Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:49

Mixail Saakaşvili öz keçmişini unudur...


Nino Burcanadze, Mixail Saakaşvili və Zurab Jvaniya «Qızılgül» inqilabı zamanı, Tbilisi, 23 noyabr 2003
Nino Burcanadze, Mixail Saakaşvili və Zurab Jvaniya «Qızılgül» inqilabı zamanı, Tbilisi, 23 noyabr 2003
Gürcüstanda siyasi vəziyyət yenidən mürəkkəbləşib. Müxalifət mitinq edir, prezidentə impiçment elan etmək üçün imza toplayırlar. M.Saakaşvili isə daha vaxtından əvvəl prezident seçkisinin olmayacağını, 2013-cü ilə qədər özünün prezident kimi fəaliyyətini davam etdirəcəyini bildirir. Belə vəziyyət hamını narahat edir, çünki Gürcüstan Cənubi Qafqazda ən demokratik ölkə kimi tanınırdı.

Problemlərin yaranmasında prezident M.Saakaşvilinin səhvləri də az rol oynamır. İkinci dəfə prezident seçilərkən o, Rusiya ilə münasibətlərin kəskin şəkildə korlanmasını özünün əsas səhvi kimi etiraf etmişdi. Elə bu səbəbdən bəzi müşahidəçilər Gürcüstan müxalifətinin fəaliyyətində Rusiya izlərini axtarırlar. Amma bu yanaşma özünü o qədər də doğrulmur, çünki əgər bu ölkədə Rusiyaya meylli qüvvələr varsa da, onlar çox azdırlar, müxalifətin əksər hissəsi məhz Qərbyönlüdür. Bəs onda problem nədədir?

Məsələ bundadır ki, demokrat M.Saakaşvili avtoritar meylli Saakaşviliyə uduzmaqda davam edir. Bir vaxt o, Qərbdə demokrat prezident imicini qazanmışdı. Təbii ki, Saakaşvilinin əvvəllər buna haqqı çatırdı. Qısa müddətdə o, az iş görmədi. Bunlardan ən başlıcasını – korrupsiyanın səviyyəsinin kəskin şəkildə azalmasını göstərmək olar. Müqayisə üçün deyək, məsələn, Beynəlxalq Şəffaflıq təşkilatının korrupsiyalaşma indeksində qonşu Azərbaycan 180 ölkə arasında 158, Gürcüstan isə 67-ci yerdədir.

Demokratik dövlətdə müxalifətlə iqtidar arasında daim dialoq və əməkdaşlıq olur. Saakaşvili isə bunu etmədi və indi də etmir. Düzdür, o, bir dəfə vaxtından əvvəl prezident seçkisinə razılıq vermişdi. Ən əsası odur ki, Qərbin yardımı ilə hakimiyyətə gələn demokrat Saakaşvili Qərbin real dəstəyini ala bilmədi. Gürcüstan ancaq tranzit ölkəsi kimi müəyyən gəlirlər əldə edir. Bu, isə çox azdır. Bəzən arzu ilə imkan heç də biri-birilə uzlaşmır.

Hər halda Saakaşvili öz keçmişini də unutmamalıdır. Demokratiya ilə avtoritarizm arasında «balans» axtarmamalıdır, əgər demokrat imici daşıyan prezident kimi qalmaq istəyirsə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG