Cəfərliyə görə, nə qədər etiraf edilməsə də, Azərbaycan belə bir addım atmaqla həm də «Nabucco» qaz kəmərinin təchizatçısı olmaqdan imtina etdi:

«Azərbaycanın imkanı xaricində olacaq ki, həm Rusiyaya qaz versin, həm Bakı-Ərzurum kəmərilə qaz nəql etsin, həm «Nabucco»ya qaz ötürsün, həm də daxili tələbatı təmin etsin».

N.Cəfərli deyir ki, Rusiyanın Azərbaycan qazını kommersiya qiymətlərinə almaq təklifi iqtisadi baxımdan sərfəli sayılsa da, siyasi baxımdan heç cür sərfəli sayıla bilməz. Bu baxımdan da iqtisadçı düşünür ki, sözügedən layihə reallaşacağı halda Azərbaycan Rusiyadan asılı vəziyyətə düşəcək.

Amma yerli mətbuatda bu məsələyə digər bir yanaşma da var. Həmin yanaşma da ondan ibarətdir ki, Azərbaycan bu addımı Ermənistanla sərhədləri açmaq istəyən Türkiyəyə və bunu rəsmi Ankaradan həmişə tələb edən Avropanın təkidlərinə görə atıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG